Mərkəzi Elmi Kitabxana 2021-ci il ərzində ən çox müraciət olunan kitabların sihasını təqdim edir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 2021-ci il ərzində ən çox müraciət olunan fərqli mövzu və janrları əhatə edən kitabların siyahısını təqdim edir.
Siyahıda ilk pilləni Qarabağ mövzusu, tarixi, coğrafiyası, həmçinin Şuşa haqqında yazılmış nəşrlər tutub. 2020-ci ildə qazanılan böyük zəfərdən sonra bu mövzuda aparılan elmi tədqiqat işlərinin və yazılan kitabların sayı günbəgün çoxaldığı üçün, oxucular tərəfindən bu sahəni əhatə edən nəşrlərə tələbat çoxalıb. Sözügedən nəşrlər sırasında “История города Шушы (Садыхова Гюльджамал)”, “Köhnə Şuşa” Azərbaycan, rus və ingilis dillərində (Çingiz Qacar), “Şuşa şəhərinin tarixi” (Yunis Hüseynov), həmçinin bu mövzuya həsr olunmuş qəzet, jurnal materialları və s. yer alıb.
Kitabxananın fondlarına ən çox müraciət edilən kitablar sırasında növbəti pilləni Nizami Gəncəvinin müəllifi olduğu, həmçinin dahi şairin həyat və yaradıcılığı mövzusunda yazılmış nəşrlər tutub. Onların sırasında “Leyli və Məcnun”, “Nizami Gəncəvinin hikmət dünyası”, “Nizami və tariximiz” (Elməddin Əlibəyzadə), “Nizami Gəncəvi: həyatı və sənəti” (Azadə Rüstəmova), “Nizami Gəncəvi-870: məqalələr toplusu” və s. öz aktuallığı ilə seçilib.
Həmçinin oxucular tərəfindən gender bərabərliyi mövzusunda yazılan nəşrlərə də üstünlük verilib. Bunların sırasında Rəna Mirzəzadənin müəllifi olduğu “Gender: Siyasi-hüquqi təhlil”, “Gender və feminizm”, Zümrüd Quluzadənin “Gender Azərbaycanda”, həmçinin “Gender and development: the Japanese experience in comparative perspective”, “Gender: Demokratiya, Sülh mədəniyyəti,Təhsil: 2-ci Respublika elmi-praktiki konfransın materialları” və s. kitablar var.
Qeyd edək ki, beynəlxalq kitabxanalarla əlaqələrini genişləndirən Mərkəzi Elmi Kitabxanaya yerli oxucularla yanaşı, xarici ölkə vətəndaşları, kitabxanaları və təşkilatları tərəfindən də müraciətlər edilib. Müxtəlif elmi mövzuları əhatə edən nəşrlərə, elmi əsərlərə və qəzetlərə, jurnallara da tələbat çox olub.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]