azia.az
azia.az

Azadlıq prospektində təmirə başlanılıb

3-05-2016, 09:09

Azadlıq prospektində təmirə başlanılıb “Azəravtoyol” ASC tərəfindən Azadlıq prospektinin təmiri işlərinə başlanılıb.
ASC-dən verilən məlumata görə, ilkin mərhələdə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Biləcəri-Baksol avtomobil yolunun kəsişməsinədək olan 3,2 kilometrlik hissəsi təmir olunacaq. İkinci mərhələdə isə prospektin Biləcəri-Baksol avtomobil yolu ilə kəsişməsindən Binəqədi qəsəbəsinədək olan 2,6 kilometrlik hissəsinin təmir edilməsi planlaşdırılır.
Təmir işlərinin ümumi nəqliyyat vasitələrinin axınına az təsir etməsi üçün hissə-hissə və yalnız bir istiqamət üzrə müəyyən ərazidə hərəkətin məhdudlaşdırılması tətbiq olunur. Təmir işləri çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə prospektə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək. Ümumilikdə 50 min kvadratmetr ərazinin asfaltlanması planlaşdırılır.
Bundan başqa, təmir işləri zamanı səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları yenilənəcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və yol boyu köhnə səki daşları yeniləri ilə əvəzlənəcək, mövcud piyada səkiləri bərpa olunacaq.
Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək xüsusi “cib”li dayanacaqların yaradılması nəzərdə tutulub. “Cib”li dayanacaqların uzunluğun 20 metr, eni isə 3,5 metr olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi