Dönər həqiqətən ən sağlam "ayaqüstü" yeməkdir? — AÇIQLAMA
Almaniyalı qida mütəxəssisi Kristian Vayçert ayaqüstü yeməklər (fastfud) arasında orqanizm üçün ən balanslı seçimin dönər olduğunu açıqlayıb. Mütəxəssis bu qənaətə gələrkən onun tərkibindəki inqrediyentlərin paylanma nisbətini əsas götürüb.Vayçert qeyd edir ki, digər fast-fud növləri ilə müqayisədə dönər zülal, karbonhidrat və lif baxımından daha zəngindir. Xüsusilə tərkibindəki təzə kahı, pomidor, soğan və xiyar kimi tərəvəzlər orqanizmin vitamin ehtiyacını qismən qarşılayır. Ətin şaquli şişdə bişirilməsi isə artıq yağların süzülməsinə şərait yaradır ki, bu da onu qızardılmış digər ət məhsullarından daha yüngül edir.
Azia.az xəbər verir ki, dietoloq Aişə Məmmədova Demokrat.az-a açıqlamasında bildirib ki, dönərin “ən sağlam fast food” hesab olunması kontekstdən asılıdır. Klassik dönər süd məhsulları, tərəvəz və ətli tərkibi ilə digər qızardılmış fast foodlara nisbətən daha balanslı görünə bilər:
“Yəni karbohidratlar (çörək), zülallar (ət), yağlar və lifli tərəvəzlər mövcuddur. Lakin bu balans hər zaman optimal olmur, istifadə olunan ət növü, yağ miqdarı, çörək və porsiyanın böyüklüyü qida dəyərini ciddi dəyişə bilər. Çox yağlı ət artıq kalori və doymuş yağların artmasına gətirib çıxara bilər. Dönər digər populyar fast foodlarla müqayisədə müəyyən üstünlüklər göstərə bilər. Pizza və burgerlər adətən daha çox doymuş yağ, duz və işlənmiş ətlər ehtiva edir ki, bu da metabolik pozğunluqlar üçün risk yaradır. Dönər, tərəvəz, pomidor və soğan kimi təzə tərəvəzlərlə birlikdə qəbul edildikdə daha çox vitamin, mineral və lif təmin edə bilər,” – Aişə Məmmədova bildirib.
O əlavə edib ki, dönər də yüksək kalori, natrium və yağ tərkibli ola bilər, xüsusilə yanında mayonez və pendir kimi yağlı souslar varsa.
“Dönərin sağlam fast food hesab olunması onun necə hazırlandığına, hansı ət və çörək növünün seçilməsinə və porsiyanın ölçüsünə bağlıdır. Daha sağlam seçim üçün az yağlı ət, tam taxıl çörəyi, bol tərəvəz və az yağlı soslar məsləhətdir. Nəzarətsiz və tez-tez istehlak edildikdə isə dönər də digər fast foodlar kimi sağlamlıq riskləri daşıyır,” – deyə dietoloq vurğulayıb.
Yəni, dönər həmişə “sağlam fast food” sayılmır, onun faydası yalnız doğru hazırlanması və balanslı porsiya seçiminə bağlıdır.