Səudiyyə Ərəbistanı Qaşıqçı cinayətini rəsmən etiraf etməyə hazırlaşır
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçınının İstanbul konsulluğunun binasında sorğu-sual zamanı öldürüldüyünü rəsmən etiraf etməyə hazırlaşır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın CNN kanalı məlumat yayıb. Kanala adı çəkilməyən mənbələrdən bildirildiyinə görə, Ər Riyad Qaşıqçının həqiqətən elə konsulluğun binasındaca oğurlanmasının əvvəlcədən planlaşdırıldığını da qəbul edəcək. Həmin mənbələrdən biri bununla bağlı rəsmi açıqlamanın hazırlanma ərəfəsində olduğunu, bir çox dəfə dəyişdirildiyini söyləyib. Digər qaynaq isə Səudiyyə rəsmilərinin əməliyyatın guya onlardan xəbərsiz hazırlandığı və orada iştirak edən hər kəsin cəzalandırılacağı barədə gurultulu bəyanat verəcəyini deyib.
Xatırladaq ki, şahzadə Məhəmməd İbn Salmana qarşı tənqidi fikirləri ilə tanınan Camal Qaşıqçıdan oktyabrın 2-dən, Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunu yerləşdiyi əraziyə girdikdən sonra xəbər-ətər alınmayıb. Jurnalistin Ər Riyaddan gələn xüsusi qrup tərəfindən işgəncə ilə öldürüldüyü və bədəninin hissə hissə doğranaraq ölkəsinə götürüldüyü güman olunur.