İran ələ keçirilən pilotsuz katerləri ABŞ-a qaytardı
İran “Jamaran” hərbi gəmisinin ekipajı tərəfindən ələ keçirilən ABŞ-ın “Saildrone Explorer” pilotsuz gəmilərini 18 saat sonra buraxıb.
KONKRET.az “The Washington Post”a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Qırmızı dənizdə fotoşəkillər çəkən iki pilotsuz kater sentyabrın 1-də İran gəmisi tərəfindən ələ keçirilib.
Ertəsi gün ABŞ helikopterlərini göndərdikdən sonra pilotsuz gəmilər geri qaytarılıb.
Sentyabrın 1-də isə İran dövlət televiziyası dənizçilərin katerləri göyərtədən atması görüntülərini yayımlayıb.
Qeyd edək ki, “Saildrone Explorer” günəşlə işləyən və dəniz trafikinə nəzarət etmək üçün avadanlıqla təchiz edilmiş pilotsuz yelkənli katerdir.
ABŞ İranın bu hərəkətlərini nüvə sazişi üzrə danışıqlar fonunda təxribat kimi qiymətləndirib.
Xatırladaq ki, İran və ABŞ arasında Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üçün danışıqlar davam edir. Sentyabrın 2-də İran Xarici İşlər Nazirliyi danışıqlar çərçivəsində ABŞ-ın təkliflərinə konstruktiv cavab verəcəyini açıqlayıb.