azia.az
azia.az

ABŞ üçün kritik iki gün – dünyanın gözü Amerikada

7-11-2016, 09:36

ABŞ üçün kritik iki gün – dünyanın gözü Amerikada
Sabah fövqəldövlətin növbəti sükançısının adı bəlli olacaq; məğlub rəqib qalibi təbrik edəcəkmi?

ABŞ-da prezident seçkilərinə iki gün qaldı. Noyabrın 8-də ABŞ-da ölkəni növbəti 4 ildə idarə edəcək şəxs seçiləcək. Qeyd edək ki, artıq erkən səsvermənin mümkün olduğu 37 ştatda və Kolumbiya dairəsində 30 milyondan çox seçici səs verib. Ümumilikdə isə ölkədə 225,8 milyon seçici var.

Məlum olduğu kimi, dünyanın bir nömrəli dövlətinin birinci şəxsi uğurunda 4 nəfər namizəd mübarizə aparsa da, ənənəvi olaraq əsas iddialılar Demokrat Partiyasından Hillari Klinton, Respublikaçılar Partiyasından Donald Trampdır. Seçki gərgin atmosferdə keçib və hətta saxtakarlıq ittihamları olub. D.Tramp saxtakarlıq olacağı təqdirdə nəticələri tanımayacağını bildirib. Bundan başqa seçkilərə az müddət qalmış Federal Təhqiqatlar Bürosu H.Klintonun dövlət katibi olduğu zaman yazdığı elektron məktublarla bağlı qalmaqalın istintaqını yenidən bərpa etmək qərarı verib.

Bazar günü Nevada ştatında seçicilərlə keçirdiyi görüşdə Donald Trampa sui-qəsd cəhdi olub. Hələlik hadisənin motivi bilinməsə də, kadrlardan görünür ki, çıxışın ortasında xüsusi xidmət əməkdaşları səhnəyə çıxaraq Trampı çiyinlərindən yapışaraq səhnənin arxasına aparırlar. Daha sonra isə bir nəfərin həbs görüntüləri yayılıb.

Image result for Trump Hillary

Bütün bunlar seçki prosesinə təsir edən amillərdir. Siyasi şərhçi Şahin Cəfərlinin fikrincə, seçkiyə iki gün qalmasına baxmayaraq, proseslər sürətlə cərəyan edir və ciddi olaylar baş verir: “Amerikadakı seçki yarışının startında Hillari Klinton açıq favorit idi, lakin finişə yaxınlaşdıqca məlum oldu ki, Donald Trampı ciddiyə almaq lazımdır. Xüsusən Federal Təhqiqatlar Bürosunun (FBİ) Klintonun dövlət katibi olduğu dövrdə rəsmi yazışmalarını şəxsi elektron poçtu vasitəsilə aparmasına dair iş üzrə yeni dəlillərin əldə olunduğunu və bunun əsasında araşdırmanın yenidən başladığını açıqlaması Tramp üçün xoş sürpriz oldu. Demokratların düşərgəsində şok yaradan bu açıqlamadan sonra keçirilən rəy sorğularında namizədlər arasında fərqin azaldığı, hətta bəzi sorğularda respublikaçı namizədin öndə olduğu ortaya çıxdı. Lakin bunlar ilk şokun təsiri altında keçirilən sorğular idi və sonrakı günlər aparılan sorğular göstərdi ki, Klinton mövqelərini tədricən bərpa edir. ABC telekanalı ilə ”Washington Post"un keçirdiyi ən son sorğuya əsasən Klinton Trampdan 5 faiz öndədir - 48%-ə qarşı 43%".

Ş.Cəfərli deyir ki, ABŞ-ın seçki sisteminin özəllikləri nəzərə alındıqda, ümummilli miqyas daşıyan rəy sorğularının nə dərəcədə etibarlı və inandırıcı olduğu məsələsində suallar yaranır. Bu səbəbdən də ekspertə görə, sorğuların yekun nəticə barədə fikir bildirmək üçün ciddi əsas vermədiyini düşünür.

Yeri gəlmişkən, ABŞ seçki sisteminə görə, prezident seçkiləri zamanı hər ştatda əhali sayına görə, nümayəndələr seçilir. Hər ştatda seçicilər birbaşa namizədlərin özlərini deyil, onların nümayəndələrini seçir. Daha sonra isə o nümayəndələr prezidenti seçir. Bu mənada son Konqres seçkilərində hansı ştatda, hansı partiyanın nə qədər gücünün olması o ştatdan prezident seçkilərində nə qədər nümayəndə seçiciləcəyi ilə bağlı fikir yaradır. Bu baxımdan Şahin Cəfərlinin fikrincə, ABŞ-da ştatların əksəriyyətinin seçimi qabaqcadan məlumdur, hansı ştatın demokratları, hansı ştatın respublikaçıları dəstəklədiyi bəllidir: “Yəni məsələn, Nyu-Yorkda keçirilən rəy sorğusunun bir anlamı yoxdur, çünki burada seçicilərin əksəriyyəti demokratları dəstəkləyir.

Image result for Trump Hillary

Yaxud Texasda aparılan rəy sorğusu da vacib deyil, adətən bu ştat ənənəvi olaraq respublikaçılara səs verir. Əlbəttə, sürprizləri heç vaxt istisna etmək olmaz, amma bu ehtimal çox aşağıdır. Ona görə də hazırda qəti seçimini etməmiş, iki namizəd arasında fərqin minimal olduğu ştatlar həlledici önəmə sahibdir. Bu ştatlar arasında prezidenti seçəcək 538 nəfərdən ibarət seçicilər kollegiyasına 29 nümayəndə göndərəcək Florida, 20 nümayəndə göndərəcək Pensilvaniya, 18 nümayəndə göndərəcək Ohayo və 15 nümayəndə göndərəcək Şimali Karolinada səsvermənin nəticələri güman ki, yeni prezidenti müəyyən edəcək.

Bu 4 ştatda amansız mübarizə gedir və son günlər hər iki namizəd bütün gücünü məhz bu ştatlardakı təbliğata sərf edib. Hillari Klintonun çox nüfuzlu təbliğatçıları var - həyat yoldaşı, sabiq prezident Bill Klinton, hazırkı prezident Barak Obama və onun həyat yoldaşı Mişel Obama, demokratların prezidentlik yarışında önə çıxmış senator Berni Sanders son günlər qeyd olunan ştatlarda təbliğat aparırlar.

Trampın bu baxımdan bəxti o qədər də gətirməyib. Onun nüfuzlu təbliğatçıları sırasında ABŞ Nümayəndələr Palatasının sədri Pol Rayanı və digər respublikaçı siyasətçiləri göstərə bilərik. Mövcud tablo göstərir ki, H.Klinton bu 4 ştatın 3-də qalib gələrsə, prezident seçiləcək, hətta ola bilsin, Florida və Pensilvaniyada qələbə kifayət etsin. D.Trampın isə seçilmək üçün bu 4 ştatın hamısında qələbəyə ehtiyacı var. Bu, çox çətin vəzifə kimi görünsə də, son günlər respublikaçı namizədin yüksəliş trendinə girməsi nəzərə alınarsa, bunu istisna etmək olmaz. Əslində seçilsə də, seçilməsə də, Donald Tramp fenomeni uzun müddət ABŞ-da müzakirə və araşdırma mövzusu olacaq”.

Image result for Şahin CƏfərli

Qeyd edək ki, ümumi səsvermə noyabrın 8-də baş tutacaq. Bundan sonra müəyyən müddətdən sonra seçkinin yekun nəticələri elan olunacaq. Ancaq ABŞ-ın yeni seçilmiş prezidenti iki aydan sonra, yəni növbəti ilin yanvarında, bir qayda olaraq 20-də and içərək vəzifəsinin icrasına başlayır.

Bundan sonra keçmiş prezident xələfinə Ağ Evə dəvət edir, onu növbəti 4 ildə yaşayacağı və işləyəcəyi otaqlarla tanış edir. Mütəxəssislərə görə, artıq uzun illərdir davam edən bu qayda davam edir. Bu səbəbdən hər nə qədər seçki kampaniyasındakı gərgin atmosfer müşahidə olunsa belə, Tramp seçiləcəyi təqdirdə Obama onu qarşılamalı olacaq. Bu, bir növ demokratiya ənənəsidir. Ən maraqlısı isə rəqiblərin bir-birini təbrik edib-etməyəcəyidir...(musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi