Zelenski Ərdoğana niyə “yox” dedi? – “Ukrayna danışıqlara yalnız bu halda razılaşacaq”
Lvov görüşündə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Ukraynanı Rusiya ilə masaya oturmağa çağırıb. Ukrayna lideri Zelenski isə bunun yalnız rus ordusunun bütün ərazilərindən tam çıxarılmasından sonra mümkün ola biləcəyini bəyan edib.
Tərəflərin eyni masaya oturması nə zaman mümkün olacaq?
Bununla bağlı siyasi şərhçi Şahin Cəfərli deyib ki, Ukraynanın bu istiqamətdə qəti mövqeyi doğru strategiyadır:
“Müharibə nə qədər uzanırsa uzansın, bu mövqedən geri çəkilmək olmaz. Erməni işğalından fərqli olaraq, Rusiyanın Ukraynadakı işğalı sırf torpaq uğrunda olan bir mübarizə deyil. Burada işğalçı tərəfin təməl hədəfi ümumən Ukrayna milli dövlətini və Ukrayna milli identikliyini yox etməkdən, tarixdən silməkdən ibarətdir”.
Ekspert qeyd edib ki, müharibənin dayandırılması və mövcud durumda dondurulması Ukraynanın məhvi ilə nəticələnə bilər:
“Ukrayna dövləti və xalqı bunu dərk etdiyi üçün sona qədər döyüşməyə qərar veriblər”.
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, burada Ukraynanın deyil, Rusiyanın atacağı addım vacibdir:
“Ona görə də Rusiya ilk olaraq Ukrayna ərazisindən çıxmalıdır. Ukraynanın dəqiq və müasir silahlarla təchiz olunması, cəbhədə müəyyən uğurları Moskvanı danışıqlarda maraqlı edə bilər. Məhz bu nöqteyi-nəzərindən Moskva Kiyevlə danışmaq istəyir. İndiki şərtlər daxilində Kiyevin danışıqlara getməsi intihar olar. Əgər tərəflər danışıqlarda razılaşarsa, bu, Türkiyədə keçiriləcək. Lakin Moskva ordusunu geri çəkməyincə, müharibə daha şiddətli davam edəcək. Görünür, Ərdoğan Zelenskiyə danışıqlarda irəliləyişin olacağına söz verib, amma, Kiyev Moskvaya etibar etmir”.