"Məndə olan məlumata görə, Rusiya Ukraynaya hücum..."
"Hücum üçün bütün hazırlıqların tamamlandığı mənzərəsi yaransa da, məndə olan məlumata görə, işğal planı üzərində iş getmir".
Bunu Milli.Az-a açıqlamasında Ukrayna Diplomatiya İnstitutunun eksperti Nikolay Spiridonov deyib.
Ukraynalı politoloq bildirib ki, Ukraynanı Minsk razılaşmalarına əməl etməyə məcbur etmək istəyirlər:
"Artıq ABŞ rəsmiləri belə Rusiyanın işğal əməliyyatı planını açıqlayıb. İşğal prosesinin bu həftə başlayacağını qeyd edirlər. Amma bütün bunlar informasiya isteriyasının yeridilməsinin davamıdır. Xarici ölkə diplomatlarının Ukraynanı tərk etməsi isə sadəcə bu prosesin zərbələrindən biridir.
Hücum olarsa, Ukrayna işğalı dəf etməyə hazır deyil. Rusiya ordusu nəzərəçarpacaq dərəcədə güclüdür. Lakin mən heç bir işğal gözləmirəm. Ortada gərginlik artırılması nəticəsində və şantajın köməyi ilə Ukraynanı onun üçün əlverişsiz olan Minsk razılaşmalarına əməl etməyə məcbur etmək cəhdi var. Dünya liderləri bu prosesdə iştirak etmək üçün davamlı olaraq Ukraynaya gəlirlər.
Bu, bir daha təsdiqləyir ki, heç bir hücum olmayacaq, çünki danışıqlar davam edir. Və nəticədə, işğal planı uğursuzluqla nəticələnsə, belə bir mənzərə yaranacaq ki, güya Putini və Rusiyanın təcavüzünü cilovlayan Bayden və ya Makron oldu. Onlar da bunu öz uğurları kimi təqdim edəcəklər".