azia.az
azia.az

Rusiya rublun devalvasiyasına hazırlaşır

11-02-2016, 12:43

Rusiya rublun devalvasiyasına hazırlaşır Dolların bir rubl artımı xəzinəyə 30-40 milyard rubl ziyan gətirəcək.

Rusiya hökuməti rublun zəifləmə imkanlarını müzakirə edir.
Vəziyyətlə tanış olan iki agentlik bu məsələnin neftin qiymətinin aşağı düşməsindən yaranan zərərlər üçün büdcəni kompensasiya etmək məqsədilə qaldırıldığını bildirib. Rusiya Maliyyə Nazirliyi bu informasiyanı şərh etməkdən imtina edib. Eyni zamanda, nazirlikdə olan mənbə Reuters-ə bildirib ki, neftin cari qiyməti və dolların bir rubl artımı xəzinəyə 30-40 milyard rubl ziyan gətirəcək.
Keçən ay Rusiyanın baş naziri Dmitri Medvedyev Rusiya iqtisadiyyatı ilə bağlı son on ildə ən ciddi çağırışlar edib. Baş nazir bu haqda Qaydar Forumunda çıxışı zamanı danışıb. Onun sözlərinə əsasən, neftin qiymətinin aşağı düşməsi Rusiya iqtisadiyyatında çətin vəziyyətlər yaradıb. Baş nazir hələ ki, vəziyyətin idarəolunan nöqtədə olduğunu ifadə edib.
Medvedyev neftin qiymətinin daha da aşağı düşməsi ilə bağlı büdcənin yenidən nəzərdən keçirilməsinin lazım gələcəyini də qeyd edib. "Ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Bizim bütün istiqamətlərdə hazırladığımız planlar öz nəticəsini verir. Bizim qarşımızda duran vəzifə bu idi - iqtisadiyyatın, istehsalın azalmasının qarşısını almaq. İndi deyə bilərəm ki, iqtisadiyyatın aşağı düşməsi və istehsalın azaldılması dayandırılıb", - deyə Medvedyev çıxışı zamanı əlavə edib.
Qeyd edək ki, Rusiyada iqtisadi vəziyyət ötən ilin dekabr ayında baş verən devalvasiya və inflyasiyadan sonra aşağı düşüb. Ümumiyyətlə, rusların real gəlirləri noyabr ayında 5,4% azalıb. Rusiya iqtisadiyyatına eyni zamanda Türkiyəyə qoyulan sanksiyalar da təsir göstərib. Rusiya və Türkiyə arasında belə gərgin münasibətlər noyabrın 24-dən sonra yaranmağa başlayıb. Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyanın Su-24 təyyarəsini vurub. Türkiyə tərəfi bunu hava məkanının pozulduğuna görə etdiyini desə də, Rusiya həmin iddiaları rədd edərək bunu "arxadan vurulan zərbə" adlandırıb.
Elə bu səbəbdən də Rusiya Türkiyəyə qarşı bir sıra sanksiyalar hazırlayıb. Sanksiyalar yanvarın 1-dən qüvvəyə minib. Belə ki, yeni ildən ölkəyə Türkiyə məhsullarının gətirilməsi qadağan edilib, çarter avireysləri ləğv edilib, vizasız gediş-gəliş dayandırılıb, Rusiya biznesmenlərinə türk vətəndaşlarını işə götürmək qadağan olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi