azia.az
azia.az

Növbəti şahmat partiyası: ABŞ-ın Taliban üzərindən yeni planı...

18-08-2021, 11:33

Növbəti şahmat partiyası: ABŞ-ın Taliban üzərindən yeni planı...
Əfqanıstanda baş verən son proseslərlə bağlı verilən açıqlama və təhlillərdə bir çox hallarda tələskənliyə və səthi yanaşmaya yol verilir. Halbuki bu proseslər səbəbsiz deyil və çox mürəkkəb geosiyasi və geoiqtisadi qarşıdurmanı hədəf alır.

Bu sözləri Azia.az-a siyasi ekspert Vüqar Zifəroğlu Əfqanıstanda baş verən son siyasi prosesləri şərh edərkən deyib.

O bildirib ki, Əfqanıstan Çinin 2013-cü ildən planlaşdırdığı və 2049-cu ildə bitirməyi hədəflədiyi "Bir kəmər, bir yol" layihəsində önəmli nöqtədir:

“ABŞ Əfqanıstandan çıxdığını elan etdikdən sonra uzun müddətdir Çini açıq şəkildə hədələyən Taliban surətlə Əfqanıstan üzərində nəzarəti ələ keçirdi. Bu isə bütünlükdə Mərkəzi Asiyanı hədəf taxtasına çevirir.

Mərkəzi Asiya sözügedən layihədə həyati önəm daşıyır. Bu zaman regionda marağı olan ayrı-ayrı ölkələrin hədəflərinin ciddi şəkildə toqquşmasını görürük.

Məsələ ondadır ki, ABŞ Mərkəzi Asiyada Əfqanıstan üzərindən Talibanı irəli çəkir. Bu o Talibandır ki, yaradıcıları ötən əsrin 70-ci illərin sonu, 80-ci illərin əvvəllərindən başlayaraq məhz silahlı islami qruplaşma liderləri kimi SSRİ-yə qarşı ABŞ-ın dəstəyi ilə mübarizə aparırdı. İndi isə həmin Taliban Çinin Mərkəzi Asiya həmləsinə qarşı Vaşinqtonun dəstəyi ilə rəsmi Pekinlə mübarizə aparacaq”.

Ekspert Talibanın başına hərəkatın Qətər nümayəndəliyinin rəhbərinin gətirildiyini vurğulayıb:

“Qətər Yaxın Şərqin ən kilid ölkəsi, ABŞ-ın strateji müttəfiqidir. Bundan başqa ABŞ Qətər ərazisində ən çox hərbi kontingenti olan ölkədir. Yəni rəsmi Vaşinqton talibləri məhz Qətər vasitəsilə nəzarətdə saxlamağı planlaşdırır. Amma Qətər həm də Türkiyənin ən önəmli müttəfiqidir. Buraya ABŞ-ın Yaxın Şərqdə strateji iki müttəfiqi - Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının Talibanı tanıyacaqları ilə bağlı mövqelərini də əlavə etmək lazımdır. Qətərdən fərqli olaraq bu iki ölkənin Türkiyə ilə münasibətləri ziddiyyətlidir. Türkiyə isə "Bir kəmər, bir yol" layihəsini dəstəkləyir. Türkiyə həm də Pakistanla müttəfiqdir. Pakistan həm də Çinlə yaxın strateji müttəfiqdir və sözügedən layihəni tam dəstəkləyir. Eyni zamanda Talibanla münasibətləri normaldır, talibləri tanıya biləcəkləri ehtimalı realdır. Burada isə Çinin də dəstəyi ilə Mərkəzi Asiyada Pakistanın artan nüfuzuna qarşı Hindistanı irəli çəkən Rusiya və İran yada düşür. Həmin Rusiya və İranın isə ənənəvi olaraq sözügedən bölgə üzərində təsir imkanları var”.

Ekspertin sözlərinə görə, rəsmi Moskva Mərkəzi Asiyanın qarışmasında maraqlı deyil:

“Məsələ ondadır ki, həmin bölgədə Əl-Qaidə dəstəkçisi olan kifayət qədər passiv hücrələr var, bu hücrələlərin aktivləşməsi zaman məsələsidir. Növbəti mərhələdə prosesin Şimalı Qafqaza keçməsi də realdır. İran isə zatən etnik ərəblər və bəluclar yaşayan bölgədə sıxıntı çəkir (bir neçə gün bundan əvvəl Xuzistanda yaşanan və tezliklə bütün ölkə üzrə öz təsirini göstərmiş su qiyamı buna əyani sübutdur, əlavə olaraq məzhəb faktoru işə düşür), Pakistan isə etnik bəluclara (məzhəbsəl və etnik faktor) dəstək verir. Lakin həm Rusiya, həm İran eyni zamanda Çinin "bir kəmər, bir yol" layihəsində maraqlıdırlar. Onlar Türkiyə ilə də müttəfiqdirlər (Astana formatı). Baxmayaraq ki, yuxarıda da qeyd etdiyimiz kimi, bu layihədə önəmli oyunçu, Çinin tam dəstəklədiyi, Türkiyənin yaxın müttəfiqi Pakistana qarşı Hindistanı dəstəkləyirlər.

Beləliklə, mürəkkəb şahmat partiyasını xatırladan gedişlərlə müşayiət olunan bu oyunda hər fiqurun öz marağı var. Kimin şah, kimin vəzir, kimin piyada olduğu isə yaxın bir ayda bəlli olacaq. Sadəcə, unutmaq olmaz ki, şahmatda piyada vəzir də ola bilir və rəqibin şahının "mat" vəziyyətinə düşməsinə səbəb olur. Xatırlatmaq istərdim ki, 2011-ci ildə Yaxın Şərqdə Ərəb baharı başladılanda da hədəflər başqa idi, nəticə tam əksi oldu”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi