azia.az
azia.az

Qətər niyə hədəf oldu: yüzmilyardlıq oyun – Təhlil

28-08-2017, 17:45

Qətər niyə hədəf oldu: yüzmilyardlıq oyun – Təhlil


Qətər diplomatik böhran ucbatından İranla sıx əlaqələr yaratmaq məcburiyyətində qalıb.

Bu sözlər amerikalı ekspert Piter Stüartın “İnterfaxenergy.com” saytında dərc olunan məqaləsində yer alıb. O, dünyanın ən böyük yataqlarından biri olan “Şimal/Cənub Parsın” Qətərlə İranın ortaq yatağı olduğunu bildirib.

Stüartın məqaləsini müxtəsər şəkildə təqdim edirik:

Qətər indiyə qədər hər zaman Səudiyyə Ərəbistanını İrana qarşı fəaliyyətində dəstəkləyib. Buraya Yəmənlə müharibə də daxildir. O, Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanının yer aldığı Fars Körfəzinin Ərəb Dövlətləri Şurasına yarandığı gündən üzv olub.

Səudiyyə Ərəbistanı və digər dövlətlərin Qətərlə diplomatik münasibətləri kəsmək haqqında qərarı çox böyük yatırım edilmiş siyasi oyundur. Bu oyun istənilən vaxt nəzarətdən çıxa bilər. İran artıq Qətərin blokadasına Dohaya dəniz və hava yolu ilə ərzaq göndərməklə, eləcə də öz hava məkanını 100-ə yaxın Qətər aviareysi üçün açmaqla reaksiya verib. Bu isə iki ölkəni bundan sonra yaxınlaşdıra bilər.

Doğrudur, Səudiyyə Ərəbistanı və müttəfiqləri blokadaya başladıqdan bir neçə gün sonra üçüncü ölkələrin aviaşirkətlərinə Qətərə uçuşlar həyata keçirmək üçün öz hava məkanlarından istifadəyə izn verdilər. Lakin əgər bundan sonra münasibətlər kəskinləşsə, onun təsirləri digər sahələr və bazarlar üçün genişmiqyaslı olacaq.

BP-nin dəyərləndirməsinə əsasən, İran və Qətərin ortaq yatağı olan “Şimal/Cənub Pars” yatağı ümumilikdə 51 trilyon kubmetr qaz ehtiyatına malikdir. Bu isə Yaxın Şərqin ümumi qaz rezervlərinin dörddə üç hissəsi deməkdir. Adıçəkilən yatağın ehtiyatlarının 33,5 trilyonu İranın, 24,3 trilyonu isə Qətərin payına düşür.

Qətər mayeləşdirilmiş təbii qazın ixracına görə dünya liderləri sırasındadır. 2016-cı ildə Doha 181,2 milyard kub metr qaz istehsal edib ki, bunun da 41,7 milyard kub metri daxili tələbata yönəldilib. İxrac edilən qazın miqdarı 104,4 milyarda çatıb və bu qazın yalnız 20 milyard kubmetri boru kəmərləri vasitəsilə tədarük olunub. İranın hasilatı isə 202,4 milyard kub metrə çatıb. Tehranın daxili tələbatı 200 milyard kub metrdən bir qədər çox olub. Ölkənin hasil etdiyi qaz yalnız boru kəmərləri ilə ixrac edilib.

Blokada ucbatından Qətər indi ixrac marşrutlarını dəyişmək məcburiyyətindədir. Perspektivdə Doha spot bazarında daha çox qaz satmalı olacaq ki, bu da ona sərf edir. Səudiyyə Ərəbistanını dəstəkləyən Misir və Birləşmiş Ərəb Əmirlikləri (xüsusilə Dubay əmirliyi) buna görə yeni qaz tədarükçüsü axtara bilərlər. Onların imtina etdiklər qazın isə Qərbi Avropaya göndərilməsi mümkündür.

Hazırkı mərhələdə diplomatik səylərin bu böhranın tez bir zamanda həllinə yardım edəcəyi aydın deyil.

Qətər-İran qaz sahəsi nədir?

Pars yatağı İran-Qətər qaz sahəsinə aiddir. Bu yataqlar Fars körfəzinin ortasında yerləşir. İran tərəfi Pars yatağının öz sahəsinə düşən hissəsini Cənubi Pars, Qətər tərəfi isə Şimali Günbəz adlandırır. Yataqda ümumilikdə qazla yanaşı 7 milyard ton neft də var. Ayrı-ayrılıqda isə Şimali Günbəzdə 4,3 milyard ton, Cənubi Parsda isə 2,7 milyard ton neft mövcuddur.

Qətər böhranı necə başladı?

İyun ayının əvvəllərində ilkin olaraq 7 islam ölkəsi (həmçinin Mavriki) Qətərlə əlaqələrini dayandırıb. Bu işdə xüsusilə, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri rol oynayıb. Əlaqələrin dayandırılmasına səbəb kimi Qətərin terrorçulara verdiyi dəstək göstərilib. Xüsusən Birləşmiş Ərəb Əmirlikləri Qətəri Müsəlman Qardaşları ilə əlaqədə günahlandırıb.

Artıq məsələyə başqa dövlətlər də reaksiya verib. Qətər və Səudiyyə Ərəbistanı ilə kifayət qədər yaxın olan Türkiyə bu münasibətlərin pozulmasından təəssüf etdiyini açıqlayıb. İran isə tərəfləri dialoqa çağırıb. Ən maraqlı açıqlamalar ABŞ və İsraildən gəlib. İsrail Müdafiə naziri Aviqdor Liberman tərəflər arasında baş verən fikir ayrılıqlarının Tel-Əviv üçün yeni imkanlar açdığını söyləyib. ABŞ isə təcili şəkildə fikir ayrılığının ortadan qaldırılmasını tələb edib.

Qətər böhranı ABŞ-ın Yaxın Şərq əməliyyatlarına da təsir etməyib. Maraqlı məqam odur ki, ABŞ-ın Yaxın Şərqdə ən böyük bazalarından bir məhz Qətərdə yerləşir. Vaşinqton Qətərdə 10 minlik ordu saxlayır. Amerikalılarla yanaşı bölgədə artıq Türkiyə də hərbi baza yaradıb.

Qətərdən tələblər

Artıq ərəb dövlətləri Qətərə qarşı tələblərini irəli sürüblər. Diplomatik münasibətlərin bərpası üçün irəli sürülən tələblər 13 maddədən ibarət olub. Bunlar aşağıdakı kimidir:

1. İranla diplomatik əlaqələrini kəs və İrandakı ofislərini bağla. İran İnqilab Keşikçiləri Korpusu üzvlərini Qətərdən çıxart. İranla hərbi əməkdaşlığı dayandır. İranla ticarətdə ABŞ sanksiyalarına tabe ol;

2. Müsəlman Qardaşları, İŞİD, Əl Qaidə və Livan Hizbullahı kimi terrorçu təşkilatlarla əlaqəni kəs. Rəsmi olaraq bu strukturları terrorçu elan et;

3. “Əl-Cəzirə”ni bağla;

4. “Ərəbi21”, “Rassd”, “Əl-Ərəbiyə”, “Əl-Cədid” və “Middl İst Ay”da daxil olmaqla, Qətər fondu olan media kanallarını bağla;

5. Türkiyənin Qətərdəki hərbi bazasını bağla. Qətər torpağında Türkiyə ilə hərbi əməkdaşlığı bitir;

6. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Bəhreyn, ABŞ, Kanada və digər ölkələr tərəfindən terrorçu olaraq görülən şəxslər, qruplar və təşkilatlara dəstəyini dayandır;

7. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn tərəfindən axtarılan terrorçuları təslim et. Onların addımları və maliyyə vəziyyətləri ilə əlaqədar istənilən məlumatları paylaş;

8. Başqa ölkələrin daxili işlərinə qarışma. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn vətəndaşlarına Qətər vətəndaşlığı vermə. Qətər vətəndaşlığı olanların öz ölkələrinin qanunlarını pozmaları qarşılığında pasportlarını ləğv et;

9. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyndəki müxalif qruplarla bütün əlaqələrini kəs. Qətərin bu qruplarla əvvəlki əlaqələri və bu qruplara təqdim etdiyi dəstəyin bütün sənədlərini təslim et;

10. Qətərin siyasətinə görə son illərdə yaşanan can və mal itkiləri üçün təzminat ödə;

11. Hərbi, siyasi, ictimai və iqtisadi cəhətdən digər Körfəz və ərəb ölkələriylə 2014-cü ildə Səudiyyə Ərəbistanında müəyyən edilən səviyyədə əlaqə yarat;

12. Bütün tələblər Qətərə çatdıqdan sonra 10 gün ərzində qəbul edilməzsə, tələb siyahısı etibarsız sayılacaq. Bu sənəd Qətərin tələbləri qəbul etməməsi vəziyyətində tələb qoyan ölkələrin nə edəcəyini bildirməyəcək;

13. Tələblərin qəbulundan sonra ilk il üçün aylıq yoxlamalara razı ol.

axar.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi