Müxalif bloqer havada “ovlandı”, Avropa Belarusla hava əlaqəsini kəsdi
Müxalif NEXTA telegram-kanalının redaktoru, jurnalist-bloqer Roman Protaseviçin Belarus üzərindən uçan sərnişin təyyarəsinin MiQ-29 qırıcısının təhdidi ilə yerə endirilərək həbs edilməsi Minskə qarşı sərt qadağalara gətirib çıxarıb. Virtualaz.org xəbbər verir ki, Avropa İttifaqı Belarusla hava sərhədlərini tam bağladığını elan edib və bütün aviaşirkətlərə bu ölkənin hava məkanından uçuşlar etməmək tapşırğı verib. Eləcə də Belarusun aviaşirkətlərinin Avropa məkanında uçuşları qadağan edilib. İttifaqa üzv 27 ölkənin liderləri habelə Belarusa qarşı yeni iqtisadi sanksiyalara qərar veriblər.
Bazar günü Belarus Afinadan Vilnüsə uçan təyyarədə bomba olması iddiası ilə havaya qırıcı qaldırtdırıb və təyyarə enəndən sonra onun göyərtəsində olan belaruslu müxalifyönümlü jurnalist və icitmai fəal, 26 yaşlı Roman Protaseviç saxlanılıb.
Belarus mətbuatı MİG-19 qırıcılarının müşayiətilə yolu dəyişdirilən təyyarənin göyərtədə "bomba olması xəbərdarlığına görə" məcburi eniş etdiyini yazıb. Lakin "Ryanair" şirkətinə məxsus olan təyyarədə partlayıcının tapılmadığı bildirilir.
Roman Protaseviç Belarusda ötən ilki prezident seçkilərindən sonra başlayan etiraz hərəkatının fəallarından biridir və hakimiyyət onu “ekstremizmdə” ittiham edir. Protaseviç həbs olunduqdan bir gün sonra kamera qarşısına çıxarılıb etirafedici ifadələr verib, özünü günahkar saydığını bildirib və müstəntiqlərlə əməkdaşlıq etdiyini deyib.
TASS xəbər verir ki, Avropa İttifaqının qərarından sonra dünyanın əksər iri aviaşirkətləri Belarus üzərindən uçuşları ləğv ediblər. Fransanın “Air France”, Finlandiyanın “Finnair”, Sinqapurun “Singapour Airlines” şirkətləri və digərləri artıq belə qərarlar veriblər. Hətta Qazaxıstanın “Air Astana” aviaşirkəti də Belarus üzərindən uçuşları dayandırıb. O cümlədən Ukrayna Belarusla hava sərhədlərini bağladığını elan edib. Litva və Latviya isə Belarus diplomatlarını ölkədən xaric etməyə başlayıb.
ABŞ prezidenti Cozef Bayden də bloqerin mülki təyyarənin məcburi yerə endirilməsi yolu ilə həbs edilməsinə görə Belarusa qarşı tədbirlər görəcəyini bildirib.
Gözlənilir ki, bu gün Belarus prezidenti Aleksandr Luşanko baş verənlərlə bağlı xalqa müraciət edəcək.