Bu ölkələrdə koronavirus qeydə alınmayıb SİYAHI
Bu ölkələrdə koronavirus qeydə alınmayıb SİYAHI
Türkmənistan, Şimali Koreya və 4 Sakit okean ölkələri – Vanuatu, Nauru, Tonqa və Solomon adalarında koronavirus aşkarlanmayıb.
“Report” xəbər verir ki, bu barədə məlumatı Norveçin VG nəşri yayıb.
Oslo Universitetinin Koreya üzrə mütəxəssisi Vladimir Tixonov fikrincə, Şimali Koreya koronavirusun aşkarlanmadığını vurğulasa da, mətbuatdan az da olsa, məlumat çıxartmaq olar:
“Şimali Koreya KİV-nə inansaq, ölkədə təxminən 10 min vətəndaş və 350 xarici vətəndaş təcrid edilmişdi. Hazırda onların əksəriyyətini buraxıblar. Bu məlumat və ölkədən qaça bilən ailələrin danışdıqlarına görə, belə qənaətə gəlmək olar ki, Şimali Koreyada koronavirusa yoluxan çox olub. Axı bu ölkənin Çinlə sıx ticarət münasibətləri olub”.
Alimin sözlərinə görə, Çində koronavirus aşkarlanan kimi Şimali Koreya sərhədləri bağlayıb:
“Bəzi məlumatlara görə, ticarəti gizlincə davam etmək istəyənlər edam edilib. İnfeksiya daşıyıcısı olmaqda şübhəli bilinən hər kəs karantinə yerləşdirilib. Görünür, bu tədbirlər işə yarayıb: onlar koronavirusun öhdəsindən gələ biliblər”.
Nəşrin yazdığına görə, Şimali Koreyanın qapalı ölkə olması hər kəsə məlumdur, ancaq Türkmənistan haqqında çox adam danışmır.
Bildirilib ki, Mərkəzi Asiya ölkəsi heç Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyətini də ölkəyə buraxmayıb.
“Orada yoluxanların sayını qiymətləndirmək çətindir, çünki ölkə bizim üçün qəti şəffaf deyil. Onlar heç ÜST-ni belə ölkəyə buraxmayıblar. Bu, mənim fikrimcə, onu göstərir ki, ölkədə yoluxanlar var”, - Norveçin Beynəlxalq Münasibətlər İnstitutunun araşdırmaçısı Roman Vakulçuk nəşrə bildirib.
Bununla belə, onun fikrincə, Türkmənistanda koronavirusa yoluxanların sayı çox deyil:
“Ora gündəlik bir cüt aviareyslər gerçəkləşdirilir. Bu virusun alovlanmasının qarşısını kəsir”, - R.Vakulçuk vurğulayıb.
Araşdırmaçının fikrincə, yoluxanların sayı artarsa, Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov beynəlxalq yardım almaq üçün hərəkətə keçəcək, çünki ölkənin səhiyyə sistemi xəstəliyin alovlanması ilə mübarizəyə heç hazır deyil.
“Başlanğıc üçün onların potensialı var, yəni azsaylı yoluxanların öhdəsindən gələ biləcəklər. Səhiyyə sistemi buna dözə biləcək. Ancaq yoluxanların sayı artarsa, resurslar çatmaya bilər”, - institutun eksperti bildirib.