azia.az
azia.az

Müstəqillik Azərbaycan xalqının milli sərvətidir

24-05-2019, 15:18

Müstəqillik Azərbaycan xalqının milli sərvətidir
Ulu Öndər Heydər Əliyev: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”
Müstəqil Azərbaycan Respublikasının yaradılması ilə əlaqədar qəbul olunmuş 28 may 1918-ci il tarixli İstiqlal Bəyannaməsində tam müstəqil, bütün millətlər, xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışan, xalqı suveren hüquqlara malik, öz sərhədləri daxilində millətindən, dinindən, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, vətəndaşların vətəndaşlıq və siyasi hüquqlarını təmin edən, onların azad inkişafı üçün geniş imkanlar yaradan dövlətin qurulması bütün dünyaya bəyan edilmiş və qeyd olunan prinsiplər yeni dövlətin siyasi quruculuğunun və gələcək inkişafının əsas istiqamətləri kimi təsbit olunmuşdur.
Fəaliyyət göstərdiyi 23 ay ərzində Xalq Cümhuriyyəti müstəqil dövlətin atributlarından biri kimi Milli pul vahidini dövriyyəyə buraxmış, Dövlət Bankı yaradılmış, milli ordunu formalaşdırmış və xarici siyasət sahəsində dövlətin müstəqilliyinin tanınması istiqamətində mühüm əhəmiyyətli addımlar atmış və dünyanın 23 dövləti tərəfindən tanınmışdır.
Parlamentin və hökumətin yeritdiyi fəal və məqsədyönlü siyasət nəticəsində 11 yanvar 1920-ci ildə keçirilmiş Paris sülh konfransında Azərbaycanın müstəqilliyi rəsmən tanınmışdır.
Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi “Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi qısa müddətdə həyata keçirdiyi tədbirlərlə milli dövlətçilik ənənələrimizin bərpasında böyük rol oynamaqla, çox dərin izlər buraxmış və tariximizin ən parlaq səhifələrindən birinə çevrilmişdir. Müsəlman Şərqində ilk parlamentli respublikanın Azərbaycanda qurulması həmişə azadlığa və süverenliyə can atmış, həmin bəşəri dəyərləri yüksək qiymətləndirərək, bunların uğrunda ağır qurbanlar vermiş xalqımızın arzu və istəklərinin, milli özünüdərketmə prosesinin ifadəsi və təntənəsi, keçdiyi mürəkkəb və şərəfli tarixi inkişafın, onun böyük mütəfəkkir və ziyalılarının müstəqil dövlət quruculuğu ideyalarının reallaşması yolunda sərf etdikləri ağır və gərgin əməyin məntiqi nəticəsi idi. Bu tarixi hadisə ilə islam dünyasında əvvəllər mövcud olmuş butun dövlətlərdən köklü surətdə fərqlənməklə, monarxiya və təkhakimiyyətliliyi inkar edən, dünyəvi prinsiplərə əsaslanan ilk demokratik dövlət yarandı və dünya birliyində öz tarixi yerini tutdu”.
Milli Şuranın 17 iyun 1918-ci ildə keçirilmiş iclasında yeni yaradılacaq müvəqqəti hökumətin hüquq və vəzifələri, onun özünün buraxılması barəsində qətnamələr, 19 noyabr 1918-ci il tarixli iclasında isə “Azərbaycan Parlamentinin yaradılması haqqında” Qanun qəbul edilmiş, Azərbaycan Parlamenti müxtəlif fraksiya və qrupdan ibarət 97 nümayəndə ilə təmsil olunaraq, hüquqi dövlətin əsas prinsiplərindən olan hakimiyyətin bölgüsü prinsiplərini tətbiq etmişdir.

Lakin, xarici təcavüzkar və daxili antimilli qüvvələr Xalq Cümhuriyyətinin fəaliyyətini davam etdirib, öz ideyalarını axıradək reallaşdırılmasına imkan vermədi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra süqut etdi.
Nəhayət, xalqımız apardığı mübarizədə verilmiş şəhidlər və qanlar bahasına XX əsrin əvvədlərində itirilmiş müstəqilliyimizi bərpa etməyə nail olmaqla, 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi və Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını ümumxalq ifadəsi ilə təsdiqlədi, müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini və İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may gününü Respublika Günü kimi qəbul etdi.
Azərbaycanın müstəqilliyini əldə etməsi ağır, məşəqqətli bir dövrə təsadüf edirdi. Müstəqilliyini yeni qazanmış Azərbaycanın qarşısında mühüm siyasi, sosial, iqtisadi, hüquqi islahatların həyata keçirilməsi zərurəti dururdu. Sovet imperiyasının dağılmasından sonra siyasi sistemi dəyişən dövlətin yeni şəraitdə yaşaması inkişafı üçün geniş profilli islahatlara, radikal qərarlara ehtiyacı var idi. Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəlində olduqca mürəkkəb siyasi, sosial, iqtisadi vəziyyətin mövcud olduğu bir şəraitdə hakimiyyətdə olan səriştəsiz qüvvələr həyati əhəmiyyətli islahatları nəinki reallaşdıra bilmədilər, əksinə bu qüvvələrin yarıtmaz fəaliyyətləri nəticəsində respublikamız müstəqilliyini itirmək təhlükəsi ilə üzbəüz qaldı.
Ölkəni siyasi böhrandan çıxarmaq üçün qədirbilən xalqımız özünün xilaskarı olan dünya şöhrətli siyasətçi Heydər Əliyevə üz tutdu və xalqın tələbi ilə möhtərəm Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycan məhz onun sayəsində öz müstəqilliyini qoruyub saxladı və bütün sahələrdə özünün sürətli inkişaf yoluna qədəm qoydu.
Ulu öndərin rəhbərliyi altında həyata keçirilən mühüm siyasi, sosial, iqtisadi, mədəni islahatlar sayəsində ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı, ölkədə maliyyə vəziyyəti sabitləşdi, xarici investisiyaların həcmi artdı, xalqın həyat səviyəsi yaxşılaşmağa başladı.
Ölkə daxilində mövcud problemlərin tədricən aradan qaldırılması, iqtisadiyyatın inkişaf yoluna qədəm qoyması Azərbaycanın xarici siyasətdə də daha fəal, qətiyyətli addımlar atmasına şərait yaratdı. Ulu öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində bölgədə, ümumilikdə dünyada Azərbaycana münasibətdə müsbətə doğru meyllər artmağa başladı.
Heydər Əliyevin ardıcıl olaraq xarici ölkələrə səfərləri, beynəlxalq təşkilat nümayəndələri ilə keçirdiyi görüşləri nəticəsində Ermənistanın Azərbaycana təcavüzü ölkəmizin sosial-iqtisadi vəziyyəti haqqında həqiqətlər dünya ictimayətinə çatdırıldı. Ölkəmizin xarici siyasətinin əsas prinsipləri və istiqamətləri müəyyən edildi. Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması bütün dövlətlərlə qarşılıqlı maraqlara söykənən münasibətlərin inkişafını şərtləndirdi.
Bəli, bu gün hamı üçün danılmaz bir həqiqətdir ki, Azərbaycan xalqının həqiqi xoşbəxtliyi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun fəaliyyətində hər bir məqam xalqın və dövlətin mənafeyinə xidmət etmək olmuşdur.
Müdrik rəhbərin ikinci dəfə hakimiyyətə gəlişi ilə onun həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə olan vəziyyət tamamilə dəyişdi. 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda aparılan islahatlar birinci növbədə respublikamızda daxili ictimai-siyasi vəziyyətin sabitləşməsinə yönəldilmişdir.



Bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin davam etdirdiyi siyasi kursu bütün dünyanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsinə yol açıb. Prezidentimizin uğurlu xarici siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan diplomatik uğurlarla yanaşı, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizin ordu quruculuğunu da diqqət mərkəzində saxlamaqla, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi onun yeni, müasir silahlarla təchiz olunması məsələlərinə də daim qayğı göstərir. Təsadüfü deyil ki, hərbi sahəyə dövlət büdcəsindən ayrılan vəsait bütövlükdə Ermənistanın dövlət büdcəsindən çoxdur. Bu gün Azərbaycan ordusu Cənubi Qafqaz regionunda ən güclü orduya çevrilmiş və Ali Baş Komandanın əmri ilə hər an öz torpaqlarını düşməndən azad etmək qüdrətinə malikdir. Azərbaycan ordusu bunu cari ilin aprel ayının əvvəllərində Ermənistanın təxribatçı əməllərinə verdiyi cavabla qəti şəkildə sübut etdi.
Ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqətlə xidmət edən Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə iqtisadiyyatda lokomotiv rolunu oynayan neft-qaz sektorundan əldə olunan valyuta ehtiyatları səmərəli şəkildə iqtisadiyyatın digər sektorlarına cəlb edilir, fərəhlə demək olar ki, hazırda ölkəmizdə qeyri-neft sektoru böyük gəlirlər gətirə biləcək strateji bölməyə çevrilib. Xüsusi vurğulamaq lazımdır ki, həyata keçirilən siyasətin uğurlu nəticələri ölkənin regionlarının sosial-iqtisadi inkişafı ilə müşayiət olunur. Ölkə Prezidentinin imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət proqramının dönmədən həyata keçirilməsi sayəsində bölgələrdə reallaşan işlər ölkənin bütün guşələrində abadlıq-quruculuq işlərinin aparılması yeni istehsal müəssisələri, məktəb, xəstəxana binalarının tikilib istifadəyə verilməsi və digər layihələrin uğurla həyata keçirilməsi davam etməkdədir. Bütün bunlar bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Xalq dövlət üçün çalışmalı, dövlət xalqa xidmət etməlidir” ideyası həyatda öz təcəssümünü tapır.
Tarixə qovuşan illər ərzində iqtisadi sferada həyata keçirilən mütərəqqi islahatlar nəticəsində ölkəmizin büdcəsi dəfələrlə yüksəlib.
Ölkədə vətəndaşların sosial-rifahının yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin daha da aşağı salınması istiqamətində görülən işlərin nəticəsidir ki, Azərbaycan nəinki bölgədə, bəlkə də daha böyük bir coğrafiyada təqaüdlərlə bağlı ən uğurlu islahatlar həyata keçirən dövlətdir.

Hər birimiz üçün qürur doğuran haldır ki, Azərbaycan Respublikasının müstəqil, sivil və demokratik məzmunda hüquqi bir dövlət kimi formalaşması Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğısı və dəstəyi sayəsində mümkün olmuş və Azərbaycan xalqının müstəqil dövlətdə azad yaşaması heç nə ilə ölçüyə gəlməyən bir xoşbəxtlikdir.
Əminliklə deyə bilərik ki, müstəqli Azərbaycan hərtərəfli inkişaf edir və ulu öndər Heydər Əliyevin xalqımızın müstəqil, azad və rifah halında yaşaması üçün yaratdığı memarlıq əsəri olan Azərbaycan bu gün etibarlı əllərdə olmaqla, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursu hər bir azərbaycanlı dəstəkləyir və müstəqilliyimizin qorunması işi qarşımızda ən ümdə vəzifə kimi müəyyən olunmuşdur.
Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimiz və qiymətli sərvətimizdir. Onun qorunub saxlanılması hər birimizin müqəddəs borcudur.

Ramiz Poluxov,
ATU-nun Tədris Cərrahiyyə klinikasının baş həkimi

Müstəqillik Azərbaycan xalqının milli sərvətidir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi