Ulu öndərin yaratdığı müstəqil Azərbaycan ümummilli liderimizin şah əsəridir
Ulu öndərin yaratdığı müstəqil Azərbaycan ümummilli liderimizin şah əsəridir
Müasir Azərbaycan tarixinin önəmli və əbədi xatırlanacaq çox əlamətdar bir mərhələsi, ötən əsrin 60-cı illərinin sonundan başlanan və XXI əsrə adlayan bütöv bir qərinəsi ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Bu dövr ərzində onun respublikamızın sosial-iqtisadi və siyasi həyatında oynadığı rolu, vətənimizin milli mənafeləri baxımından fəaliyyətini təhlil edən ən nüfuzlu politoloqlar, siyasi xadimlər, tələbkar ekspertlər belə bir nəticəyə gəliblər ki, böyük öndər Heydər Əliyev çoxcəhətli fəaliyyəti və müdrik rəhbərliyi ilə Azərbaycan tarixində unudulmaz və əvəzolunmaz şəxsiyyət, dünya miqyaslı siyasi xadim və dövlət başçısı səviyyəsinə yüksəlib. İndi hamı tərəfindən etiraf olunur ki, Azərbaycanın dövlət müstəqilliyinin etibarlı əsasları 1993-cü ilin ortalarından sonrakı dövrdə Heydər Əliyevin bilavasitə rəhbərliyi altında, onun qətiyyətli siyasəti və dövlətçilik təcrübəsi nəticəsində yaradılıb.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün mərhələlərində öz xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamışdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşər tarixinin dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərdəndir. Azərbaycanın bu gün müstəqil dövlət kimi yaşaması, qüdrətli ölkə kimi tanınması üçün məhz böyük öndərimiz Heydər Əliyevə borcluyuq.Heydər Əliyev xalqımıza maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən güclü, etibarlı dayaqlar üzərində qurulmuş müasir Azərbaycanı bəxş etdi.Ulu öndərin yaratdığı müstəqil Azərbaycan ümummilli liderimizin şah əsəridir, öz xalqı qarşısında misilsiz tarixi xidmətidir.Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Heydər Əliyevin dövlət idarəetmə məktəbi, Azərbaycanın hərtərəfli və dinamik inkişafı üçün gördüyü möhtəşəm fəaliyyəti dahi şəxsiyyətin tarixin gedişində həlledici rol oynadığını sübut edən dəyərli nümunələrdəndir.Tariximizin Heydər Əliyevin siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası naminə atılan qətiyyətli addımlar, tənəzzüldən sürətli inkişafa nail olunması da ulu öndərimizin milləti qarşısında möhtəşəm tarixi xidmətidir.
Heydər Əliyev öz şərəfli və möhtəşəm fəaliyyətilə müasir, müstəqil Azərbaycan dövlətini yaratdı, onun iradəçilik mexanizmini formalaşdırdı. Heydər Əliyev dəfələrlə bəyan etmişdir:"Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa olsun, yalnız və yalnız Azərbay-can Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm, Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə gəlsin müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək".
Beləliklə, Azərbaycanda demokratik, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun əsası qoyuldu. Qısa bir zaman kəsiyində iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev ölkəmizin davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdi. 1994-cü ilin sentyabrında dünyanın aparıcı ölkələrinin böyük neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmaqla Azərbaycanın həm bugünkü, həm də gələcək uğurlarının, iqtisadi-siyasi tərəqqisinin möhkəm təməlini qoydu, dövlət müstəqilliyimizin möhkəmlənməsində müstəsna rol oynadı. Onun uzaqgörənliklə həyata keçirdiyi uğurlu neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını mənimsəyən, yeni iqtisadi modeli formalaşdıran, Qafqaz nəqliyyat dəhlizinin inkişafında və regionda çox mühüm rol oynayan bir dövlətə, dünyanın böyük neft-qaz mərkəzindən birinə çevrilmişdir.
Böyük öndərin dövlət quruculuğundakı müstəsna xidmətlərindən biri də demokratik və hüquqi islahatların ardıcıl olaraq həyata keçirilməsidir.Ulu öndərin rəhbərliyi ilə hazırlanan, dünyada mövcud olan ən mütərəqqi hüquqi normaları özündə əks etdirən müstəqil Azərbaycanın ilk milli Konstitutsiyasının 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu ilə qəbul olunması ölkəmizin inkişaf prioritetlərini müəyyənləşdirmiş, siyasi və sosial-iqtisadi islahatların bazisinə çevrilmişdir. Əsas Qanunda xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, dövlətin demokratik, hüquqi və dünəviliyi, insan hüquq və azadlıqlarının təmini dövlətin ali məqsədi kimi önə çəkilmişdir. Yeni Konstitutsiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz azadlığı bərqərar olmuş, dövlətin idarəçilik sistemi tamamilə yeni-dən qurulmuş, məhkəmə-hüquq islahatları uğurla davam etdirilmişdir. Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə ölüm cəzasının, mətbuat üzərindən senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması və digər işlər demokratik inkişaf yolunda qazanılmış ən mühüm nailiyyətlərdəndir. Heydər Əliyev siyasi kursunun böyük təntənəsidir ki, ölkəmiz 2011-ci ildə 193 ölkədən 155-nin səsini qazana-raq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir.
Azərbaycanda milli diaspor quruculuğu işinin reallaşdırılması da məhz ulu öndərin adı ilə bağlıdır.Ölkənin beynəlxalq imicinin formalaşmasında, dünyadakı mövqelərinin güclənməsində və milli diaspor hərəkatının geniş vüsət almasında da Heydər Əliyevin müstəsna, əvəzolunmaz xidmətləri olmuş, bu işə xüsusi qayğı ilə yanaşmışdır.Böyük strateq Heydər Əliyev hər zaman qeyd etmişdir ki, xarici ölkələrdə güclü diaspor və lobbi formalaşdırmadan xarici siyasətdə qarşıya qoyulmuş strateji hədəflərə çatmaq, milli maraq və mənafeləri layiqincə müdafiə etmək mümkün deyildir.
Nəhəng dövlətçilik təcrübəsi, fitri idarəçilik qabiliyyəti ilə səciyyələnən Heydər Əliyevin siyasi fəaliyyəti bu dahi şəxsiyyətin dünya şöhrətli siyasi xadim kimi tanınmasına xidmət etmişdir.Ulu öndərimiz dünyanın ən tanınmış siyasətçilərinin və dövlət xadimlərinin, ölkə başçılarının dərin hörmət, rəğbətini qazanmışdır.
Təməli ümummilli liderimiz tə-rəfindən qoyulmuş müdrik siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla aparılır. Prezident İlham Əliyevin əzmkarlığı, qətiyyəti və uzaqgörənliyi ilə reallaşan bu Uğurlu layihələr bölgənin və xalqımızın taleyində mühüm rol oynamaqdadır.
Böyük öndərin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra milli inkişaf kursunu davam etdirə biləcək siyasi varis yetişdirməsidir. Heydər Əliyev 2003-cü ilin oktyabrında xalqa müraciətində bəyan etmişdir:"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".Heydər Əliyevin əsl varisinə çevrilən, onun iqtisadi inkişaf kursunu layiqincə davam etdirən İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyanın inkişaf etmiş ölkələrinin sırasına yüksəlmiş, dünya birliyində özünün layiqli yerini tutmuşdur.
Bu gün respublikamızda ulu öndərimizin ideyaları yaşayır, daha geniş şəkildə qətiyyətlə həyata keçirilir.Əbədiyaşar dahi rəhbərin nurlu xatirəsi daim xalqımız tərəfindən böyük ehtiram, məhəbbətlə yad edilir.
Əhməd Əhmədzadə,
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin Sədri