Rüşvət verməyin!-Azər Həsrət yazır
Ölkədə islahat gedir. Yeni nazirlər, ayrı-ayrı qurumlara yeni kadrlar cəlb edilir. Prezident İlham Əliyev şəxsən əlindən gələni edir ki, ölkədə normal münasibətlər sistemi qurulsun. Korrupsiya, rüşvətxorluq birdəfəlik yox olsun. Bu işdə vətəndaşların da üzərinə vəzifə düşür. Ki, biz vətəndaş olaraq o vəzifəni yerinə yetirmirik!
Bugünlərdə Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev məcburiyyətdən belə bir çağırış etməli oldu: Bizə rüşvət təklif etməyin! Bəziləri bunu da lağlağıya çevirdi. Hətta iddia edildi ki, görüntüdür, adam manipulyasiya edir. Mənsə şəxsən buna inandım. İnanmağım da səbəbsiz deyil.
Rəsmi elan edilməsə də Səfər Mehdiyev Komitəyə sədr təyin edildikdən sonra xeyli sayda gömrük işçisi öz işilə vidalaşmalı olub. Özü də könüllü. Sadəcə o səbəbdən ki, rüşvət alacaqları təqdirdə başlarına nə gələcəyini anlayıblar. Belə deyirlər ki, yeni sədr hamıya elan edib ki, bu vaxta kimi necə işləmisiniz, özünüz bilərsiniz, bundan sonra rüşvətə əsla imkan verilməyəcək. Bunun sadəcə söz deyil, əməl olduğunu görən bir sıra işçilər maaşlarının az olması səbəbindən işdən ayrılmaq yolunu seçiblər. Könüllü, incimədən. Ona görə də son vaxtlar bəzən gömrükdə işləmək üçün yeni gənclərin cəlb edilməsi haqqında elanlara-çağırışlara rast gəlirik.
Sözümün canı odur ki, Səfər Mehdiyev doğrudan da rüşvətə qarşı mübarizə aparır ki, rüşvətlə işləməyə öyrəşənlər çıxış yolunu ümumiyyətlə işdən ayrılmaqda görürlər. Biz də vətəndaş olaraq bu işdə yardımımızı əsirgəməməliyik.
Bu arada, dəqiqliyinə əmin olmasam da eşitdiyim bir durum haqqında danışmaq istərdim. İş adamları arasında gəzən söhbətdir. Bakı gömrüyündə xaricdən gətirilən malların rəsmiləşdirilməsi aparılarkən qəribə hadisə baş verir. Deyirlər ki, adam mallarını təqdim edir, heç bir problemsiz ona müvafiq sənəd tərtib edilir və avtomata ödəniş etməsi üçün göndərilir. O, ödənişi etmək istərkən maşın nəyinsə səhv olduğunu deyir və adam da geri dönüb durumu məmura bildirir. Məmur da baxır, deyir ki, bəs, səhv hesablamışıq. Təzədən hesablayır, sənəd tərtib edir. Bu dəfə məbləğ, örnək üçün 3 min (təbii ki, başqa məbləğlər də olur) dollar artmış olur. Və ödənişi etməkdə problem də yaranmır. İndi “pis” adamlar iddia edir ki, bu yolla, əslində rüşvət alınır. Çox güman ki, əvvəl tərtib edilmiş sənəd kitaba tikilir, sonrakı sənədlə pul alınır. Aradakı fərq kiminsə cibinə gedir. O pul maşınını da özləri idarə edir, müdaxilə etmək çətin deyil. Düşünürəm ki, çox hörmətli Səfər Mehdiyev bu durumu araşdırmaqda maraqlı olmalıdır. Görünür, həmin idarədə köhnə rüşvətxorlardan qalanlar var. Həm də bu söhbət çox geniş yayılıb deyirlər…
Daha bir narahatlıq da xaricdən gətirilən avtomobillərin gömrük rəsmiləşdirilməsi zamanı yaşanır. Ümumiyyətlə, deyirlər ki, o quruma gedib gələnlər sadəcə özlərinə nifrət etməli olurlar. Bilmirəm, görməmişəm, yolum düşməyib. Amma əgər bu söhbət belə geniş yayılıbsa, nəsə var yəqin ki. Ona görə, o idarəni və o xidməti də ASANlaşdırmaq lazımdır…
Və gəlirik vətəndaşların üzərinə. Dünən məhlədəki kiçik dükanlardan birinin sahibi ilə söhbət etdik. Soruşdum ki, yenə də gəlib rüşvət alırlar? Cavab verdi ki, indi əvvəlki kimi hərbə-zorba gəlmirlər. İçəri girib az qala yalvarırlar ki, heç olmasa beş manat ver. Dedim, bəs sən nə edirsən? Dedi ki, yazığım gəlir, bəzən verirəm. Hə, bax, burda biz vətəndaşlar yanlış davranırıq. O cür adamlara əsla pul vermək olmaz! Ümumiyyətlə, hansısa bəd məqsədlə dükanları qapı-qapı gəzənlərin şəklini çəkib ictimailəşdirmək lazımdır! İstər zorla, istər xoşla pul tələb edəndə dərhal 102 və digər qaynar xətlərə zəng edib şikayətçi olmaq lazımdır!
Bir də yaxşı olardı ki, dükan-bazara, xidmət obyektlərinə dəxli olan xidmətlərin qaynar xətt nömrələri və müraciət qaydalarının izah edildiyi plakatlar çap edilib pulsuz bütün obyektlərə paylansın. Özü də göz görən bir yerdə asılmaq şərtilə. Bunu hər bir dövlət qurumu özü də edə bilər, yaxud da sahəylə məşğul olan QHT-ləri işə cəlb etmək olar.
Sözümün sonu budur ki, Gömrük Komitəsinin rəhbəri şəxsən rüşvətə qarşı qətiyyətli mübarizə əzmindədirsə, biz vətəndaşlar da aşağıda bu prosesi gözardı edənlərin faş edilməsində yardımçı olmalıyıq. Onda bir çox problemlər özü-özünə həllini tapacaq.
Azər HƏSRƏT, Əməkdar jurnalist