azia.az
azia.az

Niyə köhnə və ucuz maşınlar ölkəsi olduq?...

18-01-2019, 00:56

Niyə köhnə və ucuz maşınlar ölkəsi olduq?...
Deməli, bugünlərdə bir xəbər oxudum. Deyilirdi ki, ölkəmizdə avtomobil qəzalarının çoxu köhnə nəqliyyat vasitələrinin üzündən baş verir. Təbii ki, qəza olan yerdə xəsarət alanlar, həlak olanlar da var. Anlaşılan odur ki, əgər bizdə bu qədər köhnə nəqliyyat vasitəsi olmasaydı yəqin ki, o qədər də qəza olmaz, yaxud da qəza olduğu zaman belə insanlar sağ qurtularmış…

Amma kimlərsə, nəyə görəsə buna imkan vermir!

…Bakı, Azərbaycanın hər tərəfi hər keçən gün gözəlləşir. Yeni binalar tikilir, yollar çəkilir, körpülər salınır. Azərbaycan tarixinə artıq qurucu prezident kimi düşmüş ölkə başçısı İlham Əliyevin özü şəxsən durmadan çalışır ki, ölkəmiz dünyanın ən seçilən ölkələrindən geri qalmasın.

Prezidentin çalışmaları öz bəhrəsini də verir. Hər il ölkəmiz dünyanın müxtəlif nüfuzlu qurumlarının reytinq siyahılarında bütün sahələrdə yerini yaxşılaşdırır, daha irəli gedir, sayılıb-seçilən ölkələr arasında yerini möhkəmlədir.
Hələ onu da əlavə edim ki, Azərbaycana turist kimi gələnlər də Bakı başda olmaqla gəzib-gördükləri yerlərə heyran olur, bu möhtəşəmliyi ağızdolusu tərifləyir. Təbii ki, bütün bunlar əsassız deyil. Həqiqətən də Azərbaycan son illər ərzində sürətli sıçrayışla irəli gedə bilib və inkişaf göz önündədir.

Amma və lakin!


Amma bütün bu gözəllikləri korlayan bir görüntünü hər kəs hər gün müşahidə edir! Təəssüflə özü də! Hər yerdə görürük bunu. Öz üzərimizdə hiss edirik. Bakının, Azərbaycanın gündən-günə gözəlləşən mənzərəsini o görüntülər çox korlayır, çox!
Maşınlardan danışırıq. Yuxarıda qeyd etdik: qəzalarda köhnə avtomobillərin iştirak payı heç də az deyilmiş…
Niyə köhnə və ucuz maşınlar ölkəsi olduq?...
Bəs, niyə bu gözəlləşən, getdikcə zənginləşən gözəlim ölkəmdə insanlarımız köhnə avtomobillərə daha çox üstünlük verir? Özü də hər keçən il avtomobillər yenilənməkdənsə, köhnələrin sayı artır? Niyə, səbəb nədir?

Səbəbə keçməzdən öncə, kiçik bir qarşılaşdırmanı təqdim edirəm: lap elə burnumuzun ucundakı Gürcüstanda 2008-ci il istehsalı olan işlənmiş Toyota Camry avtomobilinin orta qiyməti 5 min dollardır (8500 manat). Azərbaycanda neçəyədir eyni maşın? Bəli, ən azı 2 dəfə və bəzən də daha artıq qiymətə. O maşını burada 17-18 min manata almaq olar. Niyə, səbəb nədir? Niyə bütün göstəricilərilə bizdən xeyli geri qalan Gürcüstanın vətəndaşları daha yeni maşınlar sürə bilməlidir, bizim vətəndaşlarsa yox?

Yeri gəlmişkən, Gürcüstanda 17 min manata Toyota Camry-nin 2015-ci il buraxılışını almaq olar. Eyni maşının Azərbaycandakı qiyməti isə 25 min dollar – 42 min 500 manatdır! Yenə də sual: niyə, hansı səbəbdən?
Səbəbi aradıq, axtardıq və tapdıq. Bəlli oldu ki, Azərbaycana avtomobil idxalına fantastik gömrük və aksiz vergisi tətbiq edilir. Hələ üstəlik ƏDV filan söhbəti də var və nəticədə, görün nə baş verir.
Niyə köhnə və ucuz maşınlar ölkəsi olduq?...
Gürcüstandan və ya Almaniyadan 5 min dollara aldığınız maşını Bakıda gömrük rəsmiləşdirməsindən keçirdikdən sonra onun qiyməti düz 10 min 500 manat artmış olur! Bunun üstünə 5 min dolların manat qarşılığını – 8 min 500 manatı da gələndə, bəli, 19 min manat edir! Bu qiymətə, yuxarıda da dediyim kimi, Gürcüstan vətəndaşları nəinki 2015, hətta 2016-cı ilin Toyota Camry-sini alıb sürürlər! Hələ onu da əlavə edim ki, mənşə ölkəsindən (və ya göndərən ölkədən) gətirilən maşını orada həqiqətən 5 min dollara aldığını da gömrükdə sübut edə bilmirsən. Bunu da mənə maşınla məşğul olanlar deyir. Deyirlər ki, 5 min dollarlıq maşın gətirirsən, sənin sənədini bir kənara atıb özlərindən daha baha qiymət təyin edirlər. Nəticədə də digər faizlər artır və qiymət bir az da şişir…
Niyə köhnə və ucuz maşınlar ölkəsi olduq?...
5 min dollarlıq maşın üçün xərclər
Hələ mən daha bir fantastikanı görəndə az qala havalanmışdım. İndi sizə də təqdim edirəm: fərz edək ki, 15 min dollara (28 min manat) maşın alıb gətirmisiniz. Mühərrikinin işçi həcmi də 6 min kub cm-dir. Görək, bunun gömrük rəsmiləşdirməsi ilə birlikdə qiyməti neçəyə çıxır? Maşının öz qiyməini bir kənara qoysaq, 165 min manat! Bəli, bəli, nağıl deyil, gerçəklikdir. Özü də acı gerçəklik! Gürcüstanda, Almaniyada 15 min dollara alacağınız maşını mənim gözəlim ölkəmdə siz rahat sürə bilmək üçün daha 165 min manat ödəməlisiniz! 165 min + 28 min manat = 193 min manat! Bir Azərbaycanlının xaricdən gətirib ölkəmizdə sahiblənmək istəyəcəyi bir köhnə maşın bu qiymətə oturacaq ona!
Niyə köhnə və ucuz maşınlar ölkəsi olduq?...
15 min dollarlıq maşın üçün xərclər
Hə, indi kimsə çıxıb deyə bilər ki, bütün bunları özümdən uydururam. Əsla! Bütün bu rəqəmləri Dövlət Gömrük Komitəsinin saytındakı sayğac deyir mənə. İnanmırsınız, siz də buyurun, hesablayın özünüz üçün: goo.gl/MtY7Ca.

İndi isə suallarım var. Niyə Azərbaycan bu qədər yüksək gömrük rüsumu və aksiz vergisi tətbiq edir? Bunun məntiqi nədir?

Əgər ölkəmizdə avtomobil istehsalı olsaydı (Düzdür, var. Amma tam deyil və o həddə deyil ki, daxili bazarı qorumalı olaq.) və daxili bazarın qorunması üçün zərurət yaransaydı, bunu anlardıq. Daxili istehsal, demək olar ki, yoxdur axı. Belə olan halda niyə insanlarımızı köhnə, sınıq-salxaq maşın sürməyə məcbur edirik və sonucda da yollarda qəzaların artmasına, insanların həlak olmasına səbəb veririk? Kimdir bunu edən? Nə məqsədlə edilir bu? Ümumiyyətlə, niyə Bakının, Azərbaycanın gündən-günə gözəlləşən görkəmini bu cır-cındır, sınıq-salxaq maşınlar korlamalıdır?

Bu sualların cavabını eşitmək istərdim. Sadəcə söz olaraq deyil, arqument olaraq həm də.

Haşiyə: İllər öncə bir söhbət eşitmişdim. Almaniyada. Orada avtomobil salonu saxlayanlar arasında lətifəvari bir söhbət dolaşırdı. Əgər maşın almağa gələn Qafqazlı lüks maşına – BMW, Mercedes və s. markasına maraq göstərirsə, salon sahibi dərhal anlayırmış ki, bu adam Azərbaycandan gəlib. Yox, əgər ən ucuz və qənaətli maşına (Opel Astra filan kimi) maraq göstərirsə, o müştərinin Ermənistandan gəldiyi qət edilirmiş. Yəni almanlar artıq qət etmişdilər ki, Azərbaycanlılar ucuz maşın sürməz. Çünki ölkəmizin sürətli inkişafından, xüsusən də Ermənistandan qat-qat irəlidə olmasından onların da xəbəri vardı və Azərbaycanlılar oradan ucuz maşın gətirməyə o qədər də meyl etmirmişlər. İndi isə. İndi də yazımda qeyd etdiyim kimidir durum…

Nə etməli? Sadəcə gömrük və aksiz hədlərinə yenidən baxmalı. Özü də bu sahəni bir sərəncamla ASAN Xidmətə verməli ki, neqativ hallar haqqında söhbətlər yığışdırılsın. Məntiqlə də bunu etmək çətin deyil. Zatən bir insan xaricdən avtomobil gətirirsə, gömrük onu sərhəddə yoxlayıb buraxır. Qalır vergisini, aksizini ödəyib rəsmiləşdirmək. Bunun üçün də ayrıca idarə və gərəksiz işçi ştatı saxlamağa heç ehtiyac yoxdur. Hə, indi kimsə çıxıb deyəcək ki, gömrükçülər əlavə olaraq nəyisə yoxlamalıdır filan. Heç elə şey yoxdur. Çünki, dediyimiz kimi, ölkəyə daxil olan maşınlar sərhəddə yoxlanır. Əlavə yoxlamanı isə DYP həyata keçirir. Yəni qaçaqmalçılıq üçün heç bir imkan qalmır.

Dübarə onu da əlavə edim ki, hardasa 10-15 il öncə Azərbaycanın avtomobil ticarətində regionun mərkəzinə çevrilməsi baş verirdi. Buradan həm Qafqaz, həm də Orta Asiya və İrana maşınların satılması üçün imkanlar yaranırdı. Lakin sonradan hansısa sehrli qüvvələrin tətbiq etdiyi gömrük və aksiz hədləri ona səbəb oldu ki, bu ticarət mərkəzinə Gürcüstan sahibləndi. Və o dövlətin büdcəsi həmin mərkəzdən hər il milyonlarla pul qazanır…

Sözardı: 2018-ci ilin dekabrında Berlinə 5 günlük səfərim oldu. Həmin günlər ərzində o şəhərin küçələrində Bakıda sağa-sola şütüyən bir dənə də olsun alman maşınının bənzərinə rast gəlmədim. Mercedes, BMW kimi avtomobillər boldur o şəhərdə də bizdə olduğu kimi. Sadəcə bizdəki kimi Nuh əyyamından qalma maşınlar onlarda çoxdan istifadədən çıxarılıb…

Manevr.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi