Arzu Nağıyev kimdir? – “KQB” POLKOVNİKİ, media KAPİTANI
Arzu Nağıyev... Bu adın qarşısına polad sözlər, bər-bəzəkli ifadələr yazmaq olar.., amma birbaşa mətləbə keçək, ADAMın avtobioqrafiyasını qısa da olsa yazmaq daha məqsədəuyğun olardı.
Arzu Nağıyev 1963-cü il iyul ayının 27-də Tovuz rayonunda həkim ailəsində anadan olub. 1980-ci ildə Tovuz rayonunda orta məktəbi qızıl medalla, 1985 -ci ildə Moskva İdarəetmə İnstitutunu, 1991 -ci ildə isə SSRİ DTK-nın Tbilisi Ali Kurslarını fərqlənmə diplomu ilə bitirib. 1985-1989 -cu illərdə tikinti trestində və komsomol təşkilаtındа işləyib. 1989-2011-ci illərdə DTK-МTN orqanlarında əməliyyat müvəkkilindən nazirliyin şöbə rəisinədək həqiqi hərbi xidmətdə olub, Qarabağ müharibəsi veteranıdır. A.Nağıyev dünyanın bir sıra ölkələrində korrupsiyaya, terrorizmə, insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə həsr olunmuş konfranslarda, seminarlarda Azərbaycan Respubliaksını təmsil edib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalaq SCAD, CARİCC, International Intellegence Academy, Virginia Tech-TISD-OSCE, UNODC Open analist proqramlarının iştirakçısı və eksperti olub. Öz dili ilə desək, 22 il 2 ay 17 gün orqanda işləyib. Hаl-hazırda Trend İnformasiya Agentliyində Baş direktorun müavini vəzifəsində çalışır. Regional geosiyasət üzrə ekspert icmalçı kimi fəaliyyət göstərir. Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, üç bədii kitab, bir neçə fundamental araşdırma və çoxsaylı ekspert rəylərinin müəllifidir.
A.Nağıyev 2017-ci ildə mətbuata verdiyi müsahibədə deyir: “Həkim ailəsində doğulmuşam. Atamla-anam Tibb Universitetində bir yerdə oxuyublar, ancaq onların təyinatı Oğuz rayonuna verilib. Mən də Oğuzda, Baş Layısqı kəndində doğulmuşam. 1-2 yaşımdan sonra isə yenidən Tovuza qayıtmışıq. Özümü tovuzlu hiss edirəm, başqa yerdə anadan olsam da. Orta məktəbi də Tovuzda oxumuşam, Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbində. 1970-ci ildə məktəbə getmişəm, 1980-ci ildə isə həmin məktəbi qızıl medalla bitirmişəm. Dəqiq elmlərə, riyaziyyat, fizika, kimyaya çox maraq göstərmişəm. Demək olar ki, Respublika fənn olimpiadalarında həmişə ən yüksək yerləri tutmuşam, dünya olimpiadasında iştirak etmişəm. Kvantın olimpiadalarında da iştirak etmişəm, yaxşı oxuyan olmuşam. Biz evdə belə tərbiyə olmuşuq ki, hər birimizyaxşı oxumalı, idmanın bir növü ilə məşğul olmalı, musiqi alətlərindən birində ifa etməyi bacarmalı, mütləq sağlamlığımızın qeydinə qalmalı və heç olmasa bir xarici dil bilməliyik. Mən də idmanla məşğul olmuşam, dərslərimi yaxşı oxumuşam, pianoya getmişəm, rus dilini öyrənmişəm. Ailədə 7 nəfər olmuşuq, anam-atam, 3 qardaş, 2 bacı...”
Azərbaycan politologiya məktəbinin məşhur SİMASI...
Siyasi təhlillər zamanı aysberqin görünməyən tərəfi hər kəsə maraqlıdır
Azərbaycan mühüm coğrafi məkanda yerləşir, elə buna görə də bütün super güclər ölkəmizlə əlaqə quran zaman xüsusi həssaslıq nümayiş etdirir və müstəqil dövlət kimi ölkəmizin dünya siyasi arenasında oynadığı rol daim təqdir olunur. Eyni zamanda, ölkəmiz təbii sərvətlərlə zəngindir və ərazilərimizin 20%-dən çoxu düşmən tapdağı altındadır, yəni müharibə şəraitində olan dövlətik. Dünyada gedən proseslər də hər kəsə bəllidir: ikilistandartlar, “mədəni” inqilablar, anarxiya, xaos, müharibə və s. Məhz belə bir situasiyada siyasi şərhçilərin ciddi siyasi təhlil ortaya qoyması cəmiyyətimiz və dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Düzdür, hazırda ölkəmizdə xeyli sayda siyasi şərhçilər, politoloqlar var, lakin onların təhlilləri, hadisələri analiz edib əldə etdiyi nəticələr nə dərəcədə özünü doğruldur, bu başqa məsələ... K.London yazır: “Politoloq üçün vacib olan reallıq hissləridir...”.
Arzu Nağıyev o siyasi şərhçilərdəndir ki, siyasi proqnozlarında xüsusi səbr, təmkin və pafosdan kənar nitq mədəniyyəti ilə daim diqqət çəkir. Ən başlıcası, əldə etdiyi informasiyanı, bu informasiyalar nəticəsində gəldiyi nəticəni dərhal açıqlamır və bu, belə də olmalıdır. Aysberqin görünməyən tərəfi hər kəsə maraqlıdır, şablon ifadələr sadəcə baş ağrıdar. Odur ki, A.Nağıyev proqnozlarında dövlət maraqlarımızı düşünərək daha real, ciddi siyasi təhlil ortaya qoymağı bacarır. Heç şübhəsiz ki, bu onun uzun illər xüsusi xidmət orqanlarında çalışması ilə də birbaşa bağlılığı vardır. Yadımdadır, keçmiş MTN hadisələri olayı və 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edilərkən A.Nağıyevin KİV-lərə verdiyi açıqlamalar xüsusi diqqət çəkirdi və deyərdim ki, hər iki məsələ ilə bağlı ortaya qoyduğu mövqe bir dövlət kmi Azərbaycanın mövqeyi ilə üst-üstə düşməklə yanaşı, həm də reallığı əks etdirdi, pafosla səslənən fikirlərin isə heç biri özünü doğrultmadı. O, “MTN olayları” zamanı bu sistemin yenidən qurulmasında, təmizlənmə işlərinin aparılmasında və yenidənqurma işlərində xarici qüvvələrin təsir imkanlarının sıfıra endirilməsi üçün bütün elementləri açıqladı. Ölkəmizdə keçirilən seçkilər zamanı bədxah xarici qüvvələrin hansı “istək və arzu”larla hücum mövqeyi sərgilməsini də bütün çılpaqlığı və dəqiqliyi ilə izah edən bəlkə də yeganə siyasi şərhçi, politoloqdur.
Etibarlı mənbənin mötəbər şəxsi - media kapitanı kimi... Mediaya necə gəldi?
A.Nağıyev hələ 2016-cı ildə mətbuata verdiyi müsahibədə deyir: “Ehtiyatda olan zabit kimi oradan (MTN-red.) işdən çıxandan sonra dostlarımla bir yerdə “Trend” İnformasiya Agentliyində işləməyə başladım. Artıq həyatımın digər bir hissəsini yaşamağa başlamışam. Bu həyata görə də, xoşbəxtəm ki, qapalı xüsusi xidmət orqanı həyatından sonra jurnalistika mühitinə gəldim. Hər iki sahədə oxşar bir cizgi var. Orada da, burada da informasiya əldə etmək, o informasiyanı necə öyrənmək və hansı nəticəyə gəlmək var”. Əslində medianın əsl xaraketirini son iki cümlədə ifadə edib. Həqiqətən də bir var, mediaya kortəbii üsullarla gələsən, bir də var ki, bu sahənin əsl mahiyyətindəki ən vacib xarakteri tutasan. A. Nağıyev bu gün Trend İnformasiya Agentliyində Baş direktorun müavini vəzifəsində çalışır. Çiyinlərində böyük bir məsuliyyət var. Nəzərə alsaq ki, Trend İnformasiya Agentliyi bu gün ölkə informasiya resurslarının böyük hissəsinə malikdir və cəmiyyətin bütün təbəqələri məhz buradan informasiya əldə edirlər, o zaman məsələnin ciddiyəti bəlli olur. O, Trend İnformasiya Agentliyində reallıqla səsləşən təhlillərin, dəqiq informasiyaların dərcinə xüsusi önəm verir və belə də olmalıdır. Çünki özünün illər öncə dediyi kimi “mənim üçün insan amili, insan taleyi öndə gəlir..”. Axı informasiya agentliyindən də insanlar istifadə edir və bu, onların gündəlik bəlkə də əsas “qida” rasionuna daxildir.
İnsan kimi.., nə düşünürlər, özü necə düşünür?
A.Nağıyev haqqında vaxtilə yazılırdı: “Yaxşılıq etməyi sevən insan...”. Zaman göstərdi ki, bu adam həqiqətən də bunu sözdə demir: kollektivdə, təmsil olunduğu media camesində qazandığı hörmət, nüfuz bunu sübut etdi ki, yıxılana balta vurmazlar: ya əlindən tutub qaldır, ya da kənara çəkil. Mən deyərdim ki, o, mediada bəlkə də yeganə üç şəxsdən biridir ki, hər kəsin sevimlisidir, səmimi ünsiyyəti, mehriban, gülərüz davranışları ilə daim alqışlanıb. A.Nağıyev həm də zəngin poetik düşüncələrə sahib birisidir. O, həm də 3 bədii kitabın müəllifidir. Bəlkə də çoxlarına qəribə gələ bilər ki, uzun müddət ciddi, qapalı bir mühitdə işləmiş bir adam şair, ədib düşüncəli necə ola bilər?
Burda təəccüblü heç nə yoxdur, çünki yuxarıda dediyimiz kimi vəzifə, mənsəb İNSAN amilindən sonra gəlir, vicdan və mərhəmət hissləri insanın daim ruhunda olmalıdır. Bundan sonra da görüləcək işlərinin çıx olduğunu deyir, Arzu müəllim. Ümid edirik ki, xoşbəxt yaşadığına görə, daim minnətdarlıq hissi ilə yaşayan A.Nağıyev bundan sonra da bütün arzularına, qarşısına qoyduğu hədəflərə çatacaqdır. Həmkarlarımız bildirirlər ki, Arzu müəllim çox həssas, dəqiq adamdır: dediyi vaxtdan azı 10 dəqiqə öncə gələr, dostlara qarşı daim sadəqətli olar, həmişə səliqəli, şux geyinər, eyni zamanda, qarşısındakı insandan da haqlı olaraq özünə qarşı həssaslıq tələb edər, dediyi sözlərin məsuliyyətini daşıyar, istər bu rəsmi, yaxud qeyri-rəsmi sözlər olsun! Xoşbəxt o insandır ki, evdən işə, işdən də evə tələsir deyən Arzu müəllim son olaraq uğur qazanmağın reseptini də verir: “Elmli, savadlı olmaq, daxili qüvvəni yaxşı işlərə sərf etmək, zəhmətdən qorxmamaq, sağlam həyat tərzi keçirmək, bir də ən əsası arxanda dayanan möhkəm ailə...”
AZİA.AZ xəbər agentliyi, Subut Mehdiyev,
xüsusi olaraq “PORTRET LAYİHƏ”