Qətər İranın pilotlarla bağlı iddiasını təkzib edib
Ölkə.az xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib.
Onun sözlərinə görə, Doha iranlı pilotların saxlanılması ilə bağlı iddiaları "qəti şəkildə rədd edir". O, bu açıqlamaları yanıltıcı adlandırıb və regionda gərginliyin azaldılması istiqamətində diplomatik səylərin davam etdiyi bir vaxtda belə iddiaların ortaya çıxmasına təəccübünü ifadə edib.
Əl-Ənsari bildirib ki, təyyarələrin ekipajlarına Qətərin hava məkanını pozduqları barədə xəbərdarlıq edilib. Onlarla əlaqə yaratmaq cəhdləri nəticə vermədikdən sonra ölkə ərazisinin beynəlxalq hüquqa uyğun şəkildə qorunması üçün zəruri tədbirlər görülüb.
Qətər XİN-in nümayəndəsi, həmçinin axtarış-xilasetmə qruplarının pilotlardan birinin qalıqlarını aşkarladığını bildirib. Diplomat bildirib ki, Doha meyitin beynəlxalq humanitar hüquq normalarına uyğun şəkildə təhvil verilməsini əlaqələndirmək üçün Tehranla əlaqə saxlayıb.
Bundan əlavə, Qətər hələ aprel ayında iranlı nümayəndə heyətini axtarış əməliyyatının detalları ilə tanış olmaq üçün ölkəyə dəvət edib. Lakin Əl-Ənsarinin sözlərinə görə, İran tərəfi bu dəvətə indiyədək cavab verməyib.