Bermud üçbucağında itdiyi ehtimal olunan pilotlarla bağlı yeni detallar aşkar olunub - FOTO
Dəniz bioloqu, dalğıc Mayk Barnett və onun komandası İkinci Dünya Müharibəsi dövrünə aid təyyarənin qalıqlarını tapıblar. Ehtimal olunur ki, bu, “Reys 19 ”-un itmiş təyyarələrindən biridir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, söhbət ABŞ-ın “Reys 19” adlanan beş hərbi təyyarəsinin Bermud üçbucağından keçərkən radarlardan yoxa çıxması ilə bağlı hadisədən gedir.
“Əvvəlcə dənizin dibində yalnız bükülmüş metal yığını gördük. Bu, çox şey ola bilərdi – məsələn, batmış gəmidən geriyə qalan tullantılar”, - deyə alim bildirib.
Barnett qeyd edib ki, dalğıclar qalıqların yaxınlığından bir pər tapıblar. Qəza yerinin sonrakı tədqiqatı metal hissələrin ötən əsrin 40-cı illərinə aid döyüş təyyarəsinə aid olduğunu müəyyən etməyə imkan verib.
“History” kanalında yayımlanan materialda elm adamlarının həqiqətən də “Reys 19”-a aid itkin təyyarələrdən birini tapıb-tapmadıqları dəqiqliklə izah olunmur. Bununla belə, proqramın müəllifləri vurğulayır ki, yeni təfərrüatlar Bermud Üçbucağında baş verən insidentin sirrinin çözülməsi ilə bağlı ipucu ola bilər.
Qeyd edək ki, 1945-ci ilin dekabrında ABŞ Hərbi-Hava Qüvvələrinə aid 5 “Avenger” tipli bombardmançı təyyarə leytenant Çarlz Teylorun komandanlığı altında təlim uçuşu zamanı Floridadakı hava bazasından havaya qalxıb və bir qədər sonra yoxa çıxıb.
Bir neçə saat sonra “Avenger”lərin köməyinə gedən axtarış-xilasetmə təyyarələri ilə də əlaqə kəsilib. Ehtimal olunur ki, pilotlar məşhur Bermud üçbucağında yoxa çıxıblar. Aradan 76 il keçməsinə baxmayaraq, 27 nəfərin faciəli ölümünün təfərrüatları hələ də məlum deyil.