azia.az
azia.az

“Toyota Prius” avtomobilləri ilə bağlı mütəxəssisdən SOS!

18-06-2022, 19:13


Nəqliyyat eksperti: “Köhnə avtomobillərin yararsız akkumulyatorları mütləq təhvil verilməlidir...”
Azərbaycanda “Toyota Prius” (hibrid) avtomobillərinin sayı əvvəlki illərə nisbətən daha da artıb. Bu avtomobillər yanacağa qənaət etdiyi üçün hər kəsin diqqətini cəlb edir. “Prius” avtomobillərini vətəndaşlar daha çox Gürcüstandan gətirirlər. Oraya isə avtomobillər əsasən ABŞ-dan, az bir qismi isə Avropadan gəlir.
“Toyota Prius” avtomobilləri ilə bağlı mütəxəssisdən SOS!
ABŞ-da qəzalı vəziyyətdə olan bu avtomobillər auksiona çıxarılır. Alınan “Prius”lar təxminən 2 aya Gürcüstana, oradan isə Azərbaycana gəlir. Onlar qəzalı vəziyyətdə olduğu üçün öncə ustaya aparmaq lazım gəlir. Eyni zamanda, son zamanlar Amerikadan öz adlarına “Prius” sifariş edən azərbaycanlıların da sayı çoxalıb.

Bu maşınlar müəyyən sürətə kimi akkumulyatorla çalışır. Paralel olaraq daxili yanma mühərriki ilə də işləyir. Ekspertlər iddia edirlər ki, Azərbaycana gətirilən “Prius”ların akkumulyatorları zibilliyə atılır. Deyilənə görə, böyük ölçüdə olan həmin akkumulyatorlar radiasiya mənbəyidir. Onların həmin köhnə detalları xüsusi qaydada utilizasiya edilməlidir.

Yeri gəlmişkən, 2018-ci ildən etibarən Azərbaycana çoxsaylı hibrid avtomobillərin gətirilməsi ölkənin avtomobil parkında onların payını əhəmiyyətli şəkildə artırıb. Bu cür maşınlara marağın əsas səbəbi qiymətin münasib, yanacaq sərfiyyatının isə az olması ilə bağlıdır. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin 10 ayı ərzində ölkəyə 61 milyon manat dəyərində 10 033 ədəd hibrid avtomobil gətirilib. Ölkəyə daha çox Koreya və Yaponiya istehsalı olan “Toyota prius”, “Toyota Corolla” markalı avtomobillər idxal olunur. Bu avtomobillərin istismar müddəti 5-10 il aralığında dəyişir. Onlar yerli bazarda 13-20 min manat aralığında alıcılara təklif olunur.

Vergi Məcəlləsinə edilən dəyişiklikdən sonra bu avtomobillər gömrük rüsumundan azad edilib. Belə ki, 2022-ci il yanvarın 1-dən istehsal tarixi 3 il, mühərrikinin həcmi 2500 kubsantimetrə qədər olan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə vergidən azad olunub. Vətəndaşlar hibrid avtomobillərin keyfiyyətindən razı qalsalar da, kredit şərtlərinin ağır olduğunu deyirlər.

Bununla belə, son zamanlar baş vermiş yol-qəza hadisələrində əsasən “Toyota Prius” markalı avtomobilərin adı hallanır. Ekspertlər hesab edir ki, “Toyota Prius”lar sürücülər üçün daha sərfəlidir. Yəni bu tipli avtomobil idarə edənlər amortizasiya xərclərinin azalması, yanacaq sərfiyatı, ehtiyat hissələri və digər göstəriciləri nəzərə alır. Ona görə də, bu avtomobillərin gətirilməsinə üstünlük verirlər. Yəni bu avtomobillərdən bütün istiqamətlər üzrə istifadə edənlər çoxdur. Məsələn, taksi fəaliyyəti ilə məşğul olanların əksəriyyəti “Toyota Prius”dan istifadə edir. Maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrində bu tipli avtomobillərin sayı kifayət qədərdir. Yaş həddinə gəldikdə isə, həmin avtomobilləri idarə edənlər arasında 26-35 yaş arası gənclərin çoxluq təşkil etdiyi bildirilir.

Onu da qeyd edək ki, ötən ildən Azərbaycanda əksər sığorta şirkətləri bir sıra avtomobillərini icbari siğortalamağı dayandırıb ki, bunların içərisində “Toyota Prius” maşınları da yer alır. Sığorta fəaliyyəti haqqında qanunda edilən dəyişikliyə əsasən, sığorta agentlərinin sığortaçıda (sığorta şirkətində) vəzifə tutmasını qadağan edir. Yəni qanun sığorta agentlərinin müstəqilliyini tanıyır və ancaq onların sığorta edəcəklərini deyir. İcbarı sığorta məcburi olduğundan demək bu maşınları qanuna əsasən sığorta agentləri sığorta etməlidir. İcbari olduğundan İcbari Sığorta Bürosu və Nəzarətedici (Mərkəzi Bank) işə qarışmalıdır. Burada bəzi sığorta agentlərinin hüququ pozulur, digər bir qisim var ki, sığorta şirkətləri bəzi sığorta agentləri ilə işlədiyindən həmin avtomobilləri müəyyən olunmuş lisenziyalı agentlərə ötürür.

Eldəniz Cəfərov: “Avtomobillərin sıx yerləşməsi yollarımızda təhlükəni artırır”

Eldəniz Cəfərov

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Ölkəmizə gətirilən köhnə avtomobillər qeyri-rəsmi avtomobillərdir. Ona görə də onların akkumulyatorları xarab olduqda, müddəti başa çatdıqda bu avtomobillərin sahibləri məsuliyyətsizlik edərək həmin akkumulyatorları sadəcə zibilliyə atırlar. Əslində bu qəti qadağandır. Avtomobil akkumulyatorlarının zibilliyə atılması məsuliyyət yaradır. Bunu bütün vətəndaşlar bilməlidir. O cümlədən bu növ avtomobilin sürücüləri. Rəsmi şəkildə ölkəmizə gətirilən hibrid və elektriklə çalışan avtomobillərin belə akkumulyatorlarının müddəti bitdikdə rəsmi dillerlər və distrübüterlər tərəfindən geri alınır, yaxud təmir olunur. Və onun utilizasiyası təmin edilir. Ən azından köhnə avtomobillərin, artıq yararsız vəziyyətə düşmüş, köhnəlmiş akkumulyatorları akkumulyator satışı olan məntəqələrə, yaxud da təmir olan məntəqələrə təhvil verilməlidirlər. Zibilliyə atılan belə akkumulyatorlar çox təhlükəlidir. Radiasiya ilə yanaşı, misal üçün onları zibillikdə gün vurur, şaxta düşdükdə parçalana bilirlər. Parçalandıqda onların tərkibindəki kimyəvi zərərli maddələr torpağın səthinə hopa bilir. Hətta suya qarışa bilir. Bu da nəticədə insan sağlamlığına böyük ziyan vura bilər”.

Afaq MİRAYİQ,

“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi