azia.az
azia.az

Başgicəllənmə və ürəkbulanma ciddi problemin əlaməti ola bilər

24-04-2025, 23:03

Bir çox insan ani hərəkətlər zamanı başgicəllənməsi və ürəkbulanması kimi şikayətlər yaşayır. Bəzən əhəmiyyət verilməsə də, bu vəziyyət zamanla daha ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bu şikayətlərin arxasında isə yaşdan asılı olmayaraq hər kəsdə rast gəlinə bilən hipotoniya, yəni aşağı qan təzyiqi dayanır.

 

Pravda.az hipotoniya haqqında məlumatları təqdim edir:

 

Hipotoniya nədir

 

Qan təzyiqi - arteriyalarda axan qanın damar divarına göstərdiyi təzyiqdir. Normal qan təzyiqi təxminən 120/80 mm civə sütunu (mm Hg) olmalıdır. Əgər bu göstərici 90/60 mm Hg və ya daha aşağıdırsa, bu, hipotoniya — yəni aşağı qan təzyiqi deməkdir. Hipotoniyanın ən çox rast gəlinən əlamətləri arasında başgicəllənmə, ürəkgetma, soyuq və tərli dəri, yorğunluq və ürəkbulanma var.

 

Hipotoniyanın növləri

 

Postural və ya ortostatik hipotoniya: Ayağa qalxarkən təzyiqin düşməsi.

 

Postprandial hipotoniya: Yeməkdən sonra təzyiqin düşməsi.

 

Neyrokardiyogenik hipotoniya: Beyindən gələn yanlış siqnallar nəticəsində təzyiqin düşməsi.

 

Ortostatik hipotoniya ilə müşayiət olunan çoxlu sistem atrofiyası: Sinir sistemindəki zədələnməyə bağlı olaraq baş verən hipotoniya.

 

Aşağı qan təzyiqinin səbəbləri

 

Qan azlığı

 

İstifadə olunan bəzi dərmanlar (qan təzyiqi, ürək və antidepressant preparatlar və s.)

 

Qanaxmalar və qan itkisi

 

Allergik reaksiyalar

 

Bədənin ehtiyac duyduğu mayenin azlığı (az su içmək, ishal, intensiv fiziki fəaliyyət)

 

Natamam və nizamsız qidalanma

 

Hamiləlik

 

Stress, narahatlıq, qorxu

 

Mərkəzi sinir sistemi xəstəlikləri

 

Ciddi infeksiyalar

 

Qaraciyər xəstəlikləri

 

Qidalanma pozğunluqları

 

Hormon balanssızlığı

 

Hipotoniya necə müalicə olunur

 

Hipotoniyanın müalicəsi bu vəziyyətin yaranma səbəbinə görə dəyişir. Çünki bir çox faktor hipotoniya üçün tətikləyici ola bilər və səbəbə uyğun müalicə planı tərtib olunur. Burada xəstənin özü də aktiv rol oynamalıdır. Yaşam tərzində ediləcək kiçik dəyişikliklərlə müalicəyə dəstək vermək mümkündür.

 

Hipotoniyanın təsirlərini azaltmaq üçün

 

Qan təzyiqini tarazlamaq üçün duzla zəngin, lakin nəzarətli qida rasionu seçin. Bunun üçün mütləq həkiminizlə məsləhətləşin.

 

Gün ərzində bol maye qəbul edin. Xüsusilə isti havalarda və soyuqdəymə hallarında maye qəbuluna daha çox diqqət yetirin.

 

Alkoqol istifadəsini məhdudlaşdırın.

 

Kofein qəbulunu azaldın.

 

Qan dövranını sürətləndirmək üçün müntəzəm fiziki fəaliyyətlə məşğul olun.

 

Stressdən uzaq durun.

 

Oturarkən ayaq-ayaq üstə qoymayın.

 

Ani hərəkətlərdən çəkinin, yavaş və ehtiyatlı hərəkət edin.

 

Porsiyaları kiçildin, karbohidrat qəbulunu azaldın.

 

Əminə Bayramova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi