“Əgər Qərbi Azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı baş verirsə, Ermənistan bununla bağlı üzərinə hüquqi öhdəlik götürməlidir”
Qərbi Azərbaycana addım-addım yaxınlaşırıq. 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin tapşırığı və tövsiyələri əsasında bu istiqamətdə çox səmərəli fəaliyyət göstərir. Beynəlxalq aləmdə Qərbi Azərbaycan həqiqətlərinin tanıdılmasına nail olan icmanın fəaliyyətinin əsas məqsədi soydaşlarımızın doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasının təmin edilməsi prosesinə dəstək verilməsidir. Xatırldadaq ki, dövlət başçısının Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşməsi və orada səsləndirdiyi fikirlər Qayıdış Konsepsiyasının hazırlanmasına rəvac verdi və “Yol xəritəsi”ni müəyyənləşdirdi. Prezident görüş üçün həmin yerin təsadüfi seçilmədiyini də vurğulayaraq demişdi:
“Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah”.
Artıq İcmanın 4 sənədi BMT-də bu təşkilatın rəsmi sənədi kimi yayılıb. Həmçinin, Qərbi Azərbaycanın həqiqətlərinin dünyada tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirilir və bir sıra ölkələrdə forumlar təşkil edilir. Tarix heç nəyi unutmur və silmir. Yalançı xülyalar isə bir gün sabun köpüyü kimi yox olur. Məsələn, dünya ermənilərinin himayədarları "dənizdən-dənizə böyük Ermənistan" ideyasını nə qədər gerçəkləşdirməyə çalışsalar da, istəklərinə nail ola bilmədilər. Çünki yalan üzərində qurulan ideya və arzular gec və ya tez məhvə məhkumdur. Tarixi, faktları isə heç kim məhv edə bilməz. Əfsuslar olsun ki, sovetlərdən dəstək alan ermənilər soydaşlarımızın Qərbi Azərbaycandan 1918-1920, 1948-1953, 1988-1991-ci illərdə mərhələli və kütləvi şəkildə qovulmasına nail olublar. Təkcə bir faktı demək kifayətdir ki, 1988-1991-ci ildə bizə məxsus tarixi torpaqlardan 250 mindən çox azərbaycanlı didərgin salınıb.
İrəvan xanlığının ərazisi Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra Türkiyə və İrandan köçürülən ermənilərin hesabına keçmiş xanlığın əhalisinin sayının süni şəkildə artırılması nəticəsində demoqrafik vəziyyətdə ciddi dəyişikliklər baş verib. Təsəvvür edin, 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının torpaqlarında yaradılmış erməni vilayətində 1832-ci ildə cəmi 81 min 610 erməni yaşayırdı. Ermənilərin 50 mindən çoxu həmin əraziyə 1828-1829-cu illərdə köçürülmüşdü. 1873-cü ildə adı Erivan (İrəvan) quberniyasına dəyişdirilmiş bu vilayətdə 221 min 191 erməni var idi. 40 il ərzində buradakı ermənilərin sayı məqsədli şəkildə təxminən üç dəfə artırılmışdı. Birmənalı olaraq təbii artım yolu ilə onların çoxalması mümkün deyildi. Belə bir mənzərəni yalnız kütləvi, yəni, heç bir halda gizlədilməsi mümkün olmayan köçürmə prosesi yarada bilərdi. Azərbaycanlıların 1948-1953-cü illərdə indiki Ermənistan ərazisində yaşadıqları əzəli tarixi torpaqlarından kütləvi şəkildə deportasiyası, onların 1956-cı, 1960-cı, 1968-ci illərdə Qarabağ və Naxçıvana ekspansionist cəhdlərinin sonrakı mərhələləri oldu. 1988-1989-cu illər azərbaycanlıların Qərbi Azərbaycan ərazisindəki doğma yurdlarından tamamilə deportasiyası ilə başa çatan son mərhələ idi. Tarix, şahidlər, sənədlər, xəritələr Qərbi Azərbaycanın bizim tarixi torpaqlarımız olduğunu sübut edir. Sovet Ermənistanında 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayıblar. 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil ediblər. Bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşayıblar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarılıb, bir çoxu öldürülüb, qalanlarına işgəncələr verilib. Əzəli Azərbaycan torpaqlarına köçürülmələrindən etibarən ermənilər xalqımızın mədəni, mənəvi və memarlıq irsinə qarşı vandalizm siyasəti həyata keçiriblər. Yürüdülən etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın etnik mənsubiyyətinə xas olan yaşayış məntəqələrinin, çayların, göllərin, dağların adları saxta erməni toponim adları ilə dəyişdirilib. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbirstanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib. Qərbi Azərbaycana qayıdış xalqımızın mənəvi və tarixi haqqıdır. Ölkə rəhbəri mütəmadi olaraq Qərbi Azərbaycanlıların qayıdış məsələsini gündəmə gətirir, soydaşlarımızın mütləq öz yurdlarına geri dönəcəklərini əminliklə bəyan edir. Prezident Bakıda böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında da Qərbi Azərbaycanlıların qayıdışından danışdı. Dövlət başçısı vurğuladı ki, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalıb: "1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar. Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük". Prezident diqqətə çatdırdı ki, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir.
Millət vəkili Sahib Alıyev "Sherg.az"a açıqlamasında deyib ki, Qərbi Azərbaycana qayıdış məsələsi Ermənistana ərazi iddiası deyil. Deputat vurğulayıb ki, Qərbi Azərbaycanlılar heç vaxt indiki Ermənistanda özlərinin ayrıca müstəqil respublikasını yaratmaq düşüncəsində olmayıblar:
"Biz heç vaxt deməmişik ki, Ermənistan vətəndaşlığından imtina edirik. İndiyədək Qarabağdakı haylardan fərqli olaraq Ermənistan dövlətinə qarşı 1980-ci illərin sonlarında, 1990-cı illərin əvvələrində hər hansı terror aktında, silahlı qarşıdurmada yer almamışıq, buna cəhd də edilməyib. Bütün bunlara dayanaraq deyə bilərik ki, Qərbi Azərbaycana qayıdış məsələmiz qətiyyən Ermənistana təcavüz aktı deyil. Əslində bunu Ermənistan özü də gözəl bilir. Hazırda Ermənistan böyük güclərin əlində alət, vasitə kimi çıxış edir. Ancaq azərbaycanlıların indiki Ermənistanda varlığı, çoxalması heç cür imkan verməyəcək ki, kimlərsə İrəvandan geosiyasi alət kimi faydalansın, milli kimliyindən asılı olmayaraq, orada yaşayanların ləyaqəti alçaldılsın. Bunun qarşı tərəf üçün çox böyük mənəvi dividenti var. Çox təəssüf ki, ermənilər onlara zorla sırınmış ideologiyalardan xilas ola, düçar olduqları xəstəlikdən sağala bilmirlər. Qərbi Azərbaycanlıların qayıdışının əslində onlar üçün nə qədər müsbət məqamlar vəd etdiyini görmürlər. Dərk etmirlər ki, bu qədər müddət ərzində dövlət yarada bilmədilər. Arxalarında duranlara, dəstək olanlara, torpaq işğalına rəğmən, müstəqilliklərini daha da itirdilər. Böyük güclərin əlində daha böyük alətə çevrildilər. Bunlardan nəticə çıxarmaq lazımdır. Ermənistan monoetnik yanaşmadan əl çəkərsə, bundan ancaq və ancaq qazana bilərlər".
Parlament üzvü vurğulayıb ki, əgər Qərbi Azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı baş verirsə, Ermənistan bununla bağlı üzərinə hüquqi öhdəlik götürməlidir:
"Məhz buna görə Qərbi Azərbaycan İcması davamlı olaraq Ermənistan hökumətinə müraciətlər edir. Danışıqların ilkin mərhələsində bu məsələ qaldırılırdı. Qarşı tərəf Qarabağdakı keçmiş hay icması ilə bağlı məsələ qaldırırdı. Biz isə deyirdik ki, Qərbi Azərbaycanlılar öz doğma yurdlarına qayıtmalıdır. Bəyan edirdik ki, Qarabağdakı ermənilə hansı hüquqlarla təmin olunacaqlarsa, azərbaycanlılar da həmin hüquqlarla təmin olunmalıdır. Bu, təkcə ikitərəfli yox, həmçinin, beynəlxalq hüquqi normalara dayanan reallıqdır. Bunun hüquqi bazası var".
Sahib Alıyev bu məsələdə Ermənistanı qorxudan məqamlara da diqqət çəkib: "Ermənistanı bu dərəcədə təşvişə salan, qorxudan nədir? Fikir verdinizsə, Azərbaycan Prezidenti cənab İlham Əliyev Aşıq Ələsgərin abidəsinin açılışı zamanı çıxışında vurğuladı ki, biz daim qarşımıza hədəflər qoymalıyıq, bu hədəflər qısamüddətli və uzunmüddətli, taktiki və strateji olmalıdır. Beləliklə, hər kəs, o sıradan Ermənistandakılar da anlayırlar ki, Qərbi Azərbaycan məsələsi təkcə ona görə qaldırılmayıb ki, bəziləri Qarabağı planlaşdırdıqları kimi Kosovaya çevirə bilməsinlər. Qərbi Azərbaycana qayıdış taktiki gediş yox, strateji hədəfdir. Ardınca cənab Prezidentin bir ifadəsi də oldu. Dövlət başçısı dedi ki, hər şey bizim öz əlimizdədir, ədaləti özümüz bərpa etməliyik. Hədəflərdən danışarkən isə vurğuladı ki, bu hədəflər ədalətə, beynəlxalq hüquqa və reallığa əsaslanmalıdır. Ermənistandakılar və onlara nələrisə diktə edənlər də bilirlər ki, Azərbaycanın tələbləri doğrudan da, ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və onu reallışdırmaq üçün potensialı da yetərincədir. Ona görə də Ermənistanda təvşiş yaranır. Ancaq biz mütləq öz hədəfimiz çatacağıq. Bir məqamı da qeyd edim. Aşıq Ələsgərin abidəsi həm də vətənə çağırış abidəsidir, Qərbi Azərbaycana qayıdış rəmzidir. Bizim tariximiz var. Səlcuqlar həmişə düşmən üzərinə gedəndə, ozanlar öndə gedirdi. Ön cərgədə ozanlar, ardınca ordu gedirdi. Bu tarixi reallıqları qarşı tərəf də hər halda bilməmiş deyil. Və onu da bilməmiş deyillər ki, öncəki deportasiyalar zamanı arxalarında indiki kimi güclü bir dövlət, cənab İlham Əliyev kimi qüdrətli lider olmadığı halda belə əgər Qərbi azərbaycanlılar yenidən öz yurd yerlərinə dönə biliblərsə, indi daha böyük əminliklə geri qayıdacaqlar. Haylar da, onları geosiyasi alət gözündə görənlər də yaxşı olardı ki, Qərbi Azərbayana qayıdış məsələsini Ermənistana qarşı ərazi iddiası kimi təqdim etmək yalanlarına son qoysunlar. Bizim iddiamız var, amma bu, Azərbaycan dövlətinin Ermənistana qarşı torpaq iddiası yox, Qərbi Azərbaycanlıların vətən iddiasıdır. İddiamız beynəlxalq humanitar hüquqa dayanır. Ermənistan parlamentinin bizə Altaya getməyi məsləhət görən sədri Alen Simonyanın isə diqqətinə çatdırıram ki, Göyçədə oğuzların əcdadı Oğuz xanın, xanlar xanı Bayandur xanın məzarları var. Altay deyəndə əgər türk yurdu nəzərdə tutulursa, onda Qərbi Azərbaycan özü də elə Altaydır".