Azərbaycan xalqının şanlı qələbə qazandığı Vətən Müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən yenidənqurma və abadlıq işləri zamanı Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin nəşləri aşkarlanır. Aparılmış araşdırmalar zamanı 32 ildir itkin düşən şəxsiyyəti müəyyən olunan şəhid hərbçilərimizdən biri də Abşeron rayonu Xırdalan şəhər sakini, 1973-cü il təvəllüdlü Əliyev Rövşən Məcid oğlu olduğu müəyyənləşib. Onun nəşi bu gün Xırdalan şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Sfera.az xəbər verir ki, dəfn mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının və idarə-təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirtak edib.
Qeyd edək ki, Rövşən Məcid oğlu Əliyev 1973-cü il mart ayının 20-də Abşeron rayonunun Xırdalan şəhərində anadan olub. 1991-ci ildə ailə həyatı quran Rövşən tezliklə Sovet ordusu sıralarında hərbi xidmətə çağırılır və Kazan şəhərində qulluq etməyə başlayır. Lakin erməni təcavüzü zamanı Rövşən Əliyev Sovet ordusunda qulluqdan imtina edərək doğma ölkəmizə qayıdır. Elə həmin 1991-ci ildən etibarən sərhəddə yerləşən Qazax bölgəsində Milli Ordu sıralarında qulluq etməyə başlayır. 1992-ci ildə Yevlax batalyonu tərkibində vuruşur. Ailədə 3 bacının yeganə qardaşı və 2 qız atası olan Rövşən Əliyev 1992-ci il dekabr ayının 10-da Laçın rayonu ərazisində erməni daşnaklarına qarşı aparılan hərbi əməliyyatlar zamanı itkin düşüb.
Dəfn mərasimində şəhidin ailə üzvləri bildiriblər ki, uzun illər işğal olunmuş torpaqlarımızın azad edilməsini, şəhid Rövşən Əliyevin nəşinin dəfn edilməsini və ziyarət edəcəkləri qəbrinin olmasını arzulayıblar. Uzun illərdən sonra şəhidin nəşinin tapılmasını və şəhidlik zirvəsinə layiq şəkildə dəfn edilməsini yüksək dəyərləndirən ailə üzvləri Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.