Ziyalılar Prezidentə müraciət etdilər
Bir qrup ziyalı Prezident İlham Əliyevə müraciət edib.
“Cebhe.info”-ya daxil olan müraciətdə ziyalılar ədəbi dilimizin zənginləşməsi prosesini tənzimləyən quruma ehtiyac olduğunu vurğulayıblar.
Müraciətdə bildirilir ki, bu gün də dövlət dilimizin xüsusi qayğıya ehtiyacı var:
“Qloballaşmanın, elmi-texniki tərəqqinin sürətli gedişatı dilə yeni sözlərin gəlməsini tələb etdiyi bir dövrdə dilimizə labüd olaraq yeni terminlər daxil olur. Bu terminlərin, demək olar ki, hamısı əcnəbi dillərdən alınmadır və əksəriyyətinin Azərbaycan dilində qarşılığı yoxdur. Kortəbii termin axını dili zənginləşdirmək əvəzinə, onun təbiətinə zidd meyillərinortaya çıxmasına səbəb olur. Görünən budur ki, son vaxtlar həyatımızın müxtəlif sahələrində söz yaradıcılığı günün tələbləri ilə ayaqlaşa bilmir. Ona görə də dilə termin axınını şərtləndirən prosesi tənzimləyə biləcək məsul bir qurumun yaradılmasına ehtiyac vardır. Məsələn, qardaş Türkiyə Cümhuriyyətində otuza yaxın ştatlı əməkdaşı olan bir təsisat mövcuddur. Onlar dilin yenilənməsi prosesini nəzarətdə saxlayır, yeni terminlərin türk dilində qarşılığını yaradır”.
Ziyalılar hesab edirlər ki, ölkəmizdə də müvafiq qurumun yaradılmasına böyük ehtiyac var:
“Bu qurum dilimizə daxil olan əcnəbi mənşəli terminləri araşdırıb zərurət yaranarsa,ana dilimizin daxili imkanları hesabına yeni sözlərlə əvəz edə bilər.
Səhiyyə, təhsil, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyaları sahəsində əcnəbi dillərdən alınma terminlər xüsusilə çoxluq təşkil edir. Müvafiq sahələrdə çalışan ixtisaslı kadrların iştirakı ilə belə bir qurum yaradılarsa, Azərbaycan dilinin lüğət tərkibinin mahiyyətcə dolğunlaşması, inkişafı, zənginliklərinin qorunub saxlanması və müasirləşməyə uğurla uyğunlaşa bilməsi üçün çox gözəl imkanlar açıla bilər”.
Müraciəti bir qrup professor, dosent, eləcə də yazarlar imzalayıb.
“Cebhe.info”