azia.az
azia.az

Polimer Materialları İnstitutu 2023-cü ildə elmi və elmi-təşkilati fəaliyyətini uğurla başa vurub

30-12-2023, 12:11


 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda (PMİ) 2023-cü ildə 2 problem, 4 mövzu, 18 iş, 24 mərhələ üzrə elmi-tədqiqat işləri yerinə yetirilib.

2023-cü ildə institutda aparılan elmi-tədqiqat işləri üzrə 7 mühüm elmi nəticə əldə olunub, 1 laboratoriya texnoloji reqlamenti işlənib hazırlanıb və tətbiq üçün tövsiyə olunub.

Respublika ərazisində olan təbii mineral ehtiyatlardan – bentonit, perlit, mis filizi tullantıları, vezuvian, üyüdülmüş gil, talk, üyüdülmüş qrafit və metal ovuntusundan istifadə etməklə aşağı molekul kütləli yüksək təzyiqli polietilen, polipropilen və PVX-in tərkibinə müxtəlif doldurucular, yumşaldıcılar və stabilizatorların daxil edilməsi ilə termiki emalla polimer kompozit materiallar alınıb və 168 nümunənin fiziki-mexaniki xassələri öyrənilib.

      Cari ildə PMİ ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Lənkəran Dövlət Universiteti, Mikrobiologiya İnstitutu, “Metak MMC”, Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Gəncə Bölməsi, Azərbaycan Tibb Universiteti və Sumqayıt Dövlət Universiteti (SDU) arasında imzalanan elmi-texniki əməkdaşlıq müqavilələri üzrə işlər davam etdirilib, tədqiqatlar üzrə məqalə və məruzə tezisləri nəşr olunub, tədqiqatların nəticələrini təsdiq edən yeni sınaq aktları alınıb. 

İnstitutun alimləri Rusiya Federasiyası, Bolqarıstan, Başqırdıstan, Belarus, Gür­cüstan və Özbəkistanın elmi müəssisələri ilə əməkdaşlıq edirlər. Müqavilələr üzrə aparılan tədqiqatlar nəticəsində  məqalə və tezislər nəşr edilib. 

Aparılan elmi tədqiqatların nəticələri 1 monoqrafiyada, 59 məqalədə, 146 məruzə-tezisdə öz əksini tapıb. Nəşr olunan məqalələrdən 44-ü indeksləşmiş – “Web of Science”, “Scopus” bazalarına daxil olan jurnallarda, 3-ü yüksək impakt faktorlu jurnallarda  dərc olunub. 

2023-cü ildə institutun elmi işçilərinin əsərlərinə 662 istinad olunub.

Polimer Materialları İnstitutunun 16 əməkdaşı Google Scholar TOP 1000 Scholars fərdi Google Scholar H-indeks xallarına əsaslanan ən yaxşı 1000 akademik tədqiqatçının elmi məhsuldarlığının reytinq cədvəlinə əsasən H-indeks göstəricilərinə müvafiq olaraq mükafatlandırılıblar.

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 13 mart 2023-cü il tarixli qərarı ilə əsərlərinə ən çox istinad edilməsində fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının “İstinadda Rekord” diplomu ilə təltif edilib.

Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov "Известия высших учебных заведений" jurnalının "Химия и химическая технология" (ChemChemTech) seriyasındakı ekspert fəaliyyətinə görə jurnalın baş redaktoru Rusiya Elmlər Akademiyasının akademiki O.İ.Kоyfman tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.

Fiziki - kimyəvi analiz şöbəsinin aparıcı еlmi işçisi kimya üzrə fəlsəfə doktoru, dosent Nazimhikmət Bektaşi Science Publishing Group (SciencePG) nəşriyyatında dərc olunan “Modern Chemistry” jurnalının redaksiya heyətinə üzv seçilib. 

Poliefir- və polikarbonat materiallar lаbоrаtоriyаsının kiçik еlmi işçisi Günel Qurbanlı Sumqayıt şəhər İcra Hakimyyətinin başçısı Zakir Fərəcovun Sərəncamına əsasən “İlin gənc elmi işçisi” nominasiyası üzrə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif edilib.

İnstitutun “Vikipediya” təlimlərində iştirak edən 4 əməkdaşı diplom və sertifikatla təltif olunublar. 

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadın əməkdaşlardan 80 nəfərinə institutun rəhbərliyi tərəfindən təşəkkür elan edilib.

İnstitutda hazırda 2 doktorant təhsil alır. 7 dissertant (fəlsəfə doktoru hazırlığı üzrə – 3 nəfər, elmlər doktoru hazırlığı üzrə – 4 nəfər) dissertasiya işləri üzərində   işləyir. Onlardan 1 doktorant və 1 dissertant bu il qəbul olunublar.

Polimer Materialları İnstitutunun alimləri ölkəmizin ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edirlər.  

Bu ilin noyabrında PMİ ilə SDU arasında kadr hazırlığı və elmi-tədqiqat üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. İnstitutda 2016-cı ildə yaradılan SDU-nun Elm və Tədris Mərkəzi fəaliyyətini davam etdirir. 

2023-cü ildə PMİ ilə Özbəkistan Respublikası Elmlər Akademiyası U.A.Arifov adına İon-plazma və Lazer Texnologiyaları İnstitutu arasında 2023-2028-ci illəri əhatə edən elmi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb. 

İnstitutun əməkdaşları tərəfindən 6 patent alınıb, 5 ixtira səviyyəli iş hazırlanıb və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə təqdim olunub. 3 patentin götürülməsi haqqında qərar verilib.

İl ərzində institutda baş verən mühüm hadisələr haqqında 87 xəbər hazırlanıb, ümumilikdə isə 341 xəbər emal edilərək institutun saytında və facebook səhifəsində, eləcə də bir çox kütləvi informasiya vasitələrində işıqlandırılıb. 

2024-cü ildə Polimer Materialları İnstitutunda səciyyəvi quruluşlu və məxsusi xassəli polifunksional monomer, oliqomer və polimerlərin, polimer qarşılıqlarının, polimer-polimer, polimer-oliqomer və polimer əsaslı hibrid kompozisiyaların və nanokompozisiyaların yaradılması, xassələrinin və tətbiq imkanlarının öyrənilməsi istiqamətlərində elmi tədqiqat işlərinin yerinə yetirilməsi   planlaşdırılır.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi