azia.az
azia.az

Ödənişli Bakı-Quba yolunda qiymətlər necə tənzimlənəcək - alternativ yoldan fərqi...

8-09-2023, 18:00

Ekspert: “Dünya praktikası belədir ki, ödənişli yollarda olan şərait ödənişsiz yollarda da olmalıdır”

Nazirlər Kabineti “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında” qərar verib.

APA-nın xəbərinə görə, qərara əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 3692 nömrəli Sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.

Ödənişli avtomobil yolunun texniki göstəriciləri:

- texniki dərəcəsi - I b;

- hərəkət zolaqlarının sayı - 4;

- hərəkət zolağının eni - 3,75 metr;

- yol çiyninin eni - 3,75 metr;

- ayırıcı zolağının eni - 5 metr;

- torpaq yatağının eni - 27,5 metr;

- dayanma zolağının eni - 2,5 metr;

- yol çiyninin bərkidilmiş zolağının eni - 0,75 metr;

- ayırıcı zolaqda bərkidilmiş zolağın eni - 1 metr.

Alternativ ödənişsiz avtomobil yolunun uzunluğu, marşrutu və əsas

texniki göstəriciləri:

- uzunluğu - 142 kilometr;

- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-194-cü kilometrədək olan hissəsi;

- texniki dərəcəsi - 80 kilometr I b dərəcəli, 62 kilometr II dərəcəli;

- hərəkət zolaqlarının sayı - I b dərəcəli yol üzrə 4, II dərəcəli yol üzrə 2;

- hərəkət zolağının eni - 3,75 metr;

- yol çiyninin eni - 3,75 metr;

- ayırıcı zolağının eni - I b dərəcəli yolda 5 metr;

- torpaq yatağının eni - I b dərəcəli yol üzrə 27,5 metr, II dərəcəli yol üzrə 15 metr;

- dayanma zolağının eni - 2,5 metr;

- yol çiyninin bərkidilmiş zolağının eni - 0,75 metr;

- ayırıcı zolaqda bərkidilmiş zolağın eni - I b dərəcəli yolda 1 metr.

Qərara əsasən, Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla təsdiq etməlidir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılsın ki, ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin gedişinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Avtomobil yolunun ödənişli hissəsinin başlanğıc və son nöqtələri:

- başlanğıc nöqtəsi - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci kilometri;

- son nöqtəsi - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun R-5 Qusar-Xudat avtomobil yolu ilə kəsişməsi.

Ödənişli avtomobil yolunun uzunluğu - 129 kilometr.

Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:

- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 75-ci kilometri - Giləzi qəsəbəsi;

- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 105-ci kilometri - Siyəzən rayonu;

- R-1 Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 1-ci kilometri - Gəndob qəsəbəsi;

- R-4 Quba-Xaçmaz avtomobil yolunun 19-cu kilometri - Xaçmaz rayonu;

- R-5 Qusar-Xudat yolunun 22-ci kilometri - Xaçmaz rayonu.

Söhbət bir müddət öncə inşa edilmiş yoldan gedir, yoxsa hazırda təmiri gedən yol da ödənişli olacaq? 

Beynəlxalq standartlara görə, ödənişli yol tətbiq edilərkən ona alternativ ödənişsiz yol da olmalıdır.

Ölkədə daha hansı istiqamətdə ödənişli yollar ola bilər? Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, dünyanın bir çox ölkəsində ödənişli əsaslarla fəaliyyət göstərən yollar var və belə yolların ödənişsiz yollardan fərqi sürət həddinin yüksək olmasındadır: “Ödənişli yollarda sürət həddi yüksək olmaqla, təhlükəsizlik məsələlərinə də xüsusi önəm verilir. Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni hissəsi 129 kilometrdir. Yolun həmin hissəsinin ödənişli olması nəzərdə tutulur. Tariflər əhalinin gəlirlərinə əsasən müəyyən ediləcək. Dövlət bunda maraqldır. Ödənişli əsaslarla fəaliyyət göstərən yolların olması hər ölkənin daxili işidir və bu artıq sınanılmış dünya təcrübəsidir. Azərbaycanda pullu yolların baha olacağını düşünmürəm. Ən azından qiymətlər müəyyən edilərkən əhalinin güzəranı, həmin istiqamət üzrə hərəkət edənlərin ümumi durumu nəzərə alınıb. Bəllidir ki, həmin yolda hərəkətə görə ödənilən pul dövlət büdcəsinə gedəcək və bu da həmin yolun saxlanmasına ayrılacaq. Dövlətin buradan qazanc əldə etmək fikrinin olduğunu düşünmürəm. Ancaq bu kimi yolların saxlanılması üçün ödənişin tələb edilməsi normaldır. Dünya təcrübəsində bu tipli yollarda ancaq tunel, körpüdən istifadə üçün ödəniş edilir”.

BNA vaxtında işini düzgün qurmadığı üçün "Bakubus"ın avtobusları Hövsanda  çürümək üzrədir" - Avtosfer.az

Elməddin Muradlı 

Qonşu ölkələrin təcrübəsindən danışan ekspert bildirib ki, Gürcüstanda ümumiyyətlə ödənişli yol yoxdur: “Gürcüstanda belə bir təcrübə yoxdur. Çünki Gürcüstanda magistral yollar ödənişli olacaq dərəcədə yüksək səviyyədə deyil. Ümumiyyətlə, bu istiqamətdə Gürcüstanla Azərbaycan müqayisə edilə bilməz. Türkiyədə isə hazırda Avropa istiqamətində olan yol ödənişlidir. Həmçinin Türkiyənin məşhur boğaz körpüsünə giriş də ödənişlədir. Burada ödəniş avtomobillərin formasına görə dəyişir. Ölkə ərazisində pullu yollar yalnız onların pulsuz alternativi olduğu halda çəkilə bilər. Həmçinin ödənişli əsaslarla fəaliyyət göstərən yolun alternativ yoldan qısa olması vacibdir. Ödənişli əsaslarla fəaliyyət göstərəcək Ələt-Astara-İran İslam Respublikası sərhədi yolu alternativindən 39, Bakı-Quba-Rusiya sərhədi yolu isə alternativindən 18 km qısadır”.

Ekspert deyir ki, hələlik yeni ödənişli yolda qiymətlər müəyyən olunmayıb: “Operatorlar vasitəsi ilə yol daim nəzarətdə olacaq. Qiymətlər də yoldan istifadə kilometrinə görə dəyişəcək. Kimsə ödənişli yolla 50 kilometr gedəcəksə, həmin gediş məsafəsinə görə ödəniş olacaq. Bir çox ölkələrdə ödənişli yollardan daimi istifadə edənlərə bonuslar verilir. 2 gedişdən sonra 3-cü gediş pulsuz olur. Dünya praktikası belədir ki, ödənişli yollarda olan şərait ödənişsiz yollarda da olmalıdır. Hərəkət üçün hər bir şərait yaradılmalıdır. Təəssüf ki, Azərbaycanda yolların vəziyyəti o qədər də yaxşı deyil. Cənub istiqamətində, Bakı-Qazax yolunda çökmələr var. Son vaxtlar bununla bağlı videolar yayılmağa başlayıb. Getdikcə Bakı-Quba beton yolunun dağılmış halını ala bilər. İnsanları belə yollara möhtac qoyub qarşılığında da pullu yollar təklif etmək doğru deyil. Adam var ki, imkanı da var, amma dövlətin tikdiyi yoldan səmərəli şəkildə istifadə etmək istəyir. Hər bir vətəndaşın abad yolla getmək hüququ var. Ona görə də dövlətin tikdiyi ödənişsiz yollar da ödənişli yollardan geri qalmamalıdır”.

Qeyd edək ki, ABŞ-da olan 90 min kilometrlik federal yolların 10 min kilometri ödənişlidir. Pul (50 sentdən 15 dollara qədər) adətən körpü və tunel olan ərazilər üçün alınır. Avropada da pullu yollarda haqq ümumi yolun uzunluğuna görə deyil, yalnız keçilən tunel, körpü və estakadalara görə alınır. Yəni bu tikintilər olmayan yerlər üçün pul hesablanmır. Tariflər nəqliyyat vasitəsinin növünə və məsafəyə görə hesablanır. Məsələn, İspaniyada Madriddən Barakas aeroportuna getmək üçün cəmi 1,75 avro ödənilirsə, Madriddən Barselonaya getmək üçün (200 km) 30 avro ödəmək lazım gəlir. Çində isə ödənişli yollarda gediş haqqı hər kilometr üçün 8 sentdir. Pullu yolları postsovet ölkələrindən ən tez tətbiq edən Rusiya olub. 90-cı illərdən başlayaraq ölkədə belə yollar dövlət tərəfindən inşa edilib, 2007-ci ildən sonra isə özəl bölmə də prosesə cəlb olunub. Hazırda Rusiyada 11 federasiya subyektinin ərazisində 1100 km federal və regional əhəmiyyətli yol ödənişlidir.

E.MƏMMƏDƏLİYEV,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi