azia.az
azia.az

İlahiyyatçı: “Uşaqların məscidlərə getmələri yaxşıdır”

26-07-2023, 09:51

Məhərəmlik ayı boyunca məscidlərdə daha çox sıxlığın şahidi oluruq. İnsanlar Kərbəla faciəsini anır, şəhidlərin xatirəsini yad edir, məddahlar tərəfindən İmam Hüseyn haqqında mərsiyələr, ağılar deyilir.

Bəzi dini rituallar cəmiyyətdə birmənalı qarşılanmır. Kimiləri bunu tənqid edir, mövhumat adlandırır, belə ənənələrin yaşadılmasını düzgün hesab etmir. Bir qisimsə - uşaqdan öyüyə bunu dinin özü sayır. Kərbəlanı ikinci Məkkə adlandırırlar. 

İlahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlamasında Kərbəla hadisəsinin mahiyyətindən bəhs edib, bunun İslam tarixində və müsəlmanların nəzərində önəmindən danışıb:

“Kərbəla hadisəsi yaxın keçmişdə baş vermiş bir hadisə deyil. Kərbəla hadisəsi dünən baş verməyib, iki il bundan öncə baş verməyib. Əsrlərdən günümüzə qədər bu hadisə geniş şəkildə, ehtişamlı yad edilirsə, demək digər tarixi hadisələrdən fərqlənir. Hər il Məhərrəm ayı özüylə birlikdə hüzn, qəm, kədər gətirir. Kərbəlada şəhid olan 72 nəfərin çoxu Peyğəmbər nəslindən idi. Xüsusən İmam Hüseyn əleyhissəlamın özü Peyğəmbərimiz tərəfindən çox sevilən şəxs olub. Körpə vaxtı Peyğəmbər onu hər dəfə qucağına alarmış, məscidə apararmış. Bu həm də Peyğəmbərin insanlara mesajı idi ki, siz də övladlarınızı qucağınızda, könlünüzdə daşıyın, onları gələcəyə hazırlayın. İmam Hüseyni və 72 fədaisini amansız şəkildə qətlə yetiriblər. Başlarını bədənlərindən ayırandan sonra atların ayaqları altında tapdadıblar. Cansız bədənlərini çöldə tərk edib gediblər. Hadisənin ağırlığı böyükdür”. 

Ağa Hacıbəylinin sözlərinə görə, bəzi müsəlman ölkələrində Məhərrəmlik ayında ifrata varılır, düzgün hesab olunmayan adətlər yerinə yetirilir:



“Üzərindən qərinələr, əsrlər keçsə də Kərbəla yaşadılır, anladılır. Yanlış şeylər həmişə olub. Bu gün bəzi məscidlərimizdə də yanlış tərbiyə, yanlış düşüncə formaları var. Amma digər müsəlman ölkələrində olan yanlışları bizdə etmirlər. Çünki biz mədəni düşüncəyə, həyat tərzinə sahib bir millətik, öz dəyərlərimizə də sahib çıxmağı bacarırıq.

Mən özüm də son günlərdə bir neçə dəfə əzədarlıq məclislərində olmuşam. Savadlı, ziyalı, işini bilən xətiblərimiz, axundlarımız var. Kərbəla hadisəsindən alacağımız dərs sevgi, birlik dərsidir. Bu tək bir məzhəbin deyil, bütün İslamın, müsəlmanların faciəsidir. Kərbəla məktəbi insanlara həyatda hər şeyə hazır olmalı olduqlarını öyrədir”. 

Azərbaycanın hüquqi, dünyəvi dövlət olduğuna diqqət çəkən ilahiyyatçı qeyd edib ki, ölkəmizdə din dövlətdən ayrıdır, eyni zamanda dini dəyərlər dövlət tərəfindən tənzimlənir:

“Daxili İşlər Nazirliyi Məhərrəmlikdə əzədarlıq məclislərinə uşaqları aparmamağı tövsiyə edir. Bəzən uşaqlar yanlış bilgilərin verildiyi yerlərə aparılır. Lakin indi məscidlər dövlət nəzarətindədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərə xətiblər təyin edir. Uşaqlar dövlət tərəfində təyin olunmuş axundların olduğu məscidlərə gedirsə, bunun normal olduğunu düşünürəm. Fikrimcə, uşaqlar mənəvi dəyərlərimizə kiçik yaşlarından bələd  olmalıdır”. 

Narahatedici məqamların da olduğunu bildirən A.Hacıbəyli son olaraq vurğulayıb ki,  uşaqların getdiyi yerlərdə xürafat, cəhalət təbliğ edilirsə, bu, ciddi bir fəlakətdir: 

“Gənc nəsil səhv istiqamətə yönləndirilərsə, uşaqların təmiz beyinlərinə, könül torpaqlarına yanlış bilgilər əkilərsə, bu, gələcəkdə böyük problemlərə gətirib çıxara bilər. Altından qalxa bilmərik. Amma əgər uşaqlara vətənpərvərliyi, Allahı, Peyğəmbəri, elmi, irfanı sevdirə biləcəyiksə nəticə gözəl olacaq. Uşaqların küçələrdə zərərli vərdişlərə aludə olmağındansa, məscidlərdə dini, imanı, böyüyə, kiçiyə hörməti, sevgini öyrənmələri daha yaxşıdır”. 


Törə Zeynallı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi