azia.az
azia.az

Elçin Əlibəyli elə danışdı ki, "bişmiş toyuğun gülməyi gəldi" - VİDEO

6-05-2023, 08:29

Xeyli müddətdir televiziya ekranlarında istehlakçıları maarifləndirmə adıyla veriliş aparan Elçin Əlibəylinin broyler toyuqları ilə bağlı fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Həm istehlakçılar, həm də qida mütəxəssisləri jurnalisti tənqid atəşinə tutulublar. Belə ki, Əlibəyli aparıcısı olduğu “Elə çarə” verilişində “broyler toyuğunu bişirmədən öncə yumaq olmaz” deyərək diqqəti özünə çəkməyi bacarsa da, izləyicilərdə çaşqınlıq yaradıb. Əksəriyyət aparıcını yanlış məlumat verməkdə və bu məsələdə kommersiya məqsədi güdməkdə ittiham edib. Doğrudur, Əlibəyli bu fikirini əsaslandırmağa çalışıb və guya toyuğu yuyan zaman onun üzərindəki bakteriyaların ətrafa sıçraması nəticəsində ciddi təhlükəli xəstəliklərin yarana biləcəyini dilə gətirib. Amma onun bu arqumentinə təkcə cəmiyyətin deyil, elə “bişmiş toyuğun özünün də gülməyi gəlib”. İnsanların obyektiv münasibətlərindən də göründüyü kimi, Elçin Əlibəylinin “əski köyə yeni adət” gətirmək arzusu ürəyində qalıb. Axı dədə-babadan çöldən aldığımız məhsulları evə gətirərkən öncə yaxşıca yuyub təmizlədikdən sonra qida kimi qəbul etmişik. O baxımdan da istehlakçı bazarına yeni “qayadalar” diqtə edən aparıcının hansı maraq güddüyü sual doğurur. Bu sualın cavabını da elə izləyicilərin özü verir. Bildirilir ki, aparıcı belə çaşdırıcı, əsassız məlumatlarla yalnız “reklam bazarına” tor atır və nəticədə də öz istəyinə nail ola bilir.

Bizim fikirlərimizə gəlincə isə, verilişə sponsor cəlb etməyin, hansısa məhsulun reklam olunmasının əsla əleyhinə deyilik. Əksinə, bir verilişin ərsəyə gəlməsi üçün sponsora nə qədər ehtiyac duyulduğunu yaxşı bilirik. Amma bunu istehlakçıların fikirlərini azdıraraq, onları çaş-baş qoyaraq etməyi məqbul saymırıq. Ən narahatedici məqam isə ondan ibarətdir ki, aparıcının mütəxəssis olmadan səsləndirdiyi fikirlər bəziləri tərəfindən standart qəbul oluna bilər və nəticədə toyuğun yuyulmadan istehlak edilməsi insanların səhhətində ciddi fəsadlar yaradar. Elə isə Elçin Əlibəyli “ekspertlik” edib, həm özünü, həm də verilişini nüfuzdan salmaqdansa, yaxşı olar ki, məsələlərin elmi və praktik izahlarını qida mütəxəssislərinin öhdəsinə buraxsın.

Yeri gəlmişkən, mütəxəssislər bu barədə nə deyir? Ümumiyyətlə, toyuğu yumadan bişirmək olarmı? Yuyulan zaman konkret hansısa həyati təhlükəsi varmı?
Mövzunu konkret.az-a şərh edən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov öncəliklə ağıla gələn hər şeyin böyük auditoriyaya çatdırılmasının doğru olmadığını deyib: “Özünə mütəxəssis deyən, lakin bakalavr təhsili belə olmayanlara tərs silləni vurmaq lazımdır. İnsanları təşvişə salmazdan öncə biraz düşünün. Ağlınıza gələni və bilmədiyinizi publik etməyin. İnsanlar qida biliyinə sahib olmaya bilər, ancaq siz də öz növbənizdə pul və ucuz piar qazanmaq naminə yalan və savadsız biliyinizlə insanların mədəsini bulandırımayın”.

Ekspert əlavə edib ki, toyuqların bişirilməzdən öncə yuyulması vacibdir: “Öncə onu deyim ki, bütün ət məhsulları kimi, toyuq da patogen bakteriya daşıyıcısıdır. Bu bakteriya (salmonella) yuyulan toyuqla müqayisədə mikrobioloji və çarpaz çirklənməyə məruz qalmış məhsullarda daha təhlükəlidir. Salmonella bakteriyası qanadlı məhsullarda və onların yumurtalarında da var. Nəzərinizə çatdırmaq istəyirəm ki, salmonella daşıyıcısı olan qanadlı məhsullar və yumurtaları tam təhlükəsizdir. O zaman təhlükəli ola bilər ki, siz toyuğu düzgün şərtlər altında emal etməyəsiniz. Eyni zamanda, saxlama qaydalarına, bişirilməsi və təqdimatına riayət etməyib məhsulu mikrobioloji çirklənməyə məruz qoyasınız. Toyuq emalı zamanı otaq temperaturu maksimum +18C – +20C olmalıdır. Həmçinin, emal prosesi zamanı sarı rəng ilə kodlaşdırılmış doğrama taxtası və bıçaqdan istifadə edilməlidir. Amma ev şəraitində ayrıca doğrama taxtası və bıçağı ola bilər ki, bu da emal prosesi bitəndən sonra dezinfeksiya olunmalıdır”.

Ağa Salamov toyuq emalı bitəndən sonra fiziki və bioloji çirklənmədən sığortalanmaq üçün toyuğu ətrafında heç bir qida məhsulu və ya mətbəx alətləri olmayan su ləyənində yumaq lazım olduğunu da deyib: “Toyuq yuyulandan sonra ətraf səthlər və su ləyəni təmiz yuyulub dezinfeksiya olunmalıdır. Patogen bakteriyalar dezinfeksiya zamanı məhv olur. Belə olduğu halda çarpaz çirklənmə riski də azalır və məhsul tam təhlükəsiz şəkildə isti emala təhvil verilir. Patogen bakteriyalar sırasına “E-Coli” bakteriyası da daxildir və bu bakteriya ən çox ət məhsulları və məməlilərin bağırsaqlarında olur. Təbii ki, bağırsaqlarda bu bakteriya zərərsiz olduğu halda, kənarda mikrobioloji çirklənməyə məruz qalan ət məhsulları vasitəsilə və ya çarpaz çirklənməyə məruz qalmış hansısa qida maddəsi vasitəsilə insanı yoluxdurur.  Bu da qida zəhərlənmələrinə yol açır. Demək ki, toyuq da başda olmaqla, ət, balıq, süd və sair riskli məhsulların daşınması, emalı, saxlanması, bişirilməsi, soyudulması, isidilməsi və təqdimatına diqqət etmək, qida zəncirində qırılma olmamasına çalışmaq lazımdır. Bu halda heç bir həyati təhlükə riski ola bilməz”.

Beləliklə, mütəxəssisin fikirlərindən nəticə çıxarsaq, o zaman bu məhsulların yuyulmasında heç bir problemin olmadığını əminliklə deyə bilərik. Və çox istərdik ki, istehsal və satış sahəsində birgünlük təcrübəsi belə olmayan Əlibəyli də “Elə çarə” axtaranda bilmədiyi, qəti əmin olmadığı informasiyaları cəmiyyətə rahatlıqla sırımasın.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi