Bazar və marketlərdə “kənd toyuğu” fırıldağı...
Sarı rənglə boyadılmış toyuqlar orqanizm üçün təhlükəli ola bilər
Sən demə, bazar və marketlərdə “kənd toyuğu” adı ilə satılan sarı rəngli, ayaqları kəsilməmiş toyuqlar əslində broyler toyuqlarından heç də fərqli deyilmiş. Əksinə, heç bir normaya riayət edilmədən, antisanitar şəraitdə kəsilib, həm də rənglənərək(!) istehlakçılara sırınırmış.
Belə ki, Qida Təhlükəsizliyi Agentliyi Abşeron rayonu, Masazır qəsəbəsində qanunsuz toyuq kəsimi ilə məşğul olan iki müəssisədə bu cür hal aşkarlayıb. “Real TV”-nin yayımladığı videoreportajda broyler toyuqlarının natəmiz şəkildə kəsildiyi, çirkli alətlərlə tüklərdən təmizləndiyi və çirkli sularda soyudulduğu əksini tapıb. Digər müəssisədə isə broyler toyuqları naməlum kimyəvi maddə ilə sarı rəngə boyadılaraq kənd toyuqlarına bənzədilib.
Araşdırmanın nəticələrinə görə, müəssisələr 02.00-07.00 radələrində qanunsuz fəaliyyət göstərirmiş və emal olunan toyuq əti müxtəlif ticarət şəbəkələrinə, kafe və restoranlara “kənd toyuğu” adı altında satılırmış. QTA da məhz ticarət müəssisələrində bu məhsulların izinə düşərək sözügedən müəssisələri aşkara çıxarıb. Reydlərin ardından hər iki müəssisənin fəaliyyəti dayandırılıb.
Bunu istehlakçılar üçün məhsul alarkən diqqətli olmalarına dair daha ciddi bir mesaj da hesab etmək olar. Çünki heç bir sanitar-gigiyenik normaya, kəsim qaydalarına riayət edilmədən hazırlanan bu ətlərin istehlakçının sağlamlığına zərər verməsi istina deyil.
Azad İstehlakçılar ile ilgili görsel sonucu
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu cür müəssisələrin sayının 30-dan çox olduğunu dilə gətirdi: “Bakıda və Bakıətrafı qəsəbələrdə bu cür antisanitar vəziyyətdə kənd toyuğu adı altında broyler toyuqları istehsal edərək ticarət müəssisələrinə verənlərin sayı az deyil. Sovet dövründən alıcı öyrəşib ki, dükanda satılan kənd toyuğunun ayaqları, boynu üstündə olsun. İnsanların bu fikrini bilən və antisanitar şəraitdə kəsim həyata keçirən ”broyler" müəssisələri var. Burada tam natəmizlik hökm sürür. Bunlar sağlamlıq üçün təhlükəli olan toyuqlardır. Bazara kənd toyuğu adı altında çıxarılır, əksər marketlərdə, bazarlarda satılır və əhali aldadılır. Çox yaxşı haldır ki, Qida Təhlükəsizliyi Agentliyi bu iki müəssisəni müəyyən etdi. Təxminən 30-a yaxın belə “broyler” istehsalçısı var".
E.Hüseynov onu da vurğuladı ki, fəaliyyəti normal qaydada olmayan bu müəssisələrin bağlanmasının tərəfdarı deyil, əksinə, onların şəraitinin daha yaxşı vəziyyətə gətirilməsi üçün sahibkarlara dəstək göstərilməlidir: “Qida Təhlükəsizliyi Agentliyi bu müəssisələrlə bağlı İqtisadiyyat Nazirliyinə məlumat verməlidir, nazirlik isə həmin müəssisələrin müasir tələblərə uyğun şəkildə fəaliyyət göstərməsi üçün sahibkarlara dəstək göstərməlidir. Bu şəxsləri tamamilə bazardan çıxarmaq olmaz, çünki onlar bu işi bilirlər. Bu müəssisələri bağlamaqdansa, ayaq üstə qaldırmaq lazımdır. Təhlükəli qida istehsal etdikləri üçün fəaliyyətləri müvəqqəti dayandırılmalıdır, normal iş şəraiti bərpa olunduqdan sonra icazə verilməlidir. Bu müəssisələrdə çalışanların işini qanuna və standartlara uyğunlaşdırmaq lazımdır. Qida Təhlükəsizliyi Agentliyi həm də əhali arasında maarifləndirmə işləri aparmalıdır ki, insanlar, sadəcə olaraq, bu cür məhsulları almasınlar”.
Ekspert diqqətə çatdırdı ki, hər sarı görünən toyuq kənd toyuğu deyil, bu boyaq maddələri orqanizm üçün təhlükəli ola bilər: “Alıcılar elə bilirlər ki, bunlar kənd toyuğudur və sarı rəngdə olması da yağlı olduğunu göstərir. Lakin bu maddələr insan orqanizminə ziyan vura bilər. Mən inanmıram ki, həmin boyalar təbii maddələrdən ibarət olsun. Çünki kimyəvi maddələrdən istifadə olunması ilə bağlı bizə məlumatlar daxil olur. QTA bu cür halların qarşısını almaq istiqamətində fəaliyyətini davam etdirməlidir”.