Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət prosessual qanunvericiliyin tələblərinin tətbiqinə dair məhkəmə təcrübəsi müzakirə edildi
Oktyabrın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Elmar Rəhimov, hakim Qədim Babayev, Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev və digər hakimlərinin iştirakı ilə iclas keçirilmişdir.
E-huquq.az xəbər verir ki, iclasda məhkəmənin yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələri tərəfindən işlərə baxılarkən cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələlər müzakirə edilib.
Toplantıda bununla yanaşı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun metodik köməkliyin göstərilməsi çərçivəsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin realizə olunmasını və bununla əlaqədar təcrübədə rast gəlinən diqqətəlayiq hallar və bu sistem vasitəsilə elektron müraciət imkanlarının daha da genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunması ilə bağlı əhatəli diskussiya aparılmış, habelə məhkəmə icraatında rast gəlinən xarakterik nöqsanlar, onların aradan qaldırılması istiqamətində görülməli olan kompleks tədbirlər sistemi geniş təhlil olunub.
Tədbirin gedişatında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri E.Rəhimov və məhkəmənin hakimi Q.Babayev məhkəmə icraatının effektivliyinin yüksəldilməsinə yönəldilən qanunvericilik aktlarının düzgün tətbiq edilməsinə dair metodik tövsiyələrini də veriblər.