Məleykə Abbaszadə XƏBƏRDARLIQ ETDİ
Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı builki qəbul planı 97,07 faiz dolub, müsabiqədə iştirak edən 87 146 nəfərdən 58 947-si tələbə adını qazanıb.
Xəbər verilir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, ötən illə müqayisədə ali məktəblərə qəbul olunanların sayı 1711 nəfər artıb.
M.Abbaszadə qeyd edib ki, bu il ayrı-ayrı ixtisas qrupları və ixtisaslar üzrə rəqabət səviyyəsində ciddi fərqlər müşahidə olunub. I və II ixtisas qruplarında müsabiqə vəziyyəti nisbətən əlverişli olsa da, III və xüsusilə IV qruplarda müəyyən ixtisaslar üzrə yüksək rəqabət yaranıb.
DİM sədri xatırladıb ki, əvvəlki ilin keçid balı növbəti ilin nəticəsi üçün təminat hesab edilə bilməz. Onun sözlərinə görə, keçid balı əvvəlcədən müəyyənləşdirilmir və konkret ildə ixtisasa müraciət edən abituriyentlərin sayı, onların topladığı nəticələr və ayrılan plan yerləri əsasında müsabiqənin sonunda formalaşır.
M.Abbaszadə abituriyentlərin iki dəfə qəbul imtahanında iştirak etmək və müəyyən şərtlərlə ikinci cəhddə başqa ixtisas qrupu üzrə imtahan vermək imkanına da diqqət çəkib. O bildirib ki, bu imkandan istifadə edənlərin sayı azdır.
“Birinci nəticə son deyil, amma o, hazırlıq səviyyəsi, güclü və zəif tərəflər barədə ciddi məlumatdır. İkinci cəhd yalnız ‘bu dəfə mütləq daha yüksək bal toplayacağam’ ümidi deyil, strategiyanı yenidən qiymətləndirmək imkanı olmalıdır”, - deyə DİM sədri vurğulayıb.
M.Abbaszadə bildirib ki, boş qalan yerlər üzrə ixtisas seçimi mərhələsində abituriyentlərə daha geniş imkan yaradılıb. Belə ki, eyni elektron ərizədə həm ali təhsil müəssisələrinin boş qalan yerlərini, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını qeyd etmək mümkündür.
Abituriyent seçim siyahısına 20-dək ixtisas kodu daxil edə və onların ardıcıllığını özü müəyyənləşdirə bilər. Məsələn, Bakıdakı kollecin ixtisasını regiondakı ali məktəb ixtisasından əvvəl və ya əksinə qeyd etmək mümkündür.
DİM sədri qeyd edib ki, ali məktəblərin boş qalan yerləri ilə kolleclərə qəbul zamanı müsabiqə fərqli göstəricilər əsasında aparılır. Ali təhsil müəssisələrinin boş yerlərinə qəbul zamanı müvafiq ixtisas qrupu üzrə birinci və ikinci mərhələlərin ümumi nəticəsi, orta ixtisas təhsili müəssisələrinə qəbulda isə yalnız birinci mərhələnin – buraxılış imtahanının ümumi balı nəzərə alınır.
Onun sözlərinə görə, məsələn, III ixtisas qrupu üzrə blok imtahanında tələb olunan minimum nəticəni toplamayan abituriyent ali məktəb müsabiqəsində iştirak edə bilməsə də, buraxılış imtahanında yüksək nəticəsi olduğu halda kolleclərin bir sıra ixtisasları üzrə rəqabətqabiliyyətli nəticəyə malik ola bilər.
M.Abbaszadə bildirib ki, “Abituriyent” jurnalının 5-ci nömrəsində tam orta təhsil bazasında orta ixtisas təhsili üzrə təxminən 18,4 min plan yeri təqdim olunub.
İxtisasların məzmununa əsaslanan analitik müqayisəyə görə, bu yerlərin təxminən 5,7 mini və ya 31 faizi II qrupa yaxın iqtisadiyyat, maliyyə, idarəetmə, turizm və logistika, 5,1 minədək və ya 28 faizi IV qrupa yaxın tibb, biologiya, aqrar və ekoloji, 4,8 minədək və ya 26 faizi I qrupa yaxın İT, texnika, energetika, nəqliyyat, rabitə və sənaye istiqamətlərinə düşür.
Bundan başqa, təxminən 1,8 min yer və ya 10 faiz III qrupa yaxın sosial, humanitar və pedaqoji, 0,9 min yer və ya 5 faiz isə V qrupa yaxın incəsənət, dizayn və qabiliyyət tələb edən istiqamətlərə aid edilə bilər.
DİM sədri vurğulayıb ki, bu bölgü qurumun rəsmi ixtisas qrupu təsnifatı deyil və ixtisasların məzmununa əsaslanan analitik müqayisədir.
Onun sözlərinə görə, orta ixtisas təhsili yalnız ali məktəbə qəbul ola bilməyənlər üçün ehtiyat variant kimi qiymətləndirilməməlidir. Kolleclərdə iqtisadiyyat və idarəetmədən İT və texniki sahələrə, səhiyyə və aqrar istiqamətlərdən sosial və yaradıcı peşələrə qədər geniş seçim mövcuddur.
M.Abbaszadə əlavə edib ki, kolleci bitirən subbakalavrların sonradan uyğun bakalavriat ixtisasları üzrə ali təhsilin bakalavriat səviyyəsində müsabiqə yolu ilə təhsillərini davam etdirmək hüququ var.
DİM sədri abituriyentlərə yalnız ali məktəbə qəbul olmaq naminə təsadüfi ixtisas seçməməyi tövsiyə edib.
“Bəzən yaxşı seçilmiş orta ixtisas təhsili proqramı insanın maraqlarına və gələcək peşəsinə uyğun olmayan ali məktəb ixtisasından daha doğru başlanğıc ola bilər”, - o bildirib.
M.Abbaszadə abituriyentlərə seçim zamanı özlərinə “Mən bu ixtisasa qəbul olsam, həqiqətən burada oxumağa hazıram?” sualını verməyi tövsiyə edib.
“Seçim siyahısı sadəcə keçə biləcəyiniz yerlərin siyahısı deyil. Bu, sizin şəxsi üstünlüklərinizin ardıcıllığıdır. Məqsəd hər hansı yolla tələbə olmaq deyil. Məqsəd sizin qabiliyyətinizə, marağınıza və gələcək planlarınıza uyğun təhsil yolunu seçməkdir”, - deyə DİM sədri vurğulayıb.