Babalarını da tanıyıram - Aydın Mirzəzadə seçicilərindən danışdı
Milli Məclisin deputatları seçki kampaniyası zamanı seçicilərinə müxtəlif vədlər verir, mandat aldıqdan sonra isə bu vədlərin icrası və seçicilərin müraciətlərinin həlli istiqamətində fəaliyyət göstərirlər. Bəzi hallarda deputatlar verdikləri vədləri tam şəkildə yerinə yetirə bilsələr də, müəyyən məsələlərin həlli onların səlahiyyət və imkanlarından kənarda qalır.
Bəs deputatlar seçicilərinə verdikləri vədlərin nə qədərini yerinə yetirə biliblər? Hansı məsələlər hələ də həllini gözləyir və buna nə səbəb olur?
"Azia.az" xəbər verir ki, Modern.az bu suallar ətrafında deputatların mövqeyini öyrənmək məqsədilə başladığı yeni rubrikanı davam etdirir.
Rubrikanın növbəti qonağı Milli Məclisin Mingəçeviri təmsil edən deputatı Aydın Mirzəzadədir.
Deputat “Seçicilərinizə verdiyiniz vədləri yerinə yetirə bilirsinizmi?” sualını cavablandırarkən qeyd edib ki, seçki dövründə seçicilərinə konkret bir vəd verib: hər zaman onların üçün əlçatan olmaq:
“Seçki dövründə seçicilərimə ancaq bir vəd vermişdim: həmişə sizin üçün əlçatan olacağam, məni həmişə tapa biləcəksiniz. Bu sözümün də üstündə dururam. Vaxtaşırı Mingəçevirdə qəbul keçirirəm. Eyni zamanda, mənim nömrəmi Mingəçevirdə hamı bilir. Hər kəs mənə istənilən məsələ ilə bağlı zəng edə bilər. Onun məsələsini ya anında həll edirik, ya da müvafiq izahat veririk. Bir müddət əvvəl vətəndaşın birinin su sayğacı ilə bağlı problemi var idi. Məsələni İcra Hakimiyyəti qarşısında qaldırdıq və problem həll olundu. Bir neçə gün əvvəl isə beşmərtəbəli binanın birinci mərtəbəsində əlil arabasında hərəkət edən şəxsin mənzilinə pandusun quraşdırılması məsələsini nəzarətə götürmüşəm. Hesab edirəm ki, bu məsələni də həll edə biləcəyəm”.
A.Mirzəzadə seçicilərinin ona göstərdiyi etimadı doğrultmağa çalışdığını bildirib:
“Seçicilərimə mənə etimad göstərdiklərinə görə təşəkkür edirəm. Mən mingəçevirliyəm, Mingəçevirin hər qarışını tanıyıram. İnsanların bir çoxunun nəinki ailəsini, hətta babasını tanıyıram. Mingəçevirin problemləri, inkişafı və baş verən hadisələrlə bağlı daim məlumatlıyam. Mingəçevirin bugünü və sabahı ilə bağlı icra başçısı İlham İsmayılovla xeyli söhbətlərimiz olur. Seçicilərin problemlərinin həllində iştirak etmək mənim üçün qürur mənbəyidir. Müəyyən məsələlər var ki, onların həlli üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq və kompleks yanaşma tələb olunur. Bir sözlə, seçici etimadını doğrultmağa çalışırıq”.
Turqay MUSAYEV