Hicab qaydalarına əməl etmədiyi üçün polis tərəfindən saxlanıldı, komaya düşdü...
İranda hicab qaydalarına əməl etmədiyi üçün polis tərəfindən saxlanıldıqdan sonra komaya düşən 22 yaşlı Məhsa Əmini adlı qız vəfat edib.
Xəbər verilir ki, Məhsa Əmini sentyabrın 13-də təcili xəstəxanaya yerləşdirilib.
Dövlət televiziyası Məhsanın ölüm xəbərini təsdiqləyib, amma təfərrüatları açıqlamayıb. Məlumatda bildirilib ki, Məhsa Əminini hicabla bağlı "maarifləndirmək üçün” aparıblar və saxlanarkən onun vəziyyəti pisləşib.
İran Prezidenti İbrahim Rəisi Əmininin komaya düşməsindən sonra daxili işlər naziri Əhməd Vahidiyə rəsmi araşdırma aparılması barədə göstəriş vermişdi.
İslahatçı siyasətçi Mahmud Sadiqi məsələyə aydınlıq gətirilməsini tələb edib.
Sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülərək işgəncələrə məruz qaldığı, bu səbəbdən komaya düşdüyü iddia olunur. Təhlükəsizlik orqanları iddiaları təkzib edib.
"IranWire” adlı xəbər saytı həbsdə olan saxlanılan Məhsa Əmini ilə birlikdə olan bacısı Kiaraşın ifadələrini dərc edib. Kiaraşın sözlərinə görə, bacısı ilə magistral yolun kənarında olarkən əxlaq polisinin maşını onların yanında dayanaraq Əminini saxlayıb. Ona bildiriblər ki, bacısı "bir saatlıq maarifləndirilmə”dən sonra buraxılacaq.
Məhsa Əmininin ailəsi qızlarının sağlam olduğunu və onun qəfil ürək probleminə səbəb ola biləcək heç bir xəstəliyinin olmadığını bildirib.
İranda bir neçə aydır ki, hicaba qarşı etirazları keçirilir. Fəallar hicab taxmaqdan imtina edərək, ölkədə məcburi hicab tələbinin ləğvini tələb edirlər.