azia.az
azia.az

Partiya sədri Qalib Salahzadəyə sərt cavab verdi, Allahşükür Paşazadəyə müraciət etdi - FOTO

9-06-2022, 08:33

Partiya sədri Qalib Salahzadəyə sərt cavab verdi, Allahşükür Paşazadəyə müraciət etdi - FOTO
“Bir qədər öncə, Qalib Salahzadənin barəmdə sayıqlaması ilə tanış oldum. Ümumiyyətlə, son 1 ay ərzində davamlı olaraq bu kimi yazılarla cəmiyyəti aldatmağa çalışan bu “hacı”, utanmadan yalanlarını davam etdirir. Öz aləmində məni “narkoman”, “acından ölən” adlandıraraq hər vərclə çalışır ki, ona cavab verəm. Bu müddət ərzində bəlkə yüzdən çox jurnalist onun mənasız və məntiqsiz açıqlamarı ilə bağlı məndən açıqlama istəyib. Demək olar ki, hamısına eyni sözü demişəm: Ciddi adamların fikirlərinə münasibət bildirirəm. O, ranqıma aid kateqoriyanın sahibi deyil ki, hər mənasız fikrinə münasibət bildirəm! Bu açıqlamam da Qalib Salahzadəyə cavab deyil. Sadəcə, cəmiyyət və ictimaiyyət nümayəndələri üçündür. Qalib Salahzadə deyilən 32 qat “hacı” hər dəfə müqəddəs torpaqlara ayaq basanda, müqəddəs İslam dinimizdən bir ayə, bir surə öyrənmiş olsaydı, anlayardı ki, özgəsinin əmlakına göz tikmək, əmlakını, haqqını mənimsəmək, fitnə və şər atmaq ən böyük günahlardan hesab edilir…”



Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.



A.Şakiroğlu qeyd edib ki, Qalib Salahzadə bu günahlara bulaşmaqla vicdanının nədən ibarət olmasını cəmiyyətə təqdim edir, həqiqətəuyğun olmayan yalanlar söyləyərək Azərbaycan dövlətini və onun hüquq sistemini aşağılayır: “Qanunla qüvvəyə minmiş Azərbaycan Respublikası adından verilmiş məhkəmə qərarlarını “adi kağız parçası” adlandıran bu şəxsin əməllərinə başqa qiymət vermək də mümkün deyil. Bu şəxs məni mətbuat səhifələrində “acından ölən” və “narkaman” adlandırır. Öz aləmində məni aşağılayıb, özünü yüksəldir. Tamam, olsun. Bu təsəlli onun üçün yetərlidirsə, olsun. Təsəlli heç nəyi dəyişən deyil. Qoy bu təsəlli onun ahıl yaşında onun mən tərəfindən verilmiş olduğu mükafat olsun…



Öz yaşam tərzimlə fəxr edirəm. Fəxr edirəm ki, kişi kimi yaşayıram. Başqalarının qapısında boynu bükük dayanmamışam. Heç bəziləri kimi də “quyruq” da bulamıram… Halal zəhmətimlə yaşamağım mənim üçün ən böyük var-dövlətdir! Daha başqalarının haqqına girərək, başqalarının mülklərini mənimsəyərək, su satan maşından düşüb oliqarx olmamışam. Başqalarının qapısında samovar qalamaqla ömür-gün keçirməmişəm. Belə yaşam tərzi mənə yaddır. Fəxr edirəm ki, haram pulla 8 mərtəbəli villa sahibi də deyiləm. Yaşadığım 58 kvadratlıq mənzilin pəncərələrinə güllə keçirməz şüşə də qoymamışam. Çünki vicdanım və alnım hər kəs qarşısında açıqdır… Qoy fitrə, sədəqə, nəzir pulları hesabına oliqarx olanlar qoy utansın!



Mübahisəli bağ sahəsi 1994-cü ildən Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında bizə məxsusdur. Həmin ildən bu günədək mülk bizə məxsus olub. Sadəcə, Qalib Salahzadə Allahşükür Paşazadənin qudası olmasından və deputat olmasından istifadə edərək 2008-ci ildə bu mülkü digər Bilgəh sakinlərinin torpaqlarını zəbt etdiyi kimi zəbt edib. 2010-cu ildə də Ali Məhkəmənin qərarı ilə çıxarılıb. 2016-cı ildə evdə yaşayış olmamasından istifadə edən bu “halal adam” yenidən evimizi zəbt edib. Yenidən məhkəmə icraçıları 2010-cu ildə verilmiş və qanuni qüvvədə olan məhkəmə qərarı əsasında təkrar icra hərəkətləri aparıb. Bu dəfə də Qalib Salahzadə özü könüllü olaraq bu bağ sahəsinin açarlarını gətirib təhvil verir… Üzərindən bir neçə ay keçəndən sonra isə ortaya həyat yoldaşını və gəlinini (Şeyxin qızını) çıxarır. Onların kölgəsində gizlənərək məhkəmələrə üz tutur. Mətbuata açıqlamalar verir, dövlət adından verilmiş məhkəmə qərarlarını təhrif edərək hər dəfə özünün fantaziyasına uyğun danışır…



Qanun qarşısında haqsız duruma düşən, ard-arda məhkəmə proseslərini uduzan bu şəxs öz aləmində mətbuat vasitəsilə məni şantaj etdiyini “düşünür”… Amma dərk etmir ki, mətbuat nə polisdir, nə prokurorluq, nə də məhkəmə! Şikayəti var, müraciət etsin aidiyyatı qurumlara. Hər halda Şeyxin qudası olan sabiq deputat və hazırda da deputat atası olan bu şəxs mümkün deyil ki, hansısa məsələdə haqlı olsun və haqlı olduğu məsələdə sadə müxalifət liderinə uduzmuş olsun… Deməli, o qədər haqsız və yalan üzərində bu iş qurulub ki, hətta gəlini olan Şeyxin qızını belə, özünə qoşması nəticə verməyib!



Mətbuat vasitəsilə məhkəmələrə təziq etməyə cəhd etdi, amma alınmadı, təhdidləri və şantajları işə yaramadı. Belə olan halda Azərbaycan Respublikası adından verilmiş məhkəmə qərarlarını “adi kağız parçası” adlandırdı. Acəba dövlətin məhkəmə institutunu hədəf alacaq, təhdid və şantaj edəcək qədər “cürəti” hardan alır? Olmaya qudası Allahşükür Paşazadədən? Bəlkə də şeyxin qızı olan gəlinindən? Qalib Salahzadə anlamır ki, onun ənənəvi üsulları artıq yararsız gedişlərdir. Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətdə isə heç kim dövlətlə şantaj, təhdid və təzyiq dilində danışa bilməz. Bunun çox acı nəticələri olub. Hansı ki, dövlət məmuruna yumruq vuran oğlunun timsalında Qalib Salahzadə qanunun sərt üzünü görmüş olub…



Qalib Salahzadə bu bağ sahəsinin ona məxsus olduğunu mətbuatda bəyan edir, insanları və media nümayəndələrini aldadır, bir tərəfdən də Bilgəhli makler Azər Əlizadəni, digər tərəfdən də Buzovnalı Hacı Nasirə mənə zəng etdirərək halallaşmaq istədiyini, bağı ona satacağım halda, qarşılığında nə qədər pul istəsəm, verməyə hazır olduğunu bildirir… Adama sual verərlər: Bağ sahəsi sənindirsə, daha almaq üçün niyə yalvarırsan?! Məntiqlə bir insan ona məxsus olan əmlakı yenidən, təkrarən almaq istəyərmi?…



Mənimlə danışıqlara göndərdiyi, zəng etdirdiyi elçilərə də demişəm, bir daha bəyan edirəm: Halal olmayan adamla halallaşmaq müzakirə mövzusu ola bilməz!



Allahşükür Paşazadəyə də səslənirəm: Qudanızın dövləti, dövlətin məhkəmə sistemini sabotaj etməsini durdurun. Əks halda bu prosesdə sizdə baş rol almış olursunuz. Deyə bilərsiniz ki, “qudamdan mənə nə?”, amma burada qızınız (Qalib Salahzadənin isə gəlini) Xatirə Salahzadənin də rol alması sizin də bu prosesdə bilavasitə iştirakçı olmanız təsəvvürünü yaradır. Əgər bu şouda iştirakınız yoxdursa, imkan verməyin qızınızın kölgəsində gizlənənlər məkrli işlər çevirsin. Necə deyərlər bu meydan, bu da Siz…



Gözəl el deyimimiz var: “Dəvə yatıb qaya kölgəsində, elə bilir öz kölkəsidir…” Mənim üçün bu mövzu bitib. Hörmətli jurnalist dostlardan da bu mövzuda mənə müraciət etməmələrini, hər küçədən keçənin sayıqlamalarına cavab verməmi istəməmələrini rica edirəm. Tanrı hidayət versin…”



Nadir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi