azia.az
azia.az

Şeyxin qudası: “Heç bir üzrdən söhbət gedə bilməz”

9-10-2017, 09:32

Hacı Qalib Çingiz Qənizadənin barışıq təklifini rədd etdi

Deputat Çingiz Qənizadə ilə şeyxin qudası Qalib Salahzadə arasındakı söz savaşı getdikcə dərinləşir. Oktyabrın 6-da Sabunçu Rayon Məhkəməsində Ç.Qənizadənin Qalib Salahzadəyə (Hacı Qalib) qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə iclası təyin olunmuşdu. Lakin Hacı Qalibin məhkəməyə gəlməməsi səbəbindən proses baş tutmayıb.

Ç.Qənizadənin vəkili Raqif Mustafayev musavat.com-a bildirib ki, Qalib Salahzadə məhkəməyə ərizə göndərib ki, iclasda iştirak edə bilməyəcək: “Məhkəmə də onun iştirakı olmadan keçirilmədi. Mən növbəti məhkəmədə bir neçə vəsatət qaldıracam”, - deyə vəkil bildirib. R.Mustafayev onu da söyləyib ki, növbəti iclasda da Q.Salahzadə məhkəməyə gəlməsə vəsatətlə çıxış edəcək: “Vəsatət qaldıracam ki, o, məhkəməyə məcburi gətirilsin”. Məhkəmənin növbəti iclası oktyabrın 12-nə təyin edilib.

Xatırladaq ki, Çingiz Qənizadə bildirmişdi ki, əgər Hacı Qalib üzr istəsə, fikirlərini izah edə bilsə, onu bağışlamaq məsələsinə baxmaq olar. Bəs Hacı Qalib necə, Çingiz Qənizadədən üzr istəyəcəkmi?

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Qalib Salahzadə bildirdi ki, onun belə bir fikri yoxdur: “Üzr istəmək söhbəti mümkün deyil, ola da bilməz. Əksinə, o məndən üzr istəməlidir ki, Bakı şəhərinin prokuroru olduğu dövrdə qohum-əqrəbamı həbs edib. Məhkəməsiz filansız, onları saxlayıb. Mən heç vaxt ondan üzr istəyən deyiləm. Bu barədə heç fikirləşmirəm də”.

H.Qalib onu da qeyd elədi ki, məhkəmə prosesində iştirak edəcək: “Bizim hamımızın borcudur ki, məhkəməyə gedək. Görürsüz ki, danışığımdan da halsız olduğum hiss olunur. Rəhmətə gedən vardı, yağışda onu aparıb basdırdıq. Bir balaca qripləmişəm. Başqa heç bir problem yoxdur. Ona görə də bu gün, məhkəməyə gedə bilmədim. Orada nə var ki? Haçan çağırarlarsa, o zaman da gedərik”.

Daha öncə söylədiyi fikirlərə gəlincə isə Qalib Salahzadə, fikirlərini dəqiqləşdirməyə çalışdı: “Deyəndə ki, onun keçmişi qaranlıqdı, mən əsas nəzərdə tutmuşam ki, o, bir neçə partiyanın üzvü olub. Mənim qohumlarımdan 8 nəfəri də həbs edib. Onlar arasında iki əmim, iki əmim uşaqları, bibi oğlanları olub. Bu adamın sanksiyası ilə onlar türmədə yatıblar. Əgər Çingiz Qənizadənin seçiciləri bilsələr ki, o bu cür işlərlə məşğul olub, ona səs verməzdilər. Keçmişi qaranlıq olmasaydı, onu həbs etməzdilər axı. Özü də 8 ay həbsdə yatıb. O nəyi nəzərdə tutursa, özü bilər. Mən sırf olaraq bunları nəzərdə tutmuşam. Həm də bu sözü siyasi baxımdan nəzərdə tutmuşam. Başqa hansı baxımdan demək olar ki? Siyasi əqidəsini tez-tez dəyişdiyi üçün bu cür fikir söyləmişəm. Söylədiyim yalnız bununla bağlı olub”.

Məsələ ilə bağlı Çingiz Qənizadənin də fikirlərini almağa cəhd etdik. Deputat bildirdi ki, onun hazırda tədbirdədir: “Onun fikirləri ilə tanış deyiləm. Tanış olduqdan sonra 2-3 gün ərzində öz fikrimi bildirəcəm”.

Onu da qeyd edək ki, deputat Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Bu maddənin cəzası isə yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər, yaxud bir ilədək müddətə islah işləri, ən pis halda isə altı ayadək müddətə azadlıqdan məhrum etmədir. Q.Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda Ç.Qənizadəyə qarşı ağır ittihamlar səsləndirməsi göstərilib.

Bildirək ki, Q.Salahzadənin oğlu “Azərsu” əməkdaşını döydüyü üçün həbs edilib. Q.Salahzadə isə bu işdə baş prokuror Zakir Qaralovu günahlandırıb. Ç.Qənizadə isə Hacı Qalibi bu açılamasına görə sərt tənqid edərək, onu “məntiqsiz” adlandırmışdı. Ardınca isə Q.Salahzadə Çingiz Qənizadəni rüşvət almaqda və əqidəsiz olmaqda suçlamışdı. Bu açıqlamadan sonra Ç.Qənizadə Q.Salahzadəni məhkəməyə verib.

Əli RAİS


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi