azia.az
azia.az

İki deputatımız İtaliyada necə 4 il həbsə məhkum edildi...

20-05-2022, 15:35

İki deputatımız İtaliyada necə 4 il həbsə məhkum edildi...
İtaliyanın Milan Apellyasiya Məhkəməsinin İkinci Cinayət Palatası 16 may 2022-ci ildə tarixi qərar qəbul edərək bir neçə il davam edən şər-böhtan kampaniyalarına, qondarma korrupsiya iddialarına son qoydu.

Belə ki, Milan Məhkəməsi 2018-ci ildə məni və deputat Müslüm Məmmədovu AŞPA üzvü və qurumun ən böyük siyasi fraksiyası olan Avropa Xalq Partiyası (EPP) qrupunun sədri, italiyalı deputat və beləliklə, dövlət rəsmisi Luka Volonteyə öz vəzifələrindən Azərbaycanın maraqları naminə istifadə etməsi və xüsusilə Azərbaycanda siyasi məhbuslara dair “Ştrasser məruzəsi”nin əleyhinə səs vermələri üçün digər parlamentariləri inandırması üçün ödəniş etməkdə günahlandırmaqla məhkəmə prosesi başlamışdı. Birinci instansiya məhkəməsində prokuror korrupsionerlər qismində məni qərarverici, Müslüm Məmmədovu göstərişlərin icraçısı kimi müəyyənləşdirmişdi və bizə qarşı 21 epizod üzrə ittiham irəli sürmüşdü.

Milan Məhkəməsi bir neçə il davam etmiş məhkəmə prosesinin nəticəsi olaraq 2021-ci ilin yanvar ayında Məmmədov, Volonte və mənim barəmdə yalnız 3 epizod üzrə (2012-ci ilin dekabr ayı ilə 19 mart 2013-cü il aralığında) hökm çıxardı və digər 18 epizodla bağlı bəraət verdi. Bununla belə, Milan Məhkəməsi bizim hər birimiz barədə 4 il azadlıqdan məhrumetmə qərarı çıxardı.

Lakin İtaliya qanunlarına əsasən məhkəmənin yekun qərarı yalnız apellyasiya məhkəməsi və kassasiya məhkəməsi tərəfindən təsdiq edildikdən sonra və ya heç kim qərar barədə apellyasiya şikayəti vermədiyi halda qüvvəyə minmiş hesab edilir. Odur ki, Milan Apellyasiya Məhkəməsinin İkinci Cinayət Palatası birinci instansiya məhkəməsinin qərarı ilə bağlı araşdırmalara başladı və nəhayət, Milan Apellyasiya Məhkəməsinin İkinci Cinayət Palatası 16 may 2022-ci ildə qeyd edilən işlə bağlı qərar qəbul etdi. Apellyasiya Məhkəməsi italiyalı deputat Luka Volonte, Müslüm Məmmədov və mənim barəmdə Milan birinci instansiya Məhkəməsi tərəfindən 2021-ci ilin yanvar ayında verilmiş 4 il həbs cəzası qərarını ləğv etdi. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Milan Apellyasiya Məhkəməsində Dövlət Prokurorluğu Milan Məhkəməsi tərəfindən mənim və Müslüm Məmmədov barədə verilmiş qərarın ləğvini istədi və bildirdi ki, Prokurorluq Ofisi istintaqın əldə etdiyi bütün nəticələri protokola daxil etməmiş və beləliklə, birinci instansiyada daha şüurlu, tam və olduqca mükəmməl müdafiənin qarşısını almışdı.

Beləliklə, Milan Apellyasiya Məhkəməsi bir neçə il davam edən əsassız iddialara, şər-böhtan kampaniyasına son qoydu. Belə ki, korrupsiya iddiaları ilə başlamış bu iş əvvəlcədən siyasi xarakter daşıyırdı, AŞPA-da və bir sıra Avropa təsisatlarında ölkəmizin beynəlxalq aləmdə uğurlarından narahat olan güc mərkəzlərinin, ermənilərin, ermənipərəst qüvvələrin, daxili bədxahların Azərbaycana qarşı apardığı təzyiq kampaniyasının tərkib hissəsi kimi gündəmə gəlmişdi.

Lakin bu siyasi xarakter daşıyan əsassız, qondarma və saxta korrupsiya iddiaları haradan qaynaqlanmışdı və nə üçün mənə və Müslüm Məmmədova qarşı ittihamlar irəli sürülmüşdü?

Bu suallara cavab axtarmaq üçün heç də uzağa getmək lazım deyil.

Əlbəttə ki, əvvəlcədən siyasi xarakter daşıyan bu iddiaların əsas hədəfi Azərbaycan dövləti idi. Belə ki, davamlı olaraq AŞPA-da Azərbaycana qarşı aparılan təzyiqlərə baxmayaraq, ölkəmiz bu qurum çərçivəsində bir çox ciddi uğurlara nail olmuşdu və bu Azərbaycanın düşmənlərini narahat etməyə bilməzdi. Bu nailiyyətlərdən bəzilərini qeyd etmək zəruridir:

– AŞPA-da siyasi məhbuslara dair qəbul edilmiş heç bir meyar olmadığı halda Avropa Şurasının 47 üzvündən yalnız Azərbaycan üzrə siyasi məhbuslar məsələsinə dair məruzəçilər təyin edilirdi, Azərbaycanın AŞPA-ya qəbul olunduğu gündən indiyədək daim bu qondarma məsələ Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edilirdi. Yalnız Azərbaycanın mübarizəsi nəticəsində, təvəzökarlıqdan uzaq olsa da, insan haqları komitəsinin üzvü kimi mənim bir neçə il ərzində davamlı təkidlərimdən sonra siyasi məhbusların müəyyənləşdirilməsi üçün hüquqi meyarların mövcud olmaması AŞPA tərəfindən etiraf edildi. AŞPA-da məruzəçi Ştrasser müstəqil ekspertlərin 2001-ci ildə təklif etdikləri müvəqqəti meyarları öz məruzəsinə daxil etdi və 2012-ci ildə həmin meyarlar qəbul edildi. Lakin Ştrasserin Azərbaycanda siyasi məhbusların izlənilməsinə dair məruzəsi 2013-cü ilin yanvar sessiyasında qəbul edilmədi.

– Azərbaycan nümayəndə heyətinin üzvü kimi mən “Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artmasına dair” və “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihələri irəli sürdüm. Britaniyalı deputat Volterin hazırladığı “Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artmasına dair” məruzə ATƏT-in ermənilərin xeyrinə absurd bəyanatdan sonra cəmi 3 səslə qəbul edilməsə də, onun hazırlanaraq plenar iclasda müzakirəyə çıxarılması düşmənlərə böyük zərbə oldu. Bosniya və herseqovinalı deputat Milisa Markoviçin hazırladığı “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsinə dair” məruzəyə dair 2085 (2016) saylı qətnamənin qəbul edilməsi, bu qətnamədə Ermənistanın işğalçı kimi tanınması, Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərdən silahlı qüvvələrinin dərhal çıxardılması tələbi, sudan mülki əhaliyə qarşı silah kimi istifadə etməyin yolverilməzliyi, bölgədə ekoloji terrora görə məsuliyyət daşıması kimi müddəaların olması Azərbaycanın böyük uğuru, düşmən tərəfin iflası oldu.

Azərbaycanın AŞPA-da əldə etdiyi uğurlardan ciddi şəkildə hiddətlənən antiazərbaycan qüvvələr Azərbaycana qarşı strategiya işləyib-hazırlamış və bu strategiyanı reallaşdırmağa davamlı səylər göstərmişlər. Onlar öz məqsədlərinə nail olmaq üçün Azərbaycana qarşı məkrli planların həyata keçirilməsinə məruzələrin gündəmə gətirilməsi yolu ilə, yəni dünyada qəbul edilmiş demokratik səsvermə yolu ilə nail olmasının qeyri-mümkünlüyünə əmin olaraq yeni strategiya seçdilər – Azərbaycana qarşı əsassız korrupsiya iddiaları irəli sürərək AŞPA-da qəbul edilmiş qərarların obyektivliyini şübhə altına almaq və yenidən gündəliyə gətirilməsinə nail olmaq.

Əlbəttə, AŞPA-da antiazərbaycan və ermənipərəst qüvvələrin Azərbaycana qarşı yeni siyasi təsir imkanları əldə etmək məqsədilə hazırladıqları strategiyaların əsasında qondarma siyasi məhbus məsələsinin hər vəchlə yenidən gündəliyə qaytarılması və ondan Azərbaycana qarşı istifadə edilməsi dayanırdı.

Sadəcə, bu məkrli strategiyanın reallaşdırılması üçün “Ştrasser məruzəsi”nin qəbul edilməməsinin səbəbi qismində Azərbaycan hakimiyyətini korrupsiya yolu ilə Avropa deputatlarını ələ almaqda günahlandırmaq lazım idi və bu qondarma korrupsiya əməllərini həyata keçirən deputatları müəyyən etmək qalırdı. Bu məqsədlə AŞPA-da korrupsiya iddialarının araşdırılmasına dair İstintaq Orqanı yaradıldı. İstintaq Orqanı tərəfindən qısa müddət ərzində Azərbaycana qarşı heç bir dəlil və sübut olmadan saxtalaşdırılmış və böhtanla dolu cinayət işləri fabrikləşdirildi, antiazərbaycan güc mərkəzlərinin, ermənipərəst qüvvələrin, daxili bədxahların köməyi nəticəsində 60-dan çox AŞPA üzvü, komitə və fraksiya sədrləri, hətta Avropa Şurasının prezidenti istefa verməyə məcbur edildi.

Mənim və Müslüm Məmmədovun korrupsiya iddiaları ilə ittiham edilməsi isə Azərbaycana qarşı yönəlmiş kampaniyaların qarşısının alınmasında xüsusilə aktivlik göstərməyimizlə bağlı idi. Belə ki, 2010-cu ildən bəri AŞPA-da, AP-də, Avronest PA-da insan hüquqları və söz azadlığı, siyasi məhbus məsələsi, seçkilər, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal altında saxlaması və digər məsələlərdə Azərbaycanın maraqlarının təmin edilməsi istiqamətində aktiv mübarizə aparmağımız, AŞPA-da “Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artmasına dair” və “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihələri irəli sürməyimiz, AŞPA-da siyasi məhbuslara dair meyarların olmamasını sübuta yetirməyimiz, qərəzli “Ştrasser məruzəsi”nin qəbul edilməsinin qarşısının alınmasında davamlı və genişmiqyaslı mübarizə birbaşa məni və Müslüm Məmmədovu hədəfə çevirmişdi. Qənaətimcə, “böyük” Almaniya dövlətinin deputatı Ştrasser ona qarşı kiçik Azərbaycan Respublikasının deputatı olan mənim prinsipiallıq nümayiş etdirərək dirəniş göstərməyimi həzm etmək iqtidarında olmadığını göstərdi.

Qeyd edim ki, mən məruzəçi Ştrasserin Azərbaycana qarşı düşmən mövqeyinə qarşı Azərbaycan, Avropa mətbuatında daima çıxış etmişəm.

Odur ki, bu mübarizənin və uğurların qarşısını almaq üçün mən və həmkarım Müslüm Məmmədov antiazərbaycan qüvvələr tərəfindən hədəf kimi seçildik və qondarma korrupsiya iddiaları ilə ittiaham edildik. Bu illər ərzində biz qondarma ittihamlar, mənəvi və maddi təzyiqlərlə üzləşdik, heç bir əsası olmadan iztirablara məruz qaldıq.

Milan Apellyalyasiya Məhkəməsinin İkinci Cinayət Palatası 16 may 2022-ci il tarixdə qəbul etdiyi qərarla Luka Volonte, Müslüm Məmmədova və mənə qarşı irəli sürülmüş korrupsiya ittihamlarının heç bir əsasının olmadığını bir daha sübuta yetirdi. Bununla da AŞPA-da şər və böhdan kampaniyası iflasa uğradı.

Mən 20 illik siyasi və ictimai fəaliyyət təcrübəmə əsaslanaraq Milan Məhkəməsinin qərarını ədalətin təntənəsi hesab etmirəm, bu qərarla hakim sadəcə olaraq, özünü vicdan məhbusluğundan azad etdi. Çünki bizim, heç bir günahımız yoxdur və cinayət işlətməmişdik. Biz AŞPA-da Azərbaycana qarşı yaradılmış birləşmiş güc mərkəzlərinin apardığı terrorun, şər-böhtan kampaniyalarının əleyhinə mübarizə aparamışıq.

Bu, Azərbaycanın uğurlarına qarşı terror idi, güc mərkəzlərinin sifarişi əsasında ermənilərin və ermənipərəstlərin, daxili bədxahların ölkəmizə qarşı apardığı şər və böhtan kampaniyası idi. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq uğrunda fəaliyyətimi dayandırmaq, məni susdurmaq üçün atılmış məkrli addım idi. Biz Azərbaycana layiqli xidmət göstərmişik, şərə, böhtana qarşı mübarizə aparmışıq və bunun qurbanı olmuşuq.

Bugünkü reallıqlarda isə bu məsələ artıq gündəmdə deyil və məhkəmə hüquqa tamamilə göz yuma bilməzdi. Lakin məhkəmə ədaləti bərpa etməyib, sadəcə, günahsız insanların haqqını özünə qaytarmağa məcbur olub. Mən millət vəkili və AVCİYA prezidenti kimi Avropa strukturlarında fəaliyyətimə, təcrübəmə əsaslanaraq, deyə bilərəm ki, Avropada həqiqi demokratiya yoxdur, onlar güc mərkəzlərinin sifarişlərini icra edirlər.

Elxan Süleymanov, AVCİYA prezidenti


Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi