azia.az
azia.az

Yapon evlərinin qədim istilik mənbəyi – HİBATİ

Bu gün, 12:00

Yaponiyada elektrik qızdırıcıları hələ mövcud olmadığı dövrlərdə, demək olar ki, hər evdə hibati (火鉢) adlanan sadə kömür manqalları vardı. Bunlar içərisinə köz qoyulan xüsusi qablar idi. Ailə üzvləri bu qabların ətrafına toplaşar, əllərini isidər, üzərində yemək bişirər, çaydanı qızdırar və bir-biri ilə həyat haqqında söhbət edərdilər.

Hibati sadəcə məişət əşyası deyildi. O, ev istiliyinin, ailə mehribanlığının və tələsmədən yaşanan həyatın rəmzi idi. Qızardılmış düyünün ətri, kömürün asta-asta çırtıldaması və ətrafında toplaşan insanların səmimi söhbətləri evdə elə bir rahatlıq yaradırdı ki, bunu sözlə ifadə etmək çətindir.

Bu gün hibatilərə Yaponiyanın qədim evlərində, çay evlərində, hətta bəzi rahat kafelərdə rast gəlmək mümkündür. Bəzi yerlərdə hələ də onun üzərində şirin düyü kökələri qızardılır, yaxud sakə adlı ənənəvi düyü içkisi isidilir. Bu qədim məişət əşyası yaponlara bir həqiqəti xatırladır: istilik yalnız alovdan deyil, onun ətrafında yaranan ab-havadan da qaynaqlanır.


Hibati tipli manqalların tarixi Nara dövrünə (710–794-cü illər) gedib çıxır. Həmin dövrdə köz xüsusi qabların içərisinə yerləşdirilirdi. Bu məqsədlə subitsu (炭櫃) və hioke (火桶) adlanan qablardan istifadə olunurdu. Sonralar bu cür istilik vasitələri ümumi olaraq hibati adı ilə tanındı. Onların istifadəsinə hətta yapon ədəbiyyatının məşhur nümunələrindən biri olan “Yastıq kitabı”nda da rast gəlinir.

İlk dövrlərdə hibati əsasən samuraylar və yüksək təbəqədən olan aristokratların evlərində istifadə edilirdi. Sadə insanlar isə evlərini odun yandırılan ocaqlar vasitəsilə qızdırırdılar. Hibati kömürlə işlədiyindən odun ocaqları ilə müqayisədə tüstü yaratmırdı. Üstəlik, daşınması asan idi və evin müxtəlif otaqlarında yerləşdirilə bilirdi. Bütün bunlar onu olduqca əlverişli istilik vasitəsinə çevirirdi.

Edo dövründə (1603–1868) ağac kömüründən istifadə tədricən sadə əhali arasında da geniş yayıldı. Meidzi və Taysyo dövrlərində (1868–1926) isə kömür Yaponiyada mühüm yanacaq növlərindən biri olaraq qalırdı. Nəticədə hibati ölkənin məişət həyatında daha geniş yer tutmağa başladı.

Bununla belə, hibati bütün otağı qızdırmaq üçün nəzərdə tutulmamışdı. Onun istilik gücü məhdud olduğundan yalnız yaxınlığında oturanlar isinmək imkanı əldə edirdilər. Lakin bu qədim qabın başqa üstünlükləri də vardı. Onun üzərində su qaynatmaq, moçi (yapon düyü kökəsi), tərəvəz və balıq qızartmaq mümkün idi.

Xüsusilə payızın soyuq axşamlarında hibati ətrafında toplaşmaq yapon ailələri üçün xoş bir ənənəyə çevrilmişdi. Bu gün də bəzi yaponlar qədim məişət ənənələrinə bağlılıqlarını qoruyaraq hibatilərdən istifadə edirlər. Hətta onları evlərində dekorativ əşya kimi saxlayanlar da var.

Beləcə, bir vaxtlar gündəlik həyatın ayrılmaz hissəsi olan hibati bu gün də Yaponiyanın ənənəvi məişət mədəniyyətinin, ailə istiliyinin və keçmişə bağlılığın rəmzi olaraq yaşayır.

Ağagül Mürsəlov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi