Elm Tarixi İnstitutuna Almaniyanın Münhen Lüdviq-Maksimilian Universitetindən müraciət daxil olub
Elm Tarixi İnstitutuna Almaniyanın Münhen Lüdviq-Maksimilian Universitetindən müraciət daxil olub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Baş direktoru, tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyli Almaniyanın Münhen Lüdviq-Maksimilian Universitetinin əməkdaşı, elmi işçi Andrey Vinaqradovu qəbul edib.
Akademiklər Nərgiz Axundova və Validə Əlizadənin iştirakı ilə baş tutan görüşdə Almaniyalı qonaq ETİ direktoruna təmsil etdiyi Universitetin rəhbərliyi adından əməkdaşlıq barədə müraciəti təqdim edib. Müraciətdə Almaniya Elm Fondunun dəstəyi ilə Rusiya imperiyasının ekoloji tarixi mövzusunda layihə çərçivəsində Münhen Lüdviq-Maksimilian Universiteti tərəfindən Elm Tarixi İnstitutu ilə birgə Bakı şəhərində müvafiq mövzu üzrə elmi seminarın təşkil edilməsi əks olunub.
Professor Məryəm Seyidbəyli işgüzar təklifə görə Almaniyanın Münhen Lüdviq-Maksimilian Universitetinin rəhbərliyinə təşəkkürünü ifadə edib və belə bir tədbirin keçirilməsinin elmi müəssisələr və eləcə də ölkələrarası elmi əlaqələrin dinamikasına və gələcək inkişafına xüsusi töhfələr verə biləcəyini vurğulayıb.
Daha sonra İnstitut rəhbəri Azərbaycanda elm tarixinin təşəkkülü, AMEA-nın yaranma tarixi, ETİ-nin fəaliyyət istiqamətləri və elmi tədqiqatları barədə qonağa ətraflı məlumat verib.
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
[email protected]