azia.az
azia.az

Elm Tarixi İnstitutu “Elm Günü - beynəlxalq elmi əməkdaşlıq” mövzusunda praktik beynəlxalq elmi seminar keçirib

4-04-2022, 18:39

Elm Tarixi İnstitutu “Elm Günü - beynəlxalq elmi əməkdaşlıq” mövzusunda praktik beynəlxalq elmi seminar keçirib




Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) 01 aprel 2022-ci il tarixində 27 Mart - Elm Gününə həsr olunan, “Elm Günü - beynəlxalq elmi əməkdaşlıq” adlı praktik beynəlxalq elmi seminar keçirib.

Seminar N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin (NNDU) Pavlovsk filialının və K. Minina adına Nijni Novqorod Dövlət Pedaqoji Universitetinin (NDPU) iştirakı ilə baş tutub.

Tədbiri giriş sözü ilə Elm Tarixi İnstitutunun Baş direktoru, tarix üzrə elmlər doktoru, profesor Məryəm Seyidbəyli açıb. İnstitut direktoru seminar iştirakçılarının diqqətinə “AMEA Elm Tarixi İnstitutu: fəaliyyətinin formalaşması, əsas istiqamətləri və nailiyyətləri” mövzusunda məruzəsini təqdim edib.

Məruzədə Azərbaycanda elm tarixinin öyrənilməyə başlanılması və təşkilatlanması və ölkədə elm tarixinin və elmşünaslığın yeganə fundamental araşdırma mərkəzi olan Elm Tarixi İnstitutunun yaranma zərurəti, profili, fəaliyyət istiqamətləri, tədqiqat sahələri, strukturu, eləcə də əsas elmi nəticələri barədə statistik məlumatlar təqdim edilib.

2014-cü ildən təsis edilib 2016-cı ildən əməli fəaliyyətə başlayan ETİ-nin fəaliyyətinin bütün spektrləri üzrə təsəvvür yaradan çıxışda İnstitutun ötən illərdə bir çox yeniliklərə və “ilk”lərə imza atması, spesifik profili, yeni tədqiqat sahələri, fərqli layihə və nəşrləri, intensiv və uğurlu beynəlxalq əlaqələri, respublika və beynəlxalq səviyyəli elmi konfrans və seminarlarından bəhs olunub.

Qeyd olunub ki, bu müddət ərzində Elm Tarixi İnstitutu Rusiya, Çin, Ukrayna, Polşa və İtaliyada fəaliyyət göstərən İnstitutlarla fəal əlaqələr qurmuş, bir neçə xarici elmi qurum ilə əməkdaşlıq barədə razılıq əldə edib, müqavilələr imzalayıb, İnstitut, həmçinin Elm və Texnologiyanın Tarixi və Fəlsəfəsi üzrə Beynəlxalq İttifaqa (IUHPS) assosiativ üzv qəbul edilib.

Bildirilib ki, İnstitutun təşkilatçılığıyla Rusiya, Ukrayna, Çin və digər ölkələrdən 30-dan çox tanınmış alimin qatıldığı, elm tarixi və elmşünaslığa, fənlərarası əlaqələrə həsr olunmuş 2 beynəlxalq elmi konfrans keçirilib. Bundan əlavə, bu illər ərzində 2 beynəlxalq elmi seminar, 6 respublika səviyyəli konfrans, 10 elmi seminar və ümumilikdə müxtəlif mövzulara həsr olunmuş 100-dən çox tədbir həyata keçirilib. İnstitut əməkdaşlarının 2016-cı ildən bu günədək 40-dan çox kitabı, 200-dən çox məqalə və tezisi, o cümlədən indeksləşmiş və referativ bazalara daxil olan beynəlxalq elmi jurnallarda 70-ə yaxın məqaləsi çap edilib. İnstitutun “Elm tarixi və elmşünaslıq” adlı beynəlxalq elmi jurnalı müxtəlif ölkələrdə fəaliyyət göstərən 12 beynəlxalq nəşrdə indeksləşib.

ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Vüsalə Həsənovanın moderatorluğu ilə davam edən elmi seminarda N.İ. Lobaçevski adına NNDU Pavlovsk filialının Dövlət və hüquq nəzəriyyəsi və tarixi, İqtisadiyyat və hüquq kafedralarının professoru, hüquq üzrə elmlər doktoru Nadejda Biyuşkina və NNDU Pavlovsk filialının Konstitusiya və bələdiyyə hüquqü, İqtisadiyyat və hüquq kafedralarının dosenti Fedor Sosenkov “SSRİ-nin yaranmasına doktrinal yanaşmalar”, ETİ Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski “Elm: nailiyyətlər və perspektivlər”, N.İ. Lobaçevski adına NNDU Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi və NNDU Pavlovsk filialının İqtisadiyyat və hüquq kafedralarının professoru Yevgeniya Kalinina “Beynəlxalq elmi əməkdaşlıq: strategiyalar, prioritetlər və çağırışlar”, ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin müdiri, N.İ. Lobaçevski adına NNDU Pavlovsk filialının İqtisadiyyat və hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Vüsalə Həsənova "Ekoloji mədəniyyət və təhsil – inkişaf və hüquqi tənzimləmə", NNDU Pavlovsk filialının İqtisadiyyat və hüquq kafedrasının dosenti Lyudmila Qnetova "1972-ci il RSFSR Əmək Məcəlləsinə və 2002-ci il Əmək Məcəlləsinə uyğun olaraq Rusiyada qadınların iş vaxtının hüquqi tənzimlənməsinin müqayisəli təhlili", ETİ Tərcümə və informasiya şöbəsinin müdiri Aynur Nəzərova “Tərcüməşünaslığın bir elm kimi inkişaf tarixi və bəşəriyyətin həyatında tərcümə”, N.İ. Lobaçevski adına NNDU Pavlovsk filialının İqtisadiyyat və hüquq kafedrasının professoru Sergey Kapterev və N.İ. Lobaçevski adına NNDU Pavlovsk filialının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Nataliya Yagunova “Rusiya Federasiyasının Avropa Şurasından çıxması haqqında beynəlxalq müqavilənin denonsasiya prosesi və nəticələri”, K. Minina adına NDPU-nun Rusiya tarixi və köməkçi tarixi fənlər kafedrasının dosenti Mixail Şlyaxov “Azadlığa gedən yol: P.A. Kropotkinin fəlsəfəsində tarixi prosesin xüsusiyyətləri", ETİ-nin Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin əməkdaşı, elmi işçi Novruz Nuriyev “Mətn tənqidinin klassik üsulları: uyğunsuzluğun təhlili” mövzusunda məruzələr təqdim edərək məsələyə müxtəlif aspektlərdən münasibət bildiriblər.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
[email protected]

Elm Tarixi İnstitutu “Elm Günü - beynəlxalq elmi əməkdaşlıq” mövzusunda praktik beynəlxalq elmi seminar keçirib
Elm Tarixi İnstitutu “Elm Günü - beynəlxalq elmi əməkdaşlıq” mövzusunda praktik beynəlxalq elmi seminar keçirib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi