azia.az
azia.az

ETİ-nin Baş direktoru, professor Məryəm Seyidbəyli Rusiyada keçirilən beynəlxalq elmi konfransda iştirak edib

31-03-2022, 14:56



ETİ-nin Baş direktoru, professor Məryəm Seyidbəyli Rusiyada keçirilən beynəlxalq elmi konfransda iştirak edib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Baş direktoru, tarix üzrə elmləri doktoru, professor Məryəm Seyidbəyli 29 mart 2022-ci il tarixində Rusiya Elmlər Akademiyasının (REA) Elm Tarixi, Fəlsəfəsi və Texnikası üzrə Rusiya Milli Komitəsinin və REA S.İ.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun birgə təşkilatçılığıyla keçirilmiş beynəlxalq konfransda iştirak edib.

REA-nın S.İ.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun yaranmasının 90-cı ildönümünə həsr olunmuş və dünyanın ayrı-ayrı ölkələrindən qatılmış alimlərin iştirakıyla 3 gün ərzində keçirilmiş beynəlxalq tədbirdə elmin müxtəlif bölmələrini əhatə edən məruzələr təqdim olunub.

Konfransın plenar iclasında çıxış edən professor Məryəm Seyidbəyli tədbir iştirakçılarının mühakiməsinə Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərindən biri, XIX əsrdə yaşamış Mirzə Adıgözəl bəyin həyatına, fəaliyyətinə və yaradıcılığına həsr olunmuş “Mirzə Adıgözəl bəy - tarixçi və Rusiya İmperator Ordusunun kapitanı” mövzusunda məruzəsini təqdim edib.

Məruzədə qeyd olunur ki, Mirzə Adıgözəl bəy görkəmli tarixi şəxsiyyətlərdən biri, XIX əsrin birinci yarısında Azərbaycanda baş verən ictimai-siyasi hadisələrdə bilavasitə iştirak edən tarixçi idi. O, 1780-ci illərdə Şuşa qalasında anadan olmuş və ilk təhsilini burada dağ mədrəsəsində (məktəb) almışdır. Onun bioqrafik məlumatlarına görə Ağa Məhəmməd şah Qacarın Şuşaya yürüşləri zamanı Qarabağ bölgəsində yaşayan bir çox ailə kimi onun da ailəsi Gürcüstana köçmək məcburiyyətində qalır və 1800-cü illərin əvvəllərində gürcü çarının rus naziri Pyotr İvanoviç Kovalenskinin yanında xidmətə başlayır. Gürcüstanın Rusiyaya birləşdirilməsindən sonra nazir Kovalenski diplomatik məktubları hazırlamaq üçün XII Georginin katiblərinə etibar etmədən Osmanlı məktublarını oxuya bilən adam axtarır və Adıgözəl bəylə tanışlıqdan sonra gizli yazışma işləri ona həvalə olunur.

Mirzə Adıgözəl bəyin həyatının və çoxtərəfli fəaliyyətinin məlum olan bütün cizgilərinin əks olunduğu məruzədə əsasən onun müəllifi olduğu “Qarabağ-namə” əsərindən geniş bəhs olunub.
Məruzədə qeyd olunur ki, ““Qarabağ-namə” əsərinin Qarabağ tarixinə aid o dövrün digər əsərlərindən fərqli cəhəti onun Azərbaycan dilində yazılması idi. Mirzə Adıgözəl bəyin “Qarabağ-namə” əsəri ön sözdən, on iki fəsildən və Mirzə Adıgözəl bəyin özünün tərcümeyi-halından, 1736-1828-ci illərdə Qarabağda və ona bitişik bölgələrdə baş vermiş tarixi hadisələrdən ibarətdir. Mirzə Adıgözəl bəy 1848-ci il sentyabrın 9-da vəfat etmiş, Goranboydan bir qədər aralıda yerləşən Rəhimli kənd qəbiristanlığında dəfn edilmişdir. Onun “Qarabağ-namə” əsəri bu günə kimi XVIII əsrin ikinci yarısı və XIX əsrin birinci yarısında Qarabağda, o cümlədən Qafqaz bölgəsində baş vermiş tarixi hadisələr barədə qiymətli mənbədir”.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi