Həbsdə vəfat edən sabiq icra başçısının kimlərdən rüşvət tələb etdiyi məlum olub - SİYAHI
Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısının sabiq müavini Ramiz Tatarov istintaq ifadəsində həbsdə vəfat edən RİH-in keçmiş başçısı Nizaməddin Quliyevin kimlərdən rüşvət tələb etdiyini açıqlayıb. O, dindirilən zaman bildirib ki, N.Quliyevin tapşırığı ilə Hüseynov Azər Camələddin oğlunun Ağstafa rayonu üzrə Maliyyə şöbəsinin rəisi vəzifəsinə təyin olunması müqabilində ondan 10 000 manat, İsmayılov Malik Kərim oğlunun Ağstafa RİH-in başçısının Kolxəlfəli kənd inzibati ərazi üzrə nümayəndəsi vəzifəsinə təyin olunması müqabilində 5 000 manat, Hüseynov Taleh Abdulla oğlundan Ağstafa Mənzil-kommunal təsərrüfat birliyinin baş direktoru vəzifəsinə təyin edilməsi müqabilində 15 000 manat, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Abbasov Kamran Yahya oğlunun vəzifəsində saxlanılmasına görə və xidmət üzrə ümumi himayədarlıq müqabilində 20 000 manat, Y.Abbasovdan Ağstafa RİH-in başçısının Ağgöl kənd icra nümayəndəliyində mühasibi işləyən oğlu Kənan Abbaslının vəzifəsində saxlanılmasına görə və xidmət üzrə ümumi himayədarlıq müqabilində 2 000 manat pul istəyib.
R.Tatarov qeyd edib ki, həmin şəxslər tələb olunan rüşvəti ona verməyib: “Daha sonra Nizaməddin Quliyevin tapşırığı əsasında şəxsən Hüseynov Taleh Abdulla oğlunun Ağstafa Mənzil-kommunal təsərrüfat birliyinin baş direktoru vəzifəsində saxlanılmasına görə ondan ümumilikdə 8 280 manat pul aldım. Həmin məbləği isə Nizaməddin Quliyevə təqdim etdim”.
Qeyd edək ki, N.Quliyev və R.Tatarov 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
2021-ci il sentyabrın 7-də N.Quliyev Gəncə şəhər modul tipli xəstəxanasında koronavirusdan vəfat edib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.
Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.
Mənbə:My Webpage