Ağdamdakı məşhur bunkerin SİRRİ: düşmən 72 tonluq kompleksi necə əldə etmişdi? - DETALLAR - FOTO
44 günlük İkinci Qarabağ Müharibəsinin ən çətin məqamlarından biri Ağdam istiqamətində hücum planlarının reallaşdırılması idi. Düşmən 28 ildən bəri işğalda saxladığı həmin ərazidə "keçilməz" adlandırdığı, "Seyran Ohanyan müdafiə xəttinin önəmli hissəsi" kimi təqdim etdiyi mühəndis-istehkam qurğuları inşa etmişdi.
O qurğular arasında isə əvvəl fotoları sosial şəbəkələrdə yayılan, sonra isə ölkə mass-media mənsublarının video və foto reportajlar hazırladıqları, "Ağdam bunkeri" adlanan komanda-qərargah və müşahidə məntəqəsi vardı.
Həmin bunkerin sirri həcmi, məkanı, təyinatı ilə bitmir.
2 il əvvəl, Rusiyanın Sankt-Peterburq şəhərində "Pansir-2PU" hərbi-müdafiə kompleksi oğurlanmışdı. Ağırlığı 72 ton olan bu qurğunun kimlər tərəfindən, necə "yoxa çıxarılması" hələ də müəmmalı sayılsa da, Ağdam rayonundakı Çayıl yüksəkliyində (415 metr) "peyda" olması fakt sayıla bilər.
Ağdamdan 17 km şimalda, Xocavənddən 10 kilometr cənubda yerləşən yüksəklikdə ermənilərin inşa etdikləri komanda-qərargah və müşahidə məntəqəsi ətraf əraziləri operativ nəzarətdə saxlamağa imkan verməklə yanaşı, düşmənə cəbhənin bu istqamətində dərin eşelonlanmış müdafiəsini idarə etməyə imkan verirdi.
Rusiyanın Leninqrad vilayətindən oğurlanmış "Pansir-2PU" fortifikasiya kompleksi şəxsi heyətin raket, artilleriya və iri çaplı pulemyot atəşindən müdafiəsi üçün nəzərdə tutularaq, zenit-raket kompleksinin tərkib hissəsi sayılır.
Sankt-Peterburq şəhər qarnizonunun hərbi məhkəməsinin qərarına görə, "Pansir-2PU"nun oğurlanmasında 31810 saylı hərbi hissənin anbar rəisi suçlu bilinmiş və o, 500 min rubl məbləğində cərimələnmişdi.
Hərbi anbarların mühafizəsi isə paradoksal olsa da, özəl şirkətə tapşırılmışdı.
Apardığımız ilkin araşdırima nəticəsində bəlli oldu ki, Kerro kəndində yerləşən mühəndis-sapyor hissəsinin anbarında olan 72 tonluq "Pansir-2PU"nun oğurlanmasına görə 447120 rubl məbləğində cərimələnmiş anbar rəisi Yuliya Samoxvalova suçlular arasında, sadəcə biridir.
Uzunluğu 43,8 metr, eni 5 metr, hündürlüyü isə 4,3 metr olan bu fortifikasiya kompleksi oğurlanmazdan əvvəl Myaqlovo qəsəbəsindəki anbarda olub.
Anbarın yerləşdiyi ərazi "İndiqo" ASC-yə icarəyə verilmişdi.
2019-cu ilin fevralın 14-də hərbçilər "Pansir-2PU"nun saxlandığı anbarın qapılarının taybatay açıq olduğunu, kompleksin isə yoxa çıxdığını görülər.
Həmin ilin oktyabrın 4-də kompleks bütün hesablardan silinib və 72 ton ağırlığındakı metal tullantısı kimi "təkrar emala verilmiş avadanlıq" qismində sənədləşdirilib.
"Yoxa çıxan", əslində oğurlanaraq satılan "Pansir-2PU" kompleksi Rusiya Müdafiə Nazirliyinin "Şimal-Qərb Ərazi Əmlak Münasibətləri İdarəsi" (FQKU "Severo-Zapadnoe TUİO") adlı strukturunun balansında idi.
Sankt-Peterburq şəhəri, Zveniqorodskaya küçəsi, 5 ünvanda yerləşən həmin qurumun rəisi Yelena Alekseyevna Petroçenko kompleksin harada olmasından, necə yoxa çıxmasından xəbərsiz olduğunu, hüquq-mühafizə orqanlarının bu işi araşdırdığını bəyan edib.
Digər sual doğuran və müəmmalı məqam odur ki, hərbi hissənin anbarından kompleks oğurlanır, amma iş sadəcə, anbar rəisinin cərimələnməsi ilə bitmiş sayılır.
Rusiyanın müvafiq dövlət qurumları, xüsusilə də təhlükəsizlik strukturlarının belə laqeyd davranışı da qəribədir.
Hərbi hissənin anbarından oğurlanmış "Pansir-2PU" kompleksinin sonrakı taleyinə gəldikdə isə, onun Sankt-Peterburqdakı Erməni Milli-Mədəni Muxtariyyətinin tərkibindəki "Nor Serund" qrupu və 3 erməni iş adamının birgə səyləri nəticəsində tərkib hissələrə sökülərək Ermənistana göndərildiyi, oradan da Azərbaycanın həmin dönəmdə erməni işğalındakı Ağdam rayonuna daşındığı vurğulanır.
Ağdamdakı məşhur "bunker"in əsasını da "Pansir-2PU" fortifikasiya kompleksi təşkil edir.
Sözügedən kompleks onillər boyu Rusiyadan Ermənistana gizli və əksər hallarda qanunsuz yollarla daşınmış silah, sursat, hərbi texnika və vasitələrdən sadəcə, biridir.