azia.az
azia.az

Türkiyə yük maşınları sürücüləri Azərbaycandan niyə narazıdır? - 500 dollar rüsum...

27-11-2021, 14:12

Türkiyə ilə Azərbaycan uzun illərdir ki, bir-birini ən yaxın müttəfiq, "iki dövlət tək millət" adlandırır. Onlar son illərdə iqtisadi, siyasi, hərbi sahədə yüksək əməkdaşlıq qurublar. Buna baxmayaraq, hələ də ticarət sahəsində Türkiyəli iş adamlarının Azərbaycandan umduqları güzəştlər var. Türkiyədə mənzillənən sürücü birlikləri və ayr-ayrı sürücülər Azərbaycandan tranzit keçdikləri zaman 500 ABŞ dollarına (850 manat) kimi bir məbləğdə əlavə pul ödədiklərini deyirlər.
Türkiyə yük maşınları sürücüləri Azərbaycandan niyə narazıdır? - 500 dollar rüsum...
Türkiyəli yük maşını (TIR) sürücüləri BBC News Azərbaycancaya deyiblər ki, uzun müddətdir ki, Azərbaycandan keçərkən böyük məbləğdə rüsum ödəməyə məcbur edilirlər.
Təqribən 15 ilə yaxındır Azərbaycandan tranzit olaraq keçən Ali Usta deyir ki, yük daşımaya görə ödənişlərdə Azərbaycanda "haqsızlıqlarla" üzləşib.

"Biz Azərbaycan sərhəddindən daxil olarkən böyük pullar ödəyirik, Gürcüstan, Rusiya, Ukrayna TIR-ları isə yox", - Ali Usta deyib.

Azərbaycan Gömrük Komitəsindən bildirilib ki, yük nəqliyyat vasitələri sərhədi keçdikdə onlardan alınan gömrük ödənişləri yerli və beynəlxalq qanunvericiliklə tənzimlənir.

Qurum bildirib ki, quru ilə yükdaşımalara Vergi Məcəlləsi, "Dövlət rüsumu haqqında" Qanunu, "Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında" Avropa Sazişi (ADR)tətbiq edilir.

"MDB ölkələri və İrana Azərbaycanın tətbiq etdiyi rüsum daha aşağıdır - təxminən, 75-100 dollar arasındadır. Ancaq Türkiyə yük maşını Azərbaycana və daha sonra İrana və ya Rusiyaya keçirsə, o zaman ödəniş 100+500 dollar məbləğindədir və bu da qanunvericilklə tənzimlənir", iqtisadiyyat eksperti Nazim Bəydəmirli deyib.

Sürücülər Azərbaycanda onlardan alınan ödənişləri belə sıralayıblar:

Yol vergisi 80 dollar (yük 38 tona kimi olduqda)
Yük 38 tondan bir kiloqram artıq olsa belə əlavə 75 dollar
Şəhər daxili gömrüyə yönləndirmə 25 dollar
Tərəzi, terminal, parklama 25 dollar
Tez alışan maddə daşıyırsansa üç kateqoriya üzrə az təhlükəli, təhlükəli və çox təhlükəli 80-320 dollar
Bakıya girmə xərci 25 dollar

Cərimələr

Sürücülər deyir ki, tez alışan maddələrlə bağlı beynəlxalq konvensiya (Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında Avropa Sazişi - ADR konvensiyası) tələb edir ki, sürücü və onun maşınında lazimi sənədlər olduqda onlar tez alışan maddələri daşıya bilərlər və buna görə heç bir məbləğ ödəməməlidirlər.

Amma "Azərbaycan gömrüyündə sənədə, sertifikata baxmadan pul alıb keçmələrinə icazə verirlər".

Yükündə tez alışan maddələr olan sürücü hər hansı bir səbəbdən Azərbaycanda 14 gündən artıq qaldıqda, sərhəddən çıxarkən buna görə 1000 ABŞ dolları cərimələnir.

"Almaniyadan aldığım tez alışan malı Azərbaycana qədər gətirdiyim ölkələrdə heç nə ödəmədən gəlirəm, sadəcə sənədlərə baxırlar. Azərbaycana daxil olarkən isə, ancaq pul alırlar- 320 dollar ver keç. 15 ilə yaxındır bu istiqamət üzrə işləyirəm və Azərbaycanda həmişə bu pulu ödəmişəm", - Ali Usta deyib.

Türkiyə tərəfindən danışan yük daşıma şirkətlərini və sürücüləri birləşdirən təşkilatların nümayəndələri iddia edir ki, Azərbaycan sadalanan ödənişləri, ancaq Türkiyə nömrə nişanlı yük maşınlarından alır.

"Azərbaycanda bizdən tez alışan maddələr sırasına daxil olmayan yüklərə görə də yanan məhsul kimi bu pulu alırlar. Çox tragi-komik haldır ki, kərpicdən, salfetkadan, plastik pəncərələrdən, yuyucu tozdan tez alışan məhsul kimi bu pul alınıb", - İğdırda yerləşən yerli şirkətlərdən birinin sürücüsü Bayram Çetin deyib. O şirkətinin adının təhlükəsizlik səbəbindən bu yazıda çəkilməsini istəməyib.

Gömrük Komitəsindən deyiblər ki, yüklərin təhlükəlilik dərəcəsi sərhəd-keçid məntəqəsinə təqdim edilən malın istehsalçısı tərəfindən verilmiş təhlükəsizlik pasportunda olan məlumata görə müəyyənləşdirilir və malların təhlükəsizlik dərəcəsi müəyyən edilmədikdə ondan yol vergisi alınmır.

"Ümid Milli Məclisədir"

Türkiyədə nəqliyyat işində çalışanlar beş aydan çoxdur ki, bu məsələdə Azərbaycan Milli Məclisinin bu ödənişləri aradan qaldıran qanun qəbul etməsini gözləyir.

Hazırda Azərbaycan Milli Məclisində Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə edilir. Amma dəyişiklərin nədən ibarət olması, Türkiyə sürücülərinin sadaladıqları məsələlərin orada əks olunub-olunmaması barədə məlumat yoxdur.

Türkiyədən adının açıqlanmasını istəməyən bir rəsmi deyib ki, "TIR-lar" problemi hələ də qalır, amma bu mövzunun mətbuata çıxarılıb müzakirə olunması ilə Azərbaycan tərəfini "qıcıqlandırmaq" istəmirlər.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən də söz verilib ki, parlament səviyyəsində bu məsələ öz həllini tapacaq.

"Gömrük işinin təşkili hər bir ölkənin milli qanunvericiliyi əsasında tənzimlənir və iki qardaş ölkənin iqtisadi-ticari münasibətlərinin daha da inkişaf etdiriməsi ilə bağlı hökumətlər və aidiyyəti qurumlar səviyyəsində daima mütəmadi müzakirələr aparılır", - Azərbaycan Gömrük Komitəsindən deyiblər.

Türkiyədən olan sürücülər deyir ki, Azərbaycan tərəfi onlara bütün ödənişlərə görə qəbz verib.

"2016-cı ilə kimi qeyri-rəsmi ödənişlər də olurdu, məsələn 400 dollar pul ödəyərdik - bunun yarısı qeyri rəsmi ödənişlər olurdu, amma 2016-cı ildən bəri ödənişlər rəsmidir", - Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin üzvü olan şirkətlərdən birinin sürücüsü biri deyir.

Gömrük Komitəsi sələndirilən iddialara barədə deyib ki, "xarici dövlətlərə məxsus yük maşınlarına görə nəzərdə tutulan gömrük ödənişlərini qarşı tərəf deyil, dolayısilə sifarişçilər həyata keçirir".

Xəzərdə yükdaşımada problemlər

Türkiyəli sürücülər Azərbaycan vasitəsiylə Ələt limanından Xəzərlə yük daşıyanda da çətinliklə üzləşdiyini deyir.

"Ro-Ro tipli gəmi bərələr ehtiyacı ödəyəcək səviyyədə deyil, az TIR daşıya bilir. Xəzərdə 80-100 TIR-ı birdəfəyə daşıyacaq gəmilər yoxdur. Liman xərcləri və daşıma xərcləri də çox bahadır", Orta Asiyaya yük daşıyan sürücü Ali Usta deyr və əlavə edir ki, yükdaşımaya görə Xəzərdə məsafə az olmasına baxmayaraq, qiymətlər bahadır.

"Müqayisə etsək, Türkiyədən İtlaiya sahilinə aparan gəmi 1600 avro alır, ondan yeddi dəfə az məsafə üçün Ələtdən Aktau, Türkmənbaşı limanına 2000 dollara aparırlar",- Ali Usta deyib.

Sürücülər deyr ki, Zəngəzur dəhlizi işə düşsə, onların işləri yolua düşər, amma hələ ki, mövcud problemlər o qədərdir ki, gələcək barədə çox da ümidli deyillər.

"Zəngəzur dəhlizi olsa, Gürcüstanda üzləşdiyimiz problemlərdən xilas olarıq, məsafə azalar, xərclərimiz azalar böyük üstünlüklər əldə edərik", - türkiyəli sürücü deyib.

Qərbdən Şərqə marşrutlar

Mütəxəsislər hesab edirlər ki, Türkiyədən keçməklə Avropadan Orta Asiyaya quru yolu ilə yük daşımalarında TIR-lar daha çox üç istiqamət üzrə hərəkət edir:

1. Türkiyə-İran-Türkmənistan və digər ölkələr
2. Türkiyə-Gürcüstan-Azərbaycan-Xəzər vasitəsiylə digər ölkələr
3. Türkiyə-Gürcüstan-Rusiya və Orta Asiya ölkələri

Hələ ki, pandemiya səbəbindən Türkmənistanın İranla sərhədi bağlıdır. Buna görə Türkiyə TIR-ları Gürcüstan-Rusiya Orta Asiya və Gürcüstan-Azərbaycan Xəzər vasitəsiylə Orta Asiya marşrutunu seçirlər.

Türkiyə Beynəlxalq Nəqliyyat Assosiasiyasından deyiblər ki, ən sərfəli yol İrandan keçən olsa da, hazırda o istiqamət bağlıdır, Azərbaycandan keçərkən isə yük daşıyanların çox xərcləri çıxır.
"Minlərlə kilometr artıq məsafə gedərək Gürcüstan-Rusiya marşurutunu seçirik çünki, Azərbaycanda bizdən alınan 2500 dollara kimi pul cibimizdə qalır. Rusiyadan gedəndə xərcimiz ancaq yanacağa çıxır", - sürücülər deyib.

Azərbaycan yüksək tranzit rüsumunu yalnız Türkiyəyə deyil, digər Avropa ölkələrinə də tətbiq edir, mütəxəssislərin fikrincə, bu rüsumun məbləğinin aşağı salınması yerli yükdaşıma sürücülərinin "bazarına ciddi zərbə" vura bilər.

Azərbaycan Gömrük Komitəsi deyib ki, əgər yüklərin daşınması haqda ölkələr arasında ikitərəfli sazişlər olarsa yol vergisi və dövlət rüsumu həmin sazişin şərtlərinə görə tətbiq edilir.

"Türkiyə və Azərbaycan arasında ikitərəfli sazişlərdə yol vergisindən azadolmalar nəzərdə tutulmayıb", - Dövlət Gömrük Komitəsindən bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi