azia.az
azia.az

Yenə də yüzlərlə TIR sərhəddə yığılıb...

29-06-2021, 19:28



Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Nəqliyyatçılar Dərnəyi (UND) Türkiyədən Orta Asiyaya ixrac malları daşıyan TIR-lara keçid icazəsi vermədiyi üçün Qazaxıstana etiraz edib. Dərnəyin yaydığı bəyanata əsasən UND-in idarə heyətinin üzvləri Fatih Şener və Fırat Başbilen Qazaxıstanın Ankaradakı səfirliyi qarşısına üzərində “Türk-Qazax qardaşlığı adına üzgünük” sözləri yazılmış qara çələng buraxaraq etirazlarını bildiriblər.

Yenə də yüzlərlə TIR sərhəddə yığılıb...

Bəyanatda deyilir ki, koronavirus pandemiyasına görə Türkmənistan öz sərhədlərini beynəlxalq yükdaşımalara bağladığı üçün Türkiyədən Orta Asiyaya yüklərin daşınması üçün yeganə variant Qazaxıstandır. Lakin Qazaxıstan Türkiyə TIR-larına yükdaşıma sənədinin verilməsindən imtina edir və nəticədə yüzlərlə TIR iki həftədən çoxdur Türkiyə ilə Gürcüstan arasındakı Sarp Sərhəd Keçid Məntəqəsində yığılıb.

UND İdarə Heyətinin üzvü Fatih Şener deyib ki, Qazaxıstan Türkiyə TIR-larına keçid sənədi vermək üçün yüklərin Azərbaycan üzərindən daşınması şərtini irəli sürür.

“Qazaxıstan Türkiyə TIR-larına verdiyi daşıma sənədlərinə Rusiya üzərindən quru yolu ilə deyil, Azərbaycan üzərindən Ro-Ro (gəmi bərə) ilə keçid şərti qoyur, bu isə 3.500 dollar daha bahalıdır. Artan logistik xərclərinə görə, Türkiyə mallarının ixracat şansı azalmaqdadır. Ölkəmizin ixracatı Xəzərdə boğulmaqdadır”,-o bildirib.



Fatih Şener hesab edir ki, Qazaxıstan tərəfi bu şərti “bəzi mənfəət qruplarının maraqlarını təmin etmək üçün” irəli sürür. Nəticədə təkcə Türkiyə ixracatçılarına deyil, Qazaxıstan idxalçılarına da zərər vurur. UND bildirir ki, tarixi İpək Yolu və Orta Dəhlizin Qazaxıstan tərəfinin mövcud əngəlləri səbəbi ilə zərər görür, türk və qazax xalqları arasında kökü Altay Dağlarına uzanan qardaşlıq əlaqələrinə xələl gətirir.

Qeyd edək ki, Türkiyə yükdaşıyanları birinci dəfə deyil Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizində xərclərin çoxluğundan narazılıq edir. Və alternativ marşrutlardan istifadə etməyə çalışır. Alternativ marşrut isə Rusiya ərazisindən keçən quru yoludur, orada isə Sarp sərhəd keçid məntəqəsinin buraxılış imkanlarının məhduluğu TIR-ların uzun növbələrinin yaranmasına səbəb olur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi