azia.az
azia.az

"Zəfər tarixinin qəhrəmanları" kitabı MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fonduna daxil olub

23-11-2021, 22:53

MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub
"Zəfər tarixinin qəhrəmanları"  kitabı MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fonduna daxil olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olmaqda davam edir.
Daxil olan nəşrlər sırasında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin layihə rəhbərliyi və “Ön söz”ü ilə 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək” kitabı öz əhəmiyyəti ilə seçilir. Kitabda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə xalqa müraciətləri, müsahibələri, tarixi qələbə münasibətilə hərbi paradda söylədiyi nitqi, ölkə rəhbərinə ünvanlanmış teleqramlar, Prezidentə müraciətlər, fərman və sərəncamlar, yerli və xarici media nümayəndələri üçün mətbuat konfransının materialları, Şuşa Bəyannaməsi və bu münasibətlə Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün birgə bəyanatlarla çıxışları öz əksini tapıb.

“Aydın Fikir” qəzetinin baş redaktoru Subut Mehdiyevin müəllifi olduğu Laçın rayonunun Minkənd kəndinin toponimi, Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş qəhrəmanlar, eləcə də rayonda yerləşən və erməni vandalizminə məruz qalan tarixi, dini abidələr, ziyarətgahlar haqqında məlumatların geniş şəkildə əks olunduğu "Zəfər tarixinin qəhrəmanları" adlı kitab da daxil olan nəşrlər sırasındadır.

Fonda daxil olan növbəti nəşr, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasovun müəllifi olduğu “Qarabağın qara bağı” adlı kitabıdır. Kitabda, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Qələbə nəticəsində Azərbaycan xalqının milli qürurunun özünə qayıdışından, cəmiyyətimizdə Qarabağın qara bağının kəsilib atıldığı sevincinin yaşanmasından, həmçinin işğaldan azad edilmiş torpaqların tezliklə cənnətə çevriləcəyindən bəhs edilir.
Nəşrlər sırasında Şərur rayon Aralıq kənd orta məktəbinin 8-ci sinif şagirdi Sabrina Gültəkinin müəllifi olduğu “Şəhid Vüsalın dastanı” adlı kitab da yer alıb. Kitab, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun mayoru Vüsal Vəliyevin əziz xatirəsinə həsr olunub.
Məlumat üçün qeyd edək ki, MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunda şəhid olan Vətən oğullarının doğum günlərində sərgilər də keçirilir. Həmin sərgilərdə qəhrəman şəhidlərimiz haqqında ətraflı məlumatlar, sənədlər, fotoşəkillər, şəhidlər haqqında yazılmış və onların özlərinin yazdıqları kitablar nümayiş etdirilir.


AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi