Deputat: “Başa düşə bilmirəm ki, büdcəni elə əlillərin hesabına doldurmaq lazımdır?!”
"Saxta əlilliklərlə yanaşı həqiqi əlilliklərin də ləğv edilərək sosial yardımların kəsilməsi çox həssas məsələdir, ciddi yanaşma tələb edir. Başa düşə bilmirəm ki, büdcəni elə əlillərin hesabına doldurmaq lazımdır?! Bu siyasəti anlaya bilmirəm. Həmin sosial ödənişlər xalqın bir çox nümayəndəsinin dolanışıq yeri idi".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Parlament üzvü bildirib ki, hazırda saxta əlilliyi ləğv edilənlərlə yanaşı həqiqi əlilliyi ləğv edilən kifayət qədər vətəndaş var: "Mütəxəssislər deyirlər ki, məsələnin həlli üçün xüsusi komissiyalar yaradılıb, onlar əlilliklərin yenidən yoxlanılması, şikayətlərə baxılması işinə nəzarət edirlər, amma nədənsə gecikmələr baş verir, narazılıqlar artır. Amma faktiki olaraq, həqiqi əlilliyi ləğv edilən vətəndaşlar mövcuddur. Belə vətəndaşlardan mənim qəbulumda olanlar da olub. Baxırsan ki, bədəni bütünlüklə bıçaq izidir, amma əlilliyi ləğv edilib. Belə davranmaq olmaz. Bir çox ailə başçıları həmin sosial ödənişlərlə ailə saxlayırlar. Məsələni yüksək səviyyələrdə düşünmək və ortaya həssas yanaşma qoymaq lazımdır. Görürəm ki, büdcəni elə əlillərin hesabına artırırlar. Xalqın nəyi var axı?! Qafqaz iqtisadiyyatının 4/3 hissəsini təmin edən bir dövlətin nümayəndələri bu cür yaşamalı deyil. Biz qalib xalqıq və bu məsələlərdə mütləq həssas olmalıyıq. Lakin saxta şəkildə, rüşvət yolu ilə əlillik alan vətəndaşların sosial ödənişlərinin kəsilməsinin tərəfdarıyam".