azia.az
azia.az

Uşaqlara qarşı təcavüz törədənlər necə cəzalandırılsın - rəylər

2-11-2021, 08:52

Uşaqlara qarşı təcavüz törədənlər necə cəzalandırılsın - rəylər
İmişlidə 11 yaşlı qızın atalığı tərəfindən dəfələrlə təcavüzə məruz qalaraq uşaq dünyaya gətirməsi bütün ölkəni silkələdi. Xəbər ictimaiyyətdə böyük qəzəb doğurdu. Əksəriyyət bu cür iyrənc olayı törədən şəxslərə ölüm hökmü tətbiq edilməsi haqda fikirlər səsləndirdi.

Ümumiyyətlə, hər dəfə uşaqlarla bağlı cinsi zorakılıq cinayətləri baş verdikdə ölüm hökmünün bərpası haqda müzakirələr qızışır. Lakin o da məlumdur ki, ölüm hökmü olan ölkələrdə də oxşar cinayətlər baş verir. Bəs ölüm hökmünü Allahdan başqa qanunlar da verməlidirmi?

Öncə xatırladaq ki, Azərbaycanda ölüm hökmü 1998-ci il, fevralın 10-da ləğv olunub. 21 fevral 1998-ci ildə “Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi və İslah-Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi” haqqında Azərbaycan Respublikasının qanunu qüvvəyə minib. Azərbaycan Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzlədi.

Ölüm cəzası ləğv olunan zaman Azərbaycanda ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 128 məhkum olub. Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib. Sabiq müdafiə naziri Rəhim Qazıyev, baş naziri Surət Hüseynov, sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölməsinin komandiri Elçin Əmiraslanov, özünü qondarma “Talış-Muğan Respublikası”nın rəhbəri elan etmiş Ələkrəm Hümmətov barəsində məhkəmənin qərarı ilə ölüm hökmü çıxarılsa da, sonradan onların cəzaları dəyişdirilib.

Azərbaycanda ölüm hökmü Bayıl həbsxanasında, indi “ölüm kamerası” adlanan otaqda yerinə yetirilib. Cəza yalnız bir üsulla - güllələnmə ilə icra olunub. Vaxtilə həbsxanada çalışmış insanların sözlərinə görə, ölüm cəzası almış məhkumlar “ölüm kamerası”na gözübağlı gətirilirmiş. Burada məhkumun əziyyətsiz ölməsi üçün ürəyinə bir atəş açılırmış.

O adamlardan polisə şikayətə edin, cərimələtdirin... - Fərhad Mehdiyev

Fərhad Mehdiyev: “Modernizmdə ölüm cəzası yoxdur”

Beləliklə, Azərbaycan Avropa Şurasına daxil olmamışdan öncə ölüm hökmünü ləğv edib və üzərinə bunu bərpa etməyəcəyi ilə bağlı öhdəlik götürüb. Buna görə də istər uşaqlara qarşı cinsi zorakılıq törətmiş, istərsə də ən qəddar kütləvi qətl törətmiş canilərə qarşı ölüm hökmü tətbiq edilə bilməz. Lakin ekspertlər qeyd edir ki, bəzi ölkələrdə bu cür cinayət törədən pedofillərə və manyaklara qarşı (xüsusən də azyaşlı uşaqlara qarşı törədildikdə) seksual imkanlardan məhrum etmə (axtalama) cəzası tətbiq olunur. Bu təcrübəni Azərbaycanda da etməyi təklif edənlər var...

Dünyada hansı ölkələrdə ölüm hökmü hələ də qüvvədədir?

Hazırda dünyada İran, Səudiyyə Ərəbistanı, İraq və Pakistan ölüm hökmü cəzasının verilməsində, icrasında liderliklərini qoruyur. Çin ölüm hökmünü gizlədən ölkələr içərisində liderdir.

Avropa və MDB ölkələri arasında yeganə ölkə Belarusdur ki, orada ölüm hökmü hələ də qalır. Qvineya və Monqolustanda ölüm hökmü ləğv edildikdən sonra dünya üzrə 142 ölkədə bu cəza növündən istifadə edilmir.

ABŞ-ın bəzi ştatlarında da ölüm hökmü çıxarılır.

Azərbaycana gəldikdə isə bir sıra ekspertlər bu cür cəza növünün yenidən ölkəmizdə də tətbiq edilməsi fikirlərinə qarşı olduqlarını bildirdilər.

Hüquqşünas Fərhad Mehdiyev bu haqda “Yeni Müsavat”a dedi: “Öncə qeyd edim ki, ölüm cəzası olduğu dövrlərdə belə ölkəmizdə azyaşlı uşaqların təcavüzü ilə bağlı ölüm cəzası tətbiq olunmurdu. Yalnız zərərçəkmiş şəxs dünyasını dəyişirdisə, o zaman ölüm hökmü verilə bilirdi.

Lakin ümumiyyətlə, mən şəxsən ölüm hökmü cəzasına qarşıyam. Müasir dövrdə ölüm cəzası getdikcə aradan qaldırılmağa başlanılır. Araşdırmalar da onu göstərir ki, bu kimi cinayətlər ölüm cəzası tətbiq olunan ölkələrdə də baş verir. Doğrudur, bəzi insanlar veriləcək cəzaya görə cinayətdən yayınır. Lakin elə insanlar da var ki, cəza onlara heç də təsir göstərmir və yaxud hisslərinə hakim ola bilməyərək bu cür cinayətlər törədirlər.

Burada bir şey vacibdir - bəzi şəraitlərdə qurban kateqoriyasına girə biləcək şəxsləri riskə məruz qoymaq olmaz. İlk bunu tətbiq etmək lazımdır. Yəni əgər istismar imkanı varsa, bu şəraiti aradan qaldırmaq lazımdır. Məsələn, ABŞ-da 14 yaşına qədər olan uşaqlar valideynlər və yaxud nəzarətçi tərəfindən hansı ki, bu, müəllim də ola bilər, nəzarətsiz qoyulursa, bu, artıq cinayət tərkibi yaradır.

Ölüm cəzasına gəldikdə isə xatırladım ki, bu cəzanın tətbiq edildiyi ölkələrdə təkcə təcavüz cinayəti ilə bağlı deyil, həmçinin siyasi mövqeyinə görə, vətənə xəyanətdə günahlandırılan şəxslər də edam olunur. Bu da bir çox suallar yaradan məsələdir.

Hazırda ABŞ-ın bir çox ştatlarında ölüm cəzası ləğv edilib, yalnız bir qismində qalır. Çünki sonradan məlum olur ki, bəzən məhkəmə səhvi ucbatından günahsız olan insanlar edam olunub.

Beləliklə, modernizmdə ölüm cəzası yoxdur".

Azərbaycanda insanlar biznes qurmağa qorxurlar” - Novella Cəfəroğlu Yeni Sabah

Novella Cəfəroğlu: “Uşaqlara təcavüz edənlər ömürlük həbsə məhkum olunsunlar, bu, onlar üçün ən ağır cəza olar”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da ölüm cəzasının yenidən bərpa edilməsinə qarşı olduğunu dedi:

“İmişlidə baş verən hadisə mənə çox pis təsir edib. Bu, Azərbaycana məxsus olmayan çox iyrənc bir hadisədir. Hesab edirəm ki, bu cür cinayətləri törədən şəxslər üçün ölüm cəzası bir qədər yüngül olar. Belə ki, onlara edam tətbiq ediləcək, öləcək, vəssalam. Fikrimcə, həmin şəxslərə ömürlük həbs cəzası verilməlidir ki, ömürlərinin sonuna qədər əzab çəksinlər. Bu, onlar üçün ölümdən də betərdir. Yəqin ki, bilirsiniz ki, həmin şəxsləri həbsxanada hansı həyat gözləyir. Qoy həmin şəxslər hər gün törətdiyi hadisənin əzabını yaşasınlar, bu, onlar üçün ən ağır cəza olar”.

Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova da qeyd etdi ki, hüquq müdafiəçisi kimi ölüm hökmünün bərpasının tərəfdarı deyil:

“Təəssüflər olsun ki, 14 və 16 yaşına çatmayan şəxslərlə cinsi əlaqəyə girmə və yaxud seksual xarakterli hərəkətlərin edilməsi Cinayət Məcəlləsində yalnız 151, 152.1, 152.2 maddəsi ilə tənzimlənir. Bu zaman isə cinayətkara 3 ildən 6 ilə qədər həbs cəzası verilir ki, bu da kifayət qədər azdır.

Bəzi ölkələrin cinayət məcəlləsində pedofilliklə bağlı ayrıca pedofiliya maddəsi var ki, bu da təəssüf ki bizim qanunda yoxdur. Ümumiyyətlə, çox istərdik ki, yaxın qohumlar tərəfindən törədilən bu cür cinayətlər daha ağırlaşdırıcı bir məzmun alsın. Çünki burada inamdan sui-istifadədən də söhbət gedir.

Bildiyiniz kimi, ölkəmizdə ölüm hökmünün bərpası mümkün deyil. Avropa Şurasına qəbul olunduqda bununla bağlı öhdəlik götürmüşük.

Əslində ölüm hökmünün bərpası bir çox sui-istifadə hallarına gətirib çıxara bilər. Bir hüquq müdafiəçisi kimi ölüm hökmünün bərpasının tərəfdarı deyiləm, xüsusilə ədalət məhkəməsi olmayan bir cəmiyyətdə. Bildiyiniz kimi, hətta ədalət məhkəməsinin olduğu ABŞ-da bəzən yanlış məhkəmə qərarı ilə günahsız yerə insanlar edam olunur. Doğrudur, sonradan həmin şəxsin ailəsinə kompensasiya ödənilir, amma axı şəxsin özü artıq ölmüş olur.

Beləliklə, ölüm hökmünün bərpasını deyil, sadəcə, bu cür cinayətlərlə bağlı cəzanın daha da ağırlaşdırılmasının və ayrıca pedofilliklə bağlı maddənin Cinayət Məcəlləsinə salınmasının tərəfdarıyam".

Günel Səfərova: Heç vaxt hakimiyyətin və müxalifətin adamı olmamışam – Yenicag.Az

Günel Səfərova: “Ölüm hökmünün bərpası bir çox sui-istifadə hallarına gətirib çıxara bilər”

Günel Səfərova qeyd edib ki, azyaşlı uzaqlara qarşı təcavüz hadisələrinin qarşısını almaq üçün müəyyən tədbirlər gücləndirilməlidir:

“Məsələn, ailələrə sosial işçilərin, psixoloqların getməsini təmin etmək lazımdır. Məsələn, sonuncu hadisədə uşağın 11 yaşı var və niyə o, məktəbdə olmayıb? Necə olur ki, uşağın vəziyyəti 9 ay ərzində heç kəs tərəfindən aşkar edilməyib? Estoniyada uşağın zorakılığa məruz qalmasını hiss edən və bu barədə hüquq-mühafizə orqanlarına xəbər verməyən müəllimlər də cəzalandırılır. Bizim qanunvericilikdə isə bu yoxdur.

Ümumiyyətlə, bizdə zorakılıq və zorakılıqdan sonrakı tədbirlər, müdafiə mexanizmi çox zəif işləyir.

Hər zaman təklif edirik ki, yerli qurumların, bələdiyyələrin tərkibində yalnız risk qrupuna daxil olan deyil, ümumiyyətlə, ərazidə yaşayan uşaqlarla bağlı müdafiə mexanizmi qurulsun. Hansı ki, bu elə də bahalı, çətin bir sistem deyil".

Şuşa İslam dünyasının paytaxtı elan olunsun” təklifi dəstəklənir, ancaq...

Emil Rahiloğlu: “Dində azyaşlı uşağa təcavüzün hökmü edamdır”

İlahiyyatçı Emil Rahiloğlu isə qeyd etdi ki, azyaşlı uşağa təcavüzün hökmü dində edamdır:

“Əlbəttə ki, cinayət isbat edildikdən sonra. Sonuncu hadisədə uşaq atalığın qızı və məhrəmi hesab edilir. İslam dininin məhkəmə sistemində bəzi cinayətlərə edam hökmü verilir. Bu da olduqca yerində olan hökmdür. Çünki bəzi cinayətkarlar ictimaiyyətə yararsız hesab edildiyi və ilahi hüdudları aşdığı üçün ilahi hökmlər əsasında edam edilir”.

Xalidə GƏRAY,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi