Erməniyə ərzaq, benzin, məktəb, azərbaycanlıya şallaq! – Güney ayağa qalxsa...
Ötən il sentyabrın 28-də Güney Azərbaycanın qədim şəhəri Ərdəbildə ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusuna dəstək mitinqi keçirmiş 12 soydaşımız barəsində İran məhkəməsi allahsız qərar çıxarıb. Güneyli fəallar o vaxt Tehran rejiminin daim cani-dildən müdafiə elədiyi erməni işğalının bitməsini, İranın Ermənistana köməyə son qoymasını tələb eləmişdilər. Yəni sırf haqqın müdafiəsi üçün aksiya keçirmişdilər.
Amma baxın, onlara cəfəng iddia - “ictimai asayişi kobud şəkildə pozmaq” ittihamı əsasında İran “şəriət” məhkəməsi 7 ay 16 gün həbs və 74 şallaq cəzası kəsib.
Şəkk-şübhəsiz, cəza haqda qərarın məhz indi – iki ölkə arasında gərginliyin yaşandığı, İranda ölkəmizə qarşı böhtan kampaniyasının davam elədiyi dönəmdə elan edilməsi də təsadüfi deyil. Qərar Güneydə milli-azadlıq hərəkatı ilə bağlı soydaşlarımızın “gözünün odunu” almaq, qorxutmaq, onları sındırmaq cəhdi ilə yanaşı, Azərbaycan dövlətinə və ümumən 50 milyonluq Azərbaycan xalqına növbəti təhdid xarakteri daşıyır. Tehran rejimi bu yolla sözsüz ki, həmçinin Güneydə milli oyanışın qarşısını alacağını zənn edir.
Amma əbəs yerə. “Haqq nazilər, amma üzülməz” deyib müdrik atalarımız...
Artıq indi heç kimə sirr deyil ki, 44 günlük müharibə zamanı da Tehran rejimi nəinki Ermənistana maddi və silah yardımı göstərməyə davam edib, üstəlik, onun hərbi kontingenti ərazi bütövlüyümüzə məhəl qoymadan Zəngilan tərəfdən qanunsuz şəkildə ərazimizə girərək, ordumuzun önünü müvəqqəti kəsib, bununla da erməni işğalçı qüvvələrinə manevr üçün qiymətli vaxt qazandırıb.
Sonra da bizə islam həmrəyliyi haqda nağıllar danışırlar. Hansı nağıllara ki, çoxdan nəinki heç bir azərbaycanlı, bütövlükdə islam ümməti inanmır. Özlərini yormasınlar.
Ermənilərə hər cür gizli-açıq köməkliklərə gəlincə, belə xəbərlərlə bizi təccübləndimək çoxdan qəliz məsələdir. Zira, illərdir dost cildinə girmiş düşmənlərimizi də yaxşı tanıyırıq...
İran-fars rejimi beləcə, Azərbaycan müsəlman xalqına qarşı erməni işğalı başlayandan bu yana separatçı-işğalçılara ərzaq, benzin ötürdüyü, 5-6 erməni üçün İranda həvəslə məktəb açdığı, yəni erməni identikliyinin keşiyində durduğu halda, köklü azərbaycanlı əhaliyə ana dilində elementar təhsil almaq haqqı belə tanımır, əksinə, onu assimilyasiya eləməyə çalışır və öz xalqının haqlı müdafiəsinə qalxan qəhrəman azərbaycanlılarımıza üstəgəl, şallaq zərbələri vurdurur.
Bu zərbələrin cavabsız qalmayacağını qoy unutmasınlar. İran adlı küncə sıxışmış dövlət onu da unutmasın ki, orada 40 milyonluq köklü Azərbaycan xalqı yaşayır. Öz dədə-baba yurdunda. Məsləhətdir ki, fars rejimi bu xalqdan həya eləsin. Həya edə bilmirsə, qorxsun. Çünki bu, həm də 40 milyonluq bir ordu deməkdir. İran içində 40 milyonluq ordu!
Birdən Güney ayağa qalxsa, yatmış Şir oyansa, halınız necə olar, bilirsizmi?
Biz bilirik...
Zahid SƏFƏROĞLU