Paytaxtın ən böyük yollarından biri təmir olundu - FOTO
Sabunçu rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu doqquz km təşkil edən qəsəbədaxili küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri aparılır.
Agentlikdən verilən məlumata görə, rayonun Bakıxanov qəsəbəsində 3.1 km uzunluğa malik Bəşir Bünyadov küçəsində aparılan təmir-tikinti işləri yekunlaşıb.
Paytaxtın ən böyük yollarından biri olan və Bakıxanov qəsəbəsini “Koroğlu” yol qovşağı ilə birləşdirən küçə, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə çıxışı da təmin edir.
Eni ortalama 14 metr olan küçə ilə paytaxtın mərkəzi istiqamətindən Bakıxanov qəsəbəsinə doğru avtomobillərin sərbəst və təhlükəsiz hərəkətinə imkan yaranır.
Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib.
Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.
Sonuncu mərhələdə küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq küçə yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Sabunçu rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 200 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.